Məhkəmə qərarları › İş №e-2(060)-175/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-175/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-175/2024 27.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı ABC-Telecom” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı MMC-nə qarşı istehlakçının hüquqlarının pozulması, lazımi keyfiyyətli olmayan mal üçün ödənilən vəsaitin qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********85063 Samsung Galaxy Z Flip 3 markalı telefon üçün 1908 manat ödənilməmiş hissə, 190 manat cərimə, ümumilikdə 2098 manat borc və 40,98 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********85063 Samsung Galaxy Z Flip 3 markalı telefon üçün ödənilmiş 954 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manatın "xxxx" MMC-dən alınaraq Cavabdeh ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən. İmei kodu **********85063 Samsung Galaxy Z Flip 3 markalı telefon almış və nəticədə 2098 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2862 manat (yəni 18 ay x 159 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********85063 Samsung Galaxy Z Flip 3 markalı telefon üçün ümumilikdə, 2098 manat olmaqla ondan 1908 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 190 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 954 manat təşkil edir. Qarşılıqlı iddia tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 02 aprel 2022-ci il tarixli, 02011322 saylı müqavilə əsasında iddiaçı Suqmayıt şəhərində yerləşən “Kontakt Home” mağazasından ümumi dəyəri 2862 manat olan “Samsung Galaxy Z Flip 3” markalı mobil telefonu almışdır.Həmin model telefonun ödənişini ayda 159 manat olmaqla 2022-ci ilin may ayından başlayaraq 2023-cü ilin oktyabr ayı da daxil olmaqla həyata keçirməli olduğu halda, artıq aprel ayında iddiaçı aldığı malın ilk ödənişini etmişdir. Lakin telefonu aldığı vaxtdan heç bir ay keçməmişdir ki, telefonun ekranı-müntəzəm olaraq “titrəməyə” başlamışdır. Bununla bağlı iddiaçı telefonu aldığı mağazaya yaxınlaşmış, mağazanın inzibatçısına işlək vəziyyətdə olan, ancaq ekranı “titrəyən” telefonumu göstərmiş, sonuncu da telefonu nəzərdən keçirdikdən sonra iddiaçıya aidiyyəti üzrə müvafiq servis xidmətinə müraciət etməyi tövsiyə etmişdir. O da həmin tövsiyə əsasında müvafiq servis xidmətinə yaxınlaşmış, telefonumda yaranmış problemi onlara bildirmiş, servis xidmətinin əməkdaşları da telefonu iddiaçıdan götürərək 14 gün ərzində müraciətin cavablandırılacağını bildirmişlər. İddiaçı bildirir ki, o, telefonu servis xidmətinə ekranında olan “titrəmə” istisna olmaqla, tam işlək vəziyyətdə hər hansı zahiri zədə və qüsuru olmadan vermişdir. 14 gün ərzində ona cavab verilmədiyindən, 18-ci gün iddiaçı özü servis xidmətinə təkrarən yaxınlaşıb telefonla maraqlandıqda, ona relefonu geri qaytararaq bildirilmişdir ki, guya telefonu iddiaçı əlindən aşağı saldığı üçün telefonun ekranında zədə əmələ gəlmişdir və həmin nasazlığın aradan qaldırılması iddiaçının hesabına həyata keçirilməlidir ki, bunun üçün də 930 manat pul ödənilməlidir. Bunun təsdiqi olaraq da özlərinin tərtib etdikləri ekspert rəyinə istinad olunmuşdur. Həmçinin telefon iddiaçıya geri qaytarılarkən işlək əziyyətdə servisə verdiyi telefonun ekranı qaralmış, telefon işləməmiş və telefonun ekranında cızıqlar əmələ gəlmişdir. Halbuki, iddiaçı telefonu servis xidmətinə təhvil verərkən telefon işlək vəziyyətdə olmaqla, ekranında əmələ gəlmiş “titrəmə” istisna olmaqla,hər hansı zədə və nasazlığı olmamışdır. İddiaçı həmin rəyin ona də təqdim edilməli olduğunu bildirdikdə, növbəti gün yaxınlaşıb götürə biləcəyi bildirilmişdir. Növbəti gün o həmin rəyi götürərərək rəylə razı olmadığını bildirsə də bunun nəticəsi olmamışdır. Yaranmış problemin həlli məqsəd ilə o cavabdehin mərkəzi ofisində də olmuş, iddiaçıya satılmış telefonun nasaz çıxdığını bildirmiş və məsələnin həll edilməsini xahiş etsə də, iddiaçının müraciətlərinə məhəl qoyan olmamışdır. Nəticədə cavabdehin iddiaçıya bilərəkdən əvvəlcədən qüsurlu telefon satması nəticəsində o maddi ziyana uğramışdır. Üstəlik, telefon işləmədiyi halda, həmin qüsurlu mala görə o ayda 159 manat cavabdehə ödəməlidir. Hansı ki, bunun üç ayını da iddiaçı artıq ödəmişdir. Göründüyü kimi, o cavabdeh tərəfindən faktiki olaraq dolandırılıb aldadılaraq maddi zərərə uğramışdır. Aralarında bağlanmış müqavilə cavabdehin təqsiri ucbatından pozulmuşdur. Cavabdehin aldığı malın keyfiyyəti ilə bağlı verdiyi bir illik zəmanətin də hər hansı əhəmiyyətinin və hüquqi qüvvəsinin olmadığı və yalnız görünüş xatirinə bağlanıldığı anlaşılmışdır. Nəticədə, cavabdehin qanunsuz hərəkətləri iddiaçını maddi ziyana uğratmış, mənəvi iztirablar vermiş, sarsıntılar keçirməyinə səbəb olmuşdur. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsini, bu hərəkətlər nəticəsində ona vurduğu maddi və mənəvi ziyana görə məsuliyyətə cəlb olunmasını tələb etməyi lazım bilir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşalıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini qəbul etməyib qarşılıqlı iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin rədd edilməsini qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 2862 manat (yəni 18 ay x 159 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********85063 Samsung Galaxy Z Flip 3 markalı telefon almışdır. - "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 2862 manat olan, 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 159 manat olmaqla İmei kodu **********85063 Samsung Galaxy Z Flip 3 markalı telefon almışdır. İddiaçı 2862 manat olan ümumi dəyərindən 954 manat ödəniş etmişdir. Bununla da 1908 manat borcu yaranmışdır. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - “Baku Service Company” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli texniki rəyə əsasən, telefona mexaniki təsir nəticəsində ekranın sıradan çıxdığı müəyyən edilmişdir. - xx.xx.2022 tarixli 348001 saylı zəmanət talonundan görünür ki, əmtəə görünüşü hissədində “Ekran zavod üzlüyü var, kamera korpusunda karkasda cızıqlar, ləkələr, simslotta konnektorlarda sürtünmə” yazıları qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsasən aldığı məhsullun 2862 manat olan ümumi dəyərindən cəmi 954 manat ödəniş etmiş və nəticədə 1908 manat əsas borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 571.1-ci maddəsinə əsasən Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Məhkəmə ilkin iddia tələbi üzrə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqısatqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh məhsulların 2862 manat olan ümumi dəyərindən 954 manat ödəniş etmiş və nəticədə 1908 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə hesab edir ki, zəmanət talonu və texniki rəydən də göründüyü kimi İmei kodu **********85063 Samsung Galaxy Z Flıp 3 markalı telefon alıcı Cavabdeh istifadəsində olan zaman mexaniki təsir nəticəsində sıradan çıxmışdır. Bu səbəbdən qarşılıqlı iddia tələbi telefon üçün ödənilmiş 954 manatın geri qaytarılması hissəsində rədd edilməlidir. Qarşılıqlı iddia qeyd edilən hissədə rədd edildiyindən, mənəvi zərərin tutulması tələbidə təmin edilə bilməz. İlkin iddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 190 manat dəbbə pulunun tutulması tələb olunur.Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən müqavilə üzrə 92 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 2000 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 0,98 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********85063 Samsung Galaxy Z Flıp 3 markalı telefon 1908 manat əsas borc, 92 manat cərimə borcu , ümumilikdə 2000 manat borc və 40 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, dövlət rüsumu kimi ödənilmiş 0,98 manat iddiaçı "xxxx" MMC-nin özünə aid edilməli, Cavabdeh İddiaçı MMC-nə qarşı istehlakçının hüquqlarının pozulması, lazımi keyfiyyətli olmayan mal üçün ödənilən vəsaitin qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********85063 Samsung Galaxy Z Flıp 3 markalı telefon 1908 manat əsas borc, 92 manat cərimə borcu, ümumilikdə 2000 manat borc və 40 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş 0,98 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********85063 Samsung Galaxy Z Flip 3 markalı telefon üçün ödənilmiş 954 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manatın "xxxx" MMC-dən alınaraq Cavabdeh ödənilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar