Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2119/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 152 manat borcun, 22.8 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 472 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və ona əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin cavabdehə qarşı olan 472 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Cavabdehin bu günə 152 manat əsas borcu, 22.8 manat cərimə borcu yaranmışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizədən və ona əlavə olumuş sənədlərdən görünür ki, tələbin güzəşti barədə bildirişin borcluya göndərilməsi barədə sənəd ərizəyə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Bu Məcəllənin 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 472 manat dəyərində nisyə aldığı malın dəyərini ilkin ödənişsiz müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən cavabdeh ilk ay 79 manat, sonuncu ay isə 77 manat ödəniş etməli idi. İşdə olan 25.02.2020-ci il tarixli, R-446/20 saylı faktorinq müqaviləsi və ona əlavə olunan sazişə əsasən "xxxx" MMC tələbetmə hüquqlarını iddiaçıya güzəşt etmişdir. Həmin müqavilənin 6.1-ci maddəsinin “c” bəndinə əsasən müştəri sazişin imzalanmasından sonra 3 (üç) iş günü ərzində borcluya tələbin güzəşt edilməsi barəsində bildiriş göndərməlidir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Beləliklə, məhkəmə AR MPM-nin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 284-4.1.3-cü maddəsinin tələbinə əsasən hesab edir ki, işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddiaçının ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci və 284-4.2 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-2119/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2119/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver