Məhkəmə qərarları › İş №e-2(060)-2056/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2056/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2056/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə 16 may 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 300 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 330 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “İVECO OTOYOL” markalı, 90–EG–313 dövlət nömrə nişanlı avtobus 21.11.2018-ci ildən 21.11.2019-cu ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 21.11.2018-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il oktyabrın 26-da Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “İveco Otoyol” markalı, 90–EG– 313 dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolunda, Həsənov Azər Həsən oğlunun idarə etdiyi “Mercedes Benz C230” markalı, 90–GC–940 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Binəqədi DYPŞ tərəfindən 26.10.2019-cu il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Binəqədi DYPŞ-in TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 01.11.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ C230” markalı, 90–GC–940 dövlət nömrə nişanlı avtomobilə 300 manat məbləğində zərər dəymişdir. İddiaçı 08.11.2019-cu il tarixində həmin məbləği zərəçəkmiş şəxs Həsənov Azər Həsən oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Hesab edirlər ki, “İVECO OTOYOL” markalı, 90–EG–313 dövlət nömrə nişanlı avtobusunun mülkiyyətçisi Cavabdeh1 olduğundan və Cavabdeh2 “İVECO OTOYOL” markalı, 90–EG–313 dövlət nömrə nişanlı avtobusu etibarnaməsiz idarə etməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh1, həm də Cavabdeh2 qarşı yaranır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq 2018-ci ildə özünə məxsus “İveco Otoyol” markalı, 90–EG–313 dövlət nömrə nişanlı avtomaşını Cavabdeh2 satdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SS780725950AZ və SS780825946 saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamələrə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və əsasən) iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “İveco Otoyol” markalı, 90–EG–313 dövlət nömrə nişanlı avtobus 21.11.2018-ci ildən 21.11.2019cu ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin PXA 53975 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 21.11.2018-ci ildən 21.11.2019-cu ilədək sığortalanmış “İveco Otoyol” markalı, 90–EG–313 dövlət nömrə nişanlı avtobus 26.10.2019-cu ildə saat 08.45də “Mercedes Benz C230” markalı, 90–GC–940 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 01.11.2019-cu il tarixli qüsur aktına uyğun olaraq vurulmuş zərər 300 manat qiymətləndirilmişdir. İş materialında olan inzibati xəta haqqında AP ******* nömrəli protokoldan görünür ki, 26.10.2019-cu ildə saat 08.45-də 90–EG–313 dövlət nömrə nişanlı avtobus “Mercedes Benz C230” markalı, 90–GC–940 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan inzibati xəta haqqında TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İşdə olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 01.11.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2 idarə etdiyi “İveco Otoyol” markalı, 90–EG–313 dövlət nömrə nişanlı avtobus ilə yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. İşdə olan 01.11.2019-cu il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz C230” markalı, 90–GC–940 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin həcmi ümumilikdə 300 manat məbləğində müəyyən edilmişdir. İşdə olan dövr üçün hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən PXA53975 saylı sığorta aktına əsasən 300 manat məbləğində pul Həsənov Azər Həsən oğlunun hesabına köçürülmüşdür. İşdə olan 07.11.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişini almaq üçün ********** və **********233985 nömrəli kartlar və Şen zərflər Həsənov Azər Həsən oğluna təhvil verilmişdir. İşdə olan AD seriyalı 204179 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Vaqon tipli, 2000-ci il buraxılışlı “İveco Otoyol” markalı, 90–EG–313 dövlət nömrə nişanlı avtobus 27.06.2018-cı il tarixdən Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan ƏN-V 052247 nömrəli etibarnamədən görünür ki, “İveco Otoyol” markalı, 90–EG–313 dövlət nömrə nişanlı avtobusun 27.10.2019-cu il tarixdən 1 il müddətinə 27.10.2020-ci il tarixindədək idarə edilməsi Cavabdeh1 tərəfindən Cavabdeh2 etibar edilmişdir. İşdə olan 05-01-34 nömrəli 21.01.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, ödənilmiş sığorta ödənişinin sığorta şirkətinə geri qaytarılması cavabdehə təklif edilmiş, əks halda, bununla əlaqədar sığorta şirkətinin məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2019-cu il oktyabrın 26-da Cavabdeh2 idarə etdiyi “İveco Otoyol” markalı, 90–EG– 313 dövlət nömrə nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolunda, Həsənov Azər Həsən oğlunun idarə etdiyi “Mercedes Benz C230” markalı, 90–GC–940 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində “Mercedes Benz C230” markalı, 90–GC–940 dövlət nömrə nişanlı avtomobilə 300 manat məbləğində zərər dəymiş, həmin məbləğ iddiaçı tərəfindən zərəçəkmiş şəxs Həsənov Azər Həsən oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödənmişdir. Hazırda iddiaçı “Mercedes Benz C230” markalı, 90–GC–940 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ödənilmiş 300 manat sığorta ödənişinin Cavabdeh1 olduğundan və Cavabdeh2 müştərək tutulması barədə iddia qaldırmışdır. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2). Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir (936.3). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi “İveco Otoyol” markalı, 90– EG–313 dövlət nömrə nişanlı avtobusla yol-nəqliyyat hadisəsi Cavabdeh2 tərəfindən 26.10.2019-cu il tarixdə törədilmiş, hadisə törədilən vaxt sürücünün həmin avtomobili idarə etmək səlahiyyəti olmamış, avtomobili idarə etmək üçün etibarnamə ona 27.10.2019-cu il tarixdə verilmişdir. Beləliklə yol-nəqliyyat hadisəsi Cavabdeh2 tərəfindən törədildiyindən və həmin hadisədə onun təqsirli olması öz təsdiqini tapdığından iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməli, Cavabdeh1 münasibətdə isə iddia təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırki iş üzrə yol-nəqliyyat hadisəsi törətmiş avtomobilin idarə edilməsi riskini Cavabdeh2 daşımışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 avtomobili idarə etməsində avtomobilin mülkiyyətçisi Cavabdeh1 hər hansı təqsiri olması iş materialları ilə müəyyən edilmir. Nəticədə hadisəni Cavabdeh2 törətmiş, avtomobil hadisə zamanı faktiki olaraq Cavabdeh2 istifadəsində olmuşdur. İnzibati xəta haqqında protokol da Cavabdeh2 barəsində tərtib edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, vurulmuş zərərdə təqsiri olmayan Cavabdeh1 üzərinə zərərin əvəzini ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə məhkəmə hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkəti ödədiyi 300 manat sığorta ödənişini Cavabdeh2 tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi cavabdehlərdən birinə qarşı tam həcmdə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da həmin cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı “Xalq Sığorta" ASC-nin xeyrinə 300 (üç yüz) manat sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar