Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-183/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2023-ci il tarixli, İF/06065 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 23451,66 manat borcun, dövlət rüsumu olaraq ödədikləri 160,35 manat məbləğin tutulması və lizinq obyekti olan “BMW 750” minik markalı, 77AK356 dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması barədə iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə qət edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2023-ci il tarixli, İF/06065 saylı, 36 ay müddətli daxili maliyyə lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “BMW 750” minik markalı, 77AK356 dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Artıq dörd aydır ki, cavabdeh tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdeh müqavilə müddəti ərzində 8976,40 manat ödəniş etmişdir və onun xx.xx.2024-cü il tarixinə olan əsas borcu 20454,24 manat, faiz borcu 2806,87 manat, cərimə borcu isə 190,55 manat olmaqla, cəmi 23451,66 manat təşkil edir. İddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək borcun hesablanmasına dair ekspert rəyinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə qədər olan əsas borcu 20881,97 manat, mükafat borcu isə 4320,77 manatdır. İddia tələbləri ekspert rəyində qeyd olunan əsas və mükafat borc həddində artırmışlar. Belə ki, əsas borc 20881,97 manat, mükafat borcu isə 4320,77 manat və cərimə borcu 190,55 manat olmaqla, cəmi 25393,29 manatdır. Cavabdehin xx.xx.2024-cü il tarixində 500 manat ödədiyini nəzərə alaraq əsas borc 20381,97 manat, mükafat borcu isə 4320,77 manat və cərimə borcu 190,55 manat, cəmi 24893,29 manat, dövlət rüsumu olaraq ödədikləri 166,80 manat məbləğin ödənilməsi və lizinq obyekti olan “BMW 750” minik markalı, 77AK356 dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması barədə iddiaçı "xxxx" MMC-nin xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək maşını Sadıq adlı bir adama satdığını və Sadıqı onlara təqdim edərək ödənişləri onun edəcəyini bildirdiyini dedi. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, İF/06065 nömrəli lizinq obyekinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh sifariş verdiyi 2009-cu il buraxılışlı, “BMW 750” minik markalı, WBAKB81081CY50907 ban nömrəli, qara metalik rəngli, 33000 manat məbləğində avtomobili "xxxx" MMC lizinq verənə satır və alıcı-lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana vermək üçün əldə etmiş və razılaşdırılmış məbləği satıcıya ödəmişdir. - xx.xx.2023-cü il tarixli, İF/06065 nömrəli daxili maliyyə lizinq müqaviləsindən görünür ki, Cavabdeh sifarişi ilə 2009-cu il buraxılışlı, “BMW 750” minik markalı, WBAKB81081CY50907 ban nömrəli, qara metalik rəngli, 33000 manat məbləğində avtomobil "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Nəqliyyat vasitəsi 36 ay müddətində lizinqə verilmişdir. - xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 23500 manat lizinq məbləği olan avtomobil üçün 1525,01 mükafat məbləği hesablanmaqla, 36 ay müddətə hər ay sabit məbləğ olmaqla 1076,39 manat, ümumilikdə isə 38750,01 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsinə 2 saylı əlavənin təhvil-təslim aktından görünür ki, xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsində göstərilən lizinq obyekti satıcı tərəfindən lizinq alana təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20454,24 manat əsas borc, 2806,87 manat faiz borcu, 190,55 manat cərimə borcu, ümumilikdə 23451,66 manat borcu yaranmışdır. - məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/8382 saylı rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" MMC-yə sualda qeyd edilən xx.xx.2024-cü il tarixə 20881,97 manat əsas borc, 4320,77 manat mükafat borcu müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər, bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə “Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 4511,32 manat olduğundan, lakin tələbin təmin edilən digər hissəsi qiymətləndirilməyən tələb olduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş 66,8 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsi üzrə 4320,77 manat mükafat borcu, 190,55 manat cərimə borcu, 65,11 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı və “BMW 750” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saz vəziyyətdə "xxxx" MMC-yə qaytarılmalıdır, qalan hissədə iddia rədd edilməlidir. Mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspertizanın dəyəri 150 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən 150 manat xərc Cavabdehdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsi üzrə 4320,77 manat mükafat borcu, 190,55 manat cərimə borcu olmaqla cəmi 4511,32 manat borc və 100 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-nin xeyrinə tutulsun və “BMW 750” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saz vəziyyətdə Cavabdeh tərəfindən "xxxx" MMC-yə qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 66,8 manatı iddiaçının özünə aid edilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdehdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, AZ34CTRE********************; X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-183/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-183/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver