Məhkəmə qərarları › İş №e-2(060)-1853/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1853/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1853/2024 02.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 03664217 saylı müqavilənin ləğv edilməsi, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61749 olan Samsung Galaxy S23 Ultra markalı telefon və Samsung 25W Charger adapter üçün ödənilməmiş 4753.08 manat borc və 712.92 manat cərimə olmaqla, cəmi 5466 manat borc və ödənilmiş 74.66 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan əşyalar almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 4753.08 manat borc yaranmışdır. Cavabdeh ödəniş etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61749 olan Samsung Galaxy S23 Ultra markalı telefon və Samsung 25W Charger adapter almışdır. - Əşyanın təhvil-təslim aktından görünür ki, müqavilədə nəzərdə tutulan əşyalar cavabdehə təhvil verilmişdir. - Maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 4753.08 manat dəyərində İMEİ kodu **********61749 olan Samsung Galaxy S23 Ultra markalı telefon və Samsung 25W Charger adapter almışdır. - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə borcun 3 iş günü müddətində qaytarılması, əks təqdirdə bütün borc məbləğinin qaytarılması üçün məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı müqavilədə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 4753.08 manat borcu qalmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddsəinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarilə nisyə alqısatqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. Ona görə də iddia ödənilməmiş borcun tələb olunması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən 100 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə, iddianın tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03664217 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, iddiaçı borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi alq-satqı müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Odur ki, iddia alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 68.53 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İMEİ kodu **********61749 olan Samsung Galaxy S23 Ultra markalı telefon və Samsung 25W Charger adapter üçün ödənilməmiş 4753.08 manat borc və 100 manat cərimə olmaqla, cəmi 4853.08 manat borc və ödənilmiş 68.53 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar