Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2069/2022 18.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 1100 manat məbləğində vurulmuş zərərin və 31 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “MAN T15 YÜK” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobil 22.06.2019-cu ildən 22.06.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 22.06.2019-cu il tarixli, PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il noyabrın 19-da cavabdeh etibarnamə olmadan idarə etdiyi “MAN T15 YÜK” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Kimyaçılar prospekti ilə Hüseynov küçəsinin kəsişməsində “VOLKSWAGEN PASSAT” markalı, **-RH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Sumqayıt şəhər DYPŞ-nin 20.11.2019-cu il tarixli AP0150121 nömrəli inzibati xəta haqqında protokola əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Sumqayıt şəhər DYPŞ-nin 20.11.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir. Avtomobillərin Texniki Xidməti Mərkəzi tərəfindən 21.11.2019cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VOLKSWAGEN PASSAT” markalı, **-RH-*** dövlət nömrə nişanlı avtomobilə 1100 manat məbləğində zərər dəymişdir. İddiaçı 06.12.2019-cu ildə həmin məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 18.02.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1989-cu ildə, Qazaxıstan Respublikası, Kustanay vilayətində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubunda cavabdehdən 7 gün müddətində 1100 manat pulun iddiaçıya ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumata əsasən, «MAN T15 YÜK” markalı, **-DS-*** dövlət nömrə nişanlı markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 22.06.2019-cu il tarixində “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı tərəfindən cavabdeh barəsində 20.11.2019-cu il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda göstərilmişdir ki, sənədlərin yoxlanması zamanı cavabdehə «MAN T15 YÜK” markalı, **-DS-*** dövlət nömrə nişanlı markalı avtonəqliyyat vasitəsi ilə bağlı verilmiş etibarnamənin müddətinin bitdiyi müəyyən edilmişdir. 20.11.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarla cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. İşdə olan 21.11.2019-cu il tarixli qüsur aktına əsasən, «VOLKSWAGEN PASSAT” markalı, **-RH-*** dövlət nömrə nişanlı markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 1100 manat məbləğində müəyyən edilmişdir. 30.01.2020-ci il tarixli sığorta aktına əsasən «VOLKSWAGEN PASSAT” markalı, **- RH-*** dövlət nömrə nişanlı markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən 1100 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Göründüyü kimi mülkiyyətçisi Sahib Sərdarov, hadisə baş verən anda sürücüsü Cavabdeh olan «MAN T15 YÜK” markalı, **-DS-*** dövlət nömrə nişanlı markalı avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavbdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilməlidir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). Cavabdeh iddiaçı tərəfindən sığortalanmış avtomobilin sürücüsü olmaqla baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (25.1.3.). İşdən göründüyü kimi cavabdeh «MAN T15 YÜK” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçı tərəfindən «VOLKSWAGEN PASSAT” markalı, **-RH-*** dövlət nömrə nişanlı markalı avtomobilə dəymiş ziyana görə ödənilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 31 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1100 (min yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2069/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2069/2022
18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver