Məhkəmə qərarları › İş №e-2(060)-1933/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1933/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1933/2024 06.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun geriyə tələb edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1080 (min səksən) manat məbləğində sığorta ödənişinin və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun, cəmi 1112 (min yüz səksən on iki) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (bundan sonra ASC) tərəfindən xx.xx.2023-cü il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh1 məxsus olan, Cavabdeh3 sahibliyi və istifadəsinə verilmiş Cavabdeh2 tərəfindən idarə edilən “Volkswagen Passat” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində saat 14:15 radələrində Sumqayıt şəh., Sülh prospekti və Bakı küçəsinin kəsişməsində "xxxx" markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinərək, AR İXM-in 332.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Sığorta hadisəsi nəticəsində"xxxx" markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ASC tərəfindən 1080 (min səksən) manat məbləğində qiymətləndirilmiş və dəymiş zərərin aradan qaldırılması üçün həmin məbləğdə sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən müəyyən olunur ki, “Volkswagen Passat” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Volkswagen Passat” markalı ** EO *** dövlət qeydiyyat nişanlı və "xxxx" markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinərək, AR İXM-in 332.1 və 327.2cimaddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş etibarnamənin surətindən müəyyən olunur ki, hadisə baş verən anda “Volkswagen Passat” markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsus olmuş və Cavabdeh3 sahibliyi və istifadəsinə verilmişdir. "xxxx" ASC-nin zərərin hesablanması aktından müəyyən olunur ki, "xxxx" markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1080 (min səksən) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1080 (min səksən) manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2023-cü il tarixli, BS-C-24/2764 saylı və xx.xx.2024-cü il tarixli, BS-S- 24/0115 saylı geriyə tələb (subroqasiya) məktublarından və həmin məktubların cavabdehlərə çatdırılmasını təsdiq edən xəbərnamələrdən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1080 (min səksən) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək gələcək iclaslarda işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 oğlu iddia tələbini qəbul edilərək göstərdi ki, onun övladı ikinci qrup əlildir. O autizim xəstəsidir. Onun müalicəsi ilə əlaqədar olaraq o, maşın almışdır. İşiqfor işləmədiyinə görə qarşı tərəf onun maşınını vurmuşdur. Lakin həmin şəxsin sığortası olmadığına görə o, hadisəni öz üzərinə götürmüşdür. Qarşı tərəf qazı idi. Yaşlı insan olduğuna görə onun həmin şəxsə yazığı gəlmişdir. Sığorta tərəfindən ödəniləcək pulun sonradan ondan tutulacağı barədə məlumatı olmamışdır. O, avtomobili etibarnaməsiz idarə etmişdir. O, borcunu ödəməkdən boyun qaçırmır. Borcunu ödəməyə razıdır. Lakin övladı xəstə olduğuna görə onun yüksək məbləğ ödəməyə gücü çatmır. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 iddia tələbini qəbul edərək bildirdi ki, Nəcəf onun qardaşıdır. Qardaşının dedikləri ilə razıdır. Qəza baş verən zaman onların heç bir günahı olmamışdır. Həmin ərazidə işiqfor işləmədiyinə görə digər maşın onların maşınını vurmuşdur. Həmin şəxsin sığortası olmadığına görə qardaşından öz üstünə götürməsini xahiş etmişdir. Yaşlı və imkansız olduğuna görə qardaşının həmin şəxsə yazığı gəlmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşə əlavə edilmiş “Zərərin hesablanması akt”ının surətindən görünür ki, “Mercedes Benz C220” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri ümumilikdə 1080 manat təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən edilir ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “İcbari Sığorta Müqaviləsi”nə dair məlumatdan görünür ki, X1 “Volksvagen Passat” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icbari sığorta etdirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin X3 surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 1080 manat sığorta ödənişini həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Hazırda iddiaçı cavabdehlərin törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində "xxxx" ASC tərəfindən vurulmuş ziyanın əvəzi kimi ödənilmiş 1080 manat məbləğində sığorta ödənişinin əvəzinin ona ödənilməsini subroqasiya qaydasında cavabdehlərdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Göstərilənləri və qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərərin əvəzi cavabdehlərdən birgə qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini və cavabdehlərin iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 936, 1097, 1108-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1080 (min səksən) manat məbləğində sığorta ödənişinin və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun, cəmi 1112 (min yüz on iki) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar