Məhkəmə qərarları › İş №e-2(060)-206/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-206/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-206/2023 06.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1, cavabdehin nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə, Cavabdeh MMC-nin İddiaçı qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 500 000 manat pul vəsaitinin və 790 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0004İBM saylı müqaviləyə əsasən layihə işlərinin əvəzi olaraq 500 000 manatı cavabdeh iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən ödəniləcək məbləğin 30%-i nağd, 70%-i isə barter formasında verilməli idi. Belə ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı mənzillərin altı satqı müqavilələri bağlanılmışdır. Qeyd edilən müqavilələrin ilkin 0004İBM saylı müqaviləyə istinadən bağlanması qeyd olunmuş və mənzillərə görə ödənilməli 445 460 manat məbləğində pulun barter olaraq ödənilməsi müqavilələrdə qeyd edilmişdir. Yəni ki, iddiaçının xx.xx.2016-cı il tarixli 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı mənzillərin altı satqı müqavilələri üzrə borcu yoxdur. Lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir, nə ödənilən məbləği nə də mənzilləri iddiçıya verməkdən boyun qaçırır. Bina tikilməyib. Cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı mənzillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində altı satqı müqavilələrinə istinad edilsə də, belə bir müqavilələrin mövcudluğundan cavabdeh müəssisənin hazırkı rəhbərinin məlumatı olmamışdır. Çünki o, həmin şirkəti alarkən bu barədə ona heç bir məlumat verilməmiş və MMC-dəki payların satış müqaviləsində də şirkətin hər hansı öhdəliyinin olması barədə heç bir qeyd yoxdur. Lakin iş üzrə məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsinin həqiqətən də belə bir müqavilələrin mövcud olmasını və növbəti məhkəmə iclasında onların əsllərinin təqdim ediləcəyini bildirməsi, sözügedən müqavilələrin əsaslı-əsassız, etibarlı-etibarsız olmasının mübahisələndirməyi zəruri etdi. İddia ərizəsinə əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli mənzillərin altı-satqı müqavilələrinin heç biri notariat qaydasında təsdiqlənməmiş və real olmayan uydurma əqdlərdir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, guya cavabdehib inşa edəcəyi binaların memarlıq eskiz və layihə işlərini həyata keçirmişdir. Halbuki cavabdehə məxsus belə bir memarlıq eskiz və layihə işləri həyata keçirilməmiş və şirkət tərəfindən də heç bir bina inşa edilməmişdir. İddiaçı da binaların memarlıq eskiz və layihə işlərinin həyata keçirilib cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, iddiada göstərilən evlər həmin memarlıq eskiz və layihə işləri həyata keçirilməsi qarşılığında iddiaçıya verilmişdir. Əgər belə idisə, demək öhdəliklər qarşılıqlı sayılır, mənzillərin satılması və ya barteri barədə müqavilə öhdəlikləri memarlıq eskiz və layihə işlərini həyata keçirilməsi öhdəliklərindən doğmalı idi. Bir öhdəliyinin icra edilməməsi digərinin icrasını inkar və mümkünsüz edir. Memarlıq eskiz və layihə işləri həyata keçirilmədiyi halda xx.xx.2016-cı il tarixli mənzillərin altı satqı müqavilələri bağlana bilməzdi. Bağlanacaq olsaydı, bu müqavilələr notarial qaydada təsdiq edilməli idi. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçının VÖEN-i yoxdur. İddiaçı layihələndirmə işləri ilə məşğuldur. Cavabdehlə razılaşmalarına əsasən binaların eskiz layihələrinin hazırlanması ümumilikdə 500 000 manata razılaşdırılıb. Cavabdeh həmin məbləğin 445 460 manatını tikiləcək binalardakı mənzillərin iddiaçıya verilməsi yolu ilə, yəni barter üsulu ilə, qalan məbləği isə nəğd şəkildə ödəməli idi. İddiaçı öz öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və mənzilləri iddiaçıya təhvil verməmişdir. Müqavilələrə əlavə edilmiş razılaşma protokolundan müəyyən edilir ki, iddiaçı öz öhdəliyini icra etmiş və cavabdehə olan borcu ödənilmişdir. Müqavilələrin mövcudluğu işin mübahisəsiz halıdır. Cavabdeh tərəf bunu inkar etmir. Qeyd edilənlərə əsasən nümayəndə ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında mənzil tikintisi ilə bağlı müqavilələr bağlanılıb. Həmin müqavilələr MMCnin əvvəlki rəhbəri ilə iddiaçı arasında bağlanıb. Lakin müqavilələr formal olaraq kağız üstündə qalıb, icra edilməyib. Bu məsələ şirkətin əvvəlki təsisçisi Kənan Əliyevin əvvəlki işləri ilə bağlıdır. Belə ki, Kənan Əliyev öz borclarını ödəmək üçün formal olaraq mənzillərin alqı-satqısı ilə bağlı müqavilələr bağlayırdı. Halbuki realda belə mənzillər heç vaxt mövcud olmamışdı. İddiaçının nümayəndəsi bildirir ki, onlar müqavilələrin mövcudluğunu inkar etmirlər. Lakin əksinə cavabdeh müqavilələrin müvcudluğunu qəbul etmir. Belə ki, iddiaçı tərəf müqavilələrin surətlərini məhkəməyə təqdim edib. Müqavilələrin əslləri isə mövcud deyildir. Bu müqavilələr iddiaçı və cavabdeh şirkətin keçmiş direktoru Kənan Əliyev arasında imzalanmış formal müqavilələrdir. xx.xx.2016-cı il tarixli, 0004İBM saylı müqaviləyə gəldikdə isə qeyd edilməlidir ki, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən hazırlanmalı olan layihələr müvafiq dövlət orqanlarında qeydiyyatdan keçirilərək təqdim olunmalıdır. Belə bir prosedur təsdiq isə həyata keçirilməyib. Müqavilələr formaldır və müqavilələrin əsaslığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Şirkətin indiki direktoru Azər müəllim şirkəti alan zaman sənədlər içərisində şirkətin hər hansı bir öhdəliyinin olması müəyyən edilməmişdi. Şirkət tərəfindən müqavilədə göstərilən binalar tikilməyib və heç bir tikinti aparılmayıb. Qeyd edilənlərə əsasən nümayəndə ilkin iddianın rədd olunmasını və qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Cavabdeh MMC-nin Nizamnaməsindən görünür ki, həmin MMC-nin hüquqi ünvanı ünvan 1i X5r. İddiaçı ilə cavabdeh (direktor X2 şəxsində) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən iddiaçı cavabdehin tapşırıqlarına əsasən və onun mülkiyyətində olan Sumqayıt şəhəri, Dənizkənarı ərazisində yerləşən yaşayış binaları kompeksinin (RivieraPARK) konstruksiya işləri, kommunikasiya işləri, memarlıq eskiz və işçi layihəsi işlərini və digər bu kimi layihəylə əlaqədar olaraq bütün işləri tərtib edərək aidiyyatı üzrə müvafiq təşkilatlarla təstiqlətdirərək həyata keçirir və bunun müqabilində iddiaçı cavabdehin gördüyü layihə işlərinin dəyərinə görə bu tikinti sahəsində tikilən evlərdən müəyyən mənzilləri ona verərək iddiaçının gördüyü layihə işlərinin dəyərini ödəyir. Layihə işlərinin ümumi dəyəri 500 000 manat məbləğindən və iddiaçıya veriləcək mənzillərin 1 kvadrat metr dəyəri 1 000 manat məbləğindən ibarətdir. Cavabdeh iddiaçıya layihə işlərinin ümumi dəyərinin 30 faizini nəğd formada, 70 faizini isə barter formasında, yəni mənzilləri iddiaçıya verməklə ödəyəcək. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0016 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinin tələblərinə müvafiq olaraq hazırki müqavilənin 1 saylı əlavəsinə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilir, cavabdeh isə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Park Bulvar ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin 3 nömrəli binasında, 23 nömrəli otaqların sayı ümumi layihə sənədlərinə əsasən iki otaq nəzərdə tutulmuş, ümumi sahəsi 79,56 kvadrat metr olan 3-cü mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verir. Həmin müqaviləyə 1 saylı əlavəyə (razılaşma protokolu) əsasən ödəniş qaydası barter, ödəmə müddəti 5 il müəyyən edilməklə, mənzilin ilkin müqavilə dəyəri və ilkin ödənişin məbləği 79560 manat təşkil edir. Ödəmənin son tarixi xx.xx.2021-ci il qeyd edilmiş, mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0014 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinin tələblərinə müvafiq olaraq hazırki müqavilənin 1 saylı əlavəsinə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilir, cavabdeh isə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Paark Bulvar ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin 3 nömrəli binasında, 25 nömrəli otaqların sayı ümumi layihə sənədlərinə əsasən bir otaq nəzərdə tutulmuş, ümumi sahəsi 63,74 kvadrat metr olan 3-cü mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verir. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən ödəniş qaydası barter, ödəmə müddəti 5 il müəyyən edilməklə, mənzilin ilkin müqavilə dəyəri və ilkin ödənişin məbləği 63740 manat təşkil edir. Ödəmənin son tarixi xx.xx.2021-ci il qeyd edilmiş, mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0013 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinin tələblərinə müvafiq olaraq hazırki müqavilənin 1 saylı əlavəsinə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilir, cavabdeh isə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Paark Bulvar ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin 3 nömrəli binasında, 24 nömrəli otaqların sayı ümumi layihə sənədlərinə əsasən iki otaq nəzərdə tutulmuş, ümumi sahəsi 79,08 kvadrat metr olan 3-cü mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verir. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən ödəniş qaydası barter, ödəmə müddəti 5 il müəyyən edilməklə, mənzilin ilkin müqavilə dəyəri və ilkin ödənişin məbləği 79080 manat təşkil edir. Ödəmənin son tarixi xx.xx.2021-ci il qeyd edilmiş, mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0017 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinin tələblərinə müvafiq olaraq hazırki müqavilənin 1 saylı əlavəsinə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilir, cavabdeh isə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Paark Bulvar ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin 3 nömrəli binasında, 35 nömrəli otaqların sayı ümumi layihə sənədlərinə əsasən bir otaq nəzərdə tutulmuş, ümumi sahəsi 63,74 kvadrat metr olan 4-cü mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verir. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən ödəniş qaydası barter, ödəmə müddəti 5 il müəyyən edilməklə, mənzilin ilkin müqavilə dəyəri və ilkin ödənişin məbləği 63740 manat təşkil edir. Ödəmənin son tarixi xx.xx.2021-ci il qeyd edilmiş, mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0018 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinin tələblərinə müvafiq olaraq hazırki müqavilənin 1 saylı əlavəsinə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilir, cavabdeh isə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Paark Bulvar ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin 3 nömrəli binasında, 29 nömrəli otaqların sayı ümumi layihə sənədlərinə əsasən iki otaq nəzərdə tutulmuş, ümumi sahəsi 79,93 kvadrat metr olan 3-cü mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verir. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən ödəniş qaydası barter, ödəmə müddəti 5 il müəyyən edilməklə, mənzilin ilkin müqavilə dəyəri və ilkin ödənişin məbləği 79930 manat təşkil edir. Ödəmənin son tarixi xx.xx.2021-ci il qeyd edilmiş, mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0015 saylı müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinin tələblərinə müvafiq olaraq hazırki müqavilənin 1 saylı əlavəsinə əsasən tərəflər arasında razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam şəkildə cavabdehə ödənilir, cavabdeh isə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Paark Bulvar ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binalarından ibarət kompleksin 3 nömrəli binasında, 28 nömrəli otaqların sayı ümumi layihə sənədlərinə əsasən iki otaq nəzərdə tutulmuş, ümumi sahəsi 79,41 kvadrat metr olan 3-cü mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verir. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən ödəniş qaydası barter, ödəmə müddəti 5 il müəyyən edilməklə, mənzilin ilkin müqavilə dəyəri və ilkin ödənişin məbləği 79410 manat təşkil edir. Ödəmənin son tarixi xx.xx.2021-ci il qeyd edilmiş, mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Cavabdehin adından X1 və X6 arasında bağlanmış 04 iyun 2021-ci il tarixli təsis payının alqı-satqısı müqaviləsinə əsasən cavabdeh 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş xx.xx.2017 il tarixində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********704500, hüquqi ünvanı AZ5000, Sumqayıt şəhəri, Bakı küçəsi, ev 63, DOVE PLAZA, mənzil 401, VÖEN: ********** "KƏN AN-AK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNDƏ olan nizamnamə kapitalının məbləği 4 manat, nizamnamə kapitalındakı payı 2 pay, nizamnamə kapitalındakı faizi 100% olan paydan 4 manat məbləği, 100 faizi, 2 payı X4 mülkiyyətinə verir. X6 isə payı (hissəni) qəbul edir və bu razılaşmanın müqabilində 300 manat məbləği cavabdehə ödəyir. İş materiallarına Sumqayıt şəhəri, dəniz kənarıı sahədə yerləşən yaşayış kompleksinin işçi layihəsi əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Hazırda iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinə əsaslanaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə öhdəliklərini icra etsə də, cavabdeh müqavilə öhdəliklərini icra etməmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır (441.1.). Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər (441.3.). Göründüyü kimi iddiaçı hesab edir ki, o xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Qeyd edilən müqaviləyə əsasən iddiaçı Sumqayıt şəhəri, Dənizkənarı ərazisində yerləşən yaşayış binaları kompleksinin konstruksiya işləri, kommunikasiya işləri, memarlıq eskiz və işçi layihəsi işlərini və digər bu kimi layihəylə əlaqədar olaraq bütün işləri tərtib edərək aidiyyatı üzrə müvafiq təşkilatlarla təstiqlətdirməli və görülən bu işlərin dəyəri olan 500 000 manat pulun 30 faizi nəğd, 70 faizi isə mənzillərin verilməsi yolu ilə cavabdeh tərəfindən ödənilməli idi. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş layihələrdən görünür ki, Sumqayıt şəhəri, Dənizkənarı ərazisində yerləşən yaşayış binaları kompleksinin layihəsi kimi təqdim edilən sənədlər hər hansı dövlət orqanı tərəfindən təsdiq edilməmişdir. Yəni, həmin layihələr qeyd edilən yaşayış kompleksinin iddiaçı tərəfindən tərtib edilmiş layihələri kimi qəbul edilsə belə, müvafiq dövlət orqanlarında təstiq olunmadığı üçün iddiaçı xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən öhdəliklərini icra etmiş sayıla bilməz. Bu səbəbdən iddiaçı cavabdehin həmin müqavilə üzrə öhdəliklərini icra etməsini tələb edə bilməz. Qarşılıqlı iddiaya gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələrə əsasən cavabdeh tikiləcək yaşayış kompleksində olan mənzillərin ona verilməsi barədə öhdəlik götürmüş və öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh isə həmin müqavilələrin real müqavilələr olmadığı üçün etibarsız hesab edilməsini xahiş etmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4.). Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (340.1.). Yuxarıda qeyd edilən müqavilələrdə cavabdeh inşa ediləcək yaşayış kompleksində mənzilləri iddiaçıya verməyi, iddiaçı isə həmin mənzillərin dəyərini xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən ödəməyi öz öhdəsində götürmüşdür. Yəni buradan belə nəticə çıxır ki, iddiaçı 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələrə əsasən də öhdəliklərini yerinə yetirmiş hesab olunacaqdı. 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələrin tərkib hissəsi olan 1 saylı əlavələrdə (razılaşma protokolları) isə mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənildiyi barədə qeyd aparılmışdır. Məhkəmə iclaslarında tərəflərin nümayəndələrinin izahatları ilə müəyyən edilir ki, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğ ödənilməmişdir. Belə çıxır ki, 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələr üzrə iddiaçının öhdəliklərinin yerinə yetirilməsi 0004İBM saylı iş birliyi müqaviləsi üzrə iddiaçının öhdəliklərini yerinə yetirilməsindən asılı olmuşdur. Mülki Məcəllədə göstərilmişdir ki, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır (328.1.). Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır (328.3.). Göründüyü kimi 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələrdə iddiaçının öz öhdəliklərini yerinə yetirməsi əslində xx.xx.2016-cı il tarixli, 0004İBM saylı iş birliyi müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirməsi şərtindən asılı olmuş, iddiaçı sonuncu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələrə əlavələrdə mənzillərin dəyərinin tam ödənildiyi qeyd edilmişdir. Bu da həmin əqdlərin tərəflərin iradəsindən asılı olan şərtlə, eyni zamanda ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmış uydurma əqdlər olması qənaətinə gəlməyə imkan verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı müqavilələr etibarsız hesab edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən 500 000 manat pul vəsaitinin və 790 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə ilkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0013, 0014, 0015, 0016, 0017 və 0018 saylı mənzillərin alqı-satqı müqavilələri etibarsız hesab edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar