Məhkəmə qərarları › İş №e-2(060)-1724/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1724/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1724/2024 24.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti Cavabdeh qarşı “borcun tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Hoffmann” markalı soyuducu almış və nəticədə 1212 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 1101,6 manat olan “Hoffmann” markalı soyuducu üçün ümumilikdə 1212 manat olmaqla, ondan 1101,6 manat ödənilməmiş hissə, 110,4 manat dəbbə borcu yaranmışdır. Göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Hoffmann” markalı soyuducu üçün 1101,6 manat ödənilməmiş hissə, 110,4 manat dəbbə borcu, ümumilikdə 1212 manat borc, 32,12 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci və 284-5.3-cü maddələrinə əsasən, hazırki mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, bu barədə Cavabdeh bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş olunmuşdur.

4. 19 fevral 2024-cü il tarixdə Cavabdeh ərizə təqdim edərək, işin iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, bu artıq “Kontakt Home”nin ona qarşı olan ikinci haqsız iddiasıdır. O, məsuliyyətindən yayınmır. Belə ki, soyuducunun evə gətirilməsinin 2-ci günü işləməmişdir. O, dərhal əlaqə saxlayaraq mağazaya yaxınlaşmışdır. Hər gün işə gedən və işdən qayıdan zaman “Kontakt Home”yə müraciət edərək, soyuducu ilə maraqlanmalarını bildirmişdir. Hətta əməkdaşlardan biri onunla kobud şəkildə rəftar etmişdir. Soyuducunu 2022-ci ilin iyul ayında almışdır. O, soyuducunu işləmədiyi üçün dəyişmələrini bildirməsinə baxmayaraq, onlar bu təklifi də qəbul etmədilər. Usta göndərdilər. Usta soyuducunun istehsal qüsuru ilə əlaqədar işləmədiyini bildirmişdir. Həmçinin usta bildirmişdir ki, soyuducu onun hesabına təmir ediləcək və ödənişi o həyata keçirəcək. Lakin soyuducunun işləməsinə zəmanət vermir. O, soyuducunu bir neçə ay istifadə etmiş olsa idi, bu olanları qəbul edərdi. Lakin, soyuducu sadəcə bir gün işləmişdir. Məhsulu 14 gün keçmədən qaytarmışdır. Digər ödənişlər üçün mağazaya yaxınlaşan zaman əməkdaşlar soyuducunun kreditini ödəməli olduğunu qeyd etmişlər. Soyuducunu dəyişdirəcəkləri təqdirdə ödəniş edəcəyini desə də, mütləq həmin işləməyən soyuducunu götürməli olduğunu bildirirmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03741730 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC “Hoffmann” markalı soyuducunu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 1101,6 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 61,2 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 12 yanvar 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1101,6 manat ödənilməmiş hissə, 110,4 manat dəbbə pulu olmaqla, ümumilikdə 1212 manat ödənilməmiş borcu vardır.

11. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Eyni Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

16. İşdən göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir.

17. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: -lazımi keyfiyyətli mala dəyişdirməyi; -satış qiymətini uyğun məbləğdə azaltmağı; -malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; -malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; -müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

19. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

20. Eyni Qanunun 7.3-cü maddəsinə əsasən istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.

21. Həmin Qanunun 7.6-cı maddəsinə əsasən istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır.İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir.

22. Göstərilən Qanunun 7.7-ci maddəsinə əsasən istehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir.

23. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh “Hoffmann” markalı soyuducunu almış, həmin soyuducu cavabdehə təhvil verildikdən sonra onda müəyyən qüsurlar yaranmış, cavabdeh 14 gün ərzində yaranmış qüsur ilə əlaqədar iddiaçıya məlumat vermiş və həmin soyuducunun yenisi ilə əvəz edilməsini tələb etmiş, iddiaçı cavabdehin tələbindən imtina etdiyi üçün, cavabdeh əşyanı iddiaçıya geri qaytarmışdır. Belə olan halda iddiaçı məhsulda nasazlıq olub-olmadığını qısa müddət ərzində müəyyən etməklə cavabdehə bu barədə məlumat verməli olduğu halda, məhsulu özündə saxlamış və müqavilə üzrə ödəniş müddəti başa çatdıqdan sonra (xx.xx.2024) məhkəməyə müraciət etmişdir. İş materiallarında da iddiaçı tərəfindən məhsulun götürülməsi yaxud dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət edilməsi ilə bağlı hər hansı sübut mövcud deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də qeyd edilən halı təkzib etməmişdir.

24. Məhkəmə hesab edir ki, qeyd edilən hal cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, məhsulun iddiaçıya təhvil verilməsindən keçən uzun müddət həmin məhsulun normal aşınma nəticəsində keyfiyyətinin pisləşməsinə və cavabdehin məhsuldan istifadəyə marağının azalmasına səbəb ola bilərdi.

25. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olmadığı üçün təmin edilə bilməz.

27. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar