Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2007/2023 31.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, “Citroen C-Elysee minik” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci ilədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2021-ci il tarixində Bakı şəhəri ərazisində Cavabdeh tərəfindən idarə olunan “Citroen C-Elysee minik” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil və X2 tərəfindən idarə olunan “MercedesBenz Vito115 CDİ minik” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, İXP3997420 nömrəli protokola və həmin protokol əsasında DYPİ tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP4409888 nömrəli qərara əsasən, “Citroen C-Elysee minik” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1-ci və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli akta əsasən, “Mercedes-Benz Vito115 CDİ minik” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 200 manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar iş üzrə sığorta ödənişi ilə bağlı 8823 nömrəli akt tərtib edilməklə sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən 200 manat məbləğində sığorta ödənişi faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Şirkət tərəfindən xx.xx.2021-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilsə də, bugünədək Şirkətə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. Göstərilənlərə əsasən Cavabdeh 200 manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0,40 manat xidmət haqqının, ümumilikdə 230,40 manat vəsaitin tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki- Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “Citroen C-Elysee minik” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli “dəymiş zərərin hesablanmasına dair aktdan” görünür ki, “MercedesBenz Vito115 CDİ minik” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat məbləğində ziyan dəymişdir. İşin materiallarında olan 13722 saylı, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X1 hesabına 200 manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Citroen C-Elysee minik” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq “MercedesBenz Vito115 CDİ minik” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilin sahibinə maddi ziyan vurulmuşdur, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı avtomobilə görə ödədiyi 200 manat məbləğində pulu cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh sahibliyində və istifadəsində olduğundan, həmçinin, onun Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 200 (iki yüz) manat və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 200 (iki yüz) manat və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2007/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2007/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver