Məhkəmə qərarları › İş №e-2(060)-1809/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1809/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1809/2023 15.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, S-187 saylı alqı-satqı müqaviləsi üzrə 1589 manat əsas borcun və ödənilmiş 36 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X2 ilə (VÖEN **********) “SİNTRA” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq cavabdeh – X1 arasında xx.xx.2019-cu il tarixli, S-187 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq “Sintra” firmasının istehsalı olan 1699 manat məbləğində olan “SİNTRA” su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, S-187 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh tərəf X1 “SİNTRA” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən göstərilən qaydada 24 ay müddətinə olmaqla hər ayın 22-dən gec olmayaraq, hər ay 68 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Fiziki şəxs (VÖEN**********) əsasında fəaliyyət göstərən X2 ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli, N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizədən və ona əlavə olumuş sənədlərdən görünür ki, tələbin güzəşti barədə bildirişin borcluya göndərilməsi barədə sənəd ərizəyə əlavə olunmamışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə əsasən X2 tələbetmə hüquqlarını iddiaçıya güzəşt etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Bu Məcəllənin 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Mülki iş materiallarından görünür ki, ərizəyə 36 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə AR MPM-nin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 284-4.1.3-cü maddəsini tətbiq edərək hesab edir ki, işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddiaçının ərizəsinin qəbulundan imtina edilməli, həmin iddiaya görə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 284-4.1-ci və 284-4.2 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilsin. xx.xx.2022-ci il tarixdə ********* №-li qəbzlə ödənilmiş 36 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar