Məhkəmə qərarları › İş №e-2(060)-2158/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2158/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2158/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair mülki işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 560 manat (beş yüz altmış manat) məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il, saat 23:25-da Sumqayıt şəhəri, 9-cu mkr-da Şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış Cavabdeh2 məxsus “Hyundai İ30 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Toyota Prius minik” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP6072705 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 327.6-ci maddələri (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması və sürücülük hüququ olmayan şəxs tərəfindən idarə edildikdə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən “Toyota Prius minik” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 560,00 manat (beş yüz altmış manat, 00 qəpik) məbləğində maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən loto sistemi ilə "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına sığorta ödənişi tutulmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa, SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən və məhkəmə bildirişlərinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmada keçirilməsini xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, maşında olarkən qəza baş vermişdir. Hazırda sığortanın istədiyi pul real zərərdən daha çoxdur. O, hadisə yerindən qaçmayıb, sadəcə qarşı tərəflə razılaşa bilməmışdır, dava düşmə ehtimalı olduğu üçün oradan uzaqlaşmışdır. Sonra da o, qarşı tərəflə polis Bölməsində razılaşmışdır. Onu da qeyd edir ki, hadisə yerindən getdiyi üçün 100 manat cərimə edilib.

5. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, bu məsələnin ona hər hansı aidiyyəti yoxdur. O, maşını çoxdan satıb. 6.Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materialında olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-ci il, saat 23:25-da “Hyundai İ30 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius minik” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 8.İşdə olan inzibati xəta haqqında xx.xx.2023-cüil tarixli qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. 9.İşdə olan xx.xx.2023-cü il tarixli, 216776 nömrəli qiymətləndirmə aktından görünür ki, “Toyota Prius minik” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 560 manat məbləğindədir. 10.İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024cü il tarixli, 05/02-559 saylı pretenziya məktubunun surətindən görünür ki, şirkət tərəfindən həyata keçirilmiş 560 manat sığorta ödənişinin 7 təqvim günü ərzində müvafiq sığorta şirkətinə ödənilməsi ona təklif edilmiş, əks halda, bununla əlaqədar, həmin sığorta şirkətinin məhkəməyə müraciət edəcəyi bildirilmişdir. 11.İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2023-ci il, saat 23:25-də "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsiəsasında icbari qaydada sığortalanmış “Hyundai İ30 minik” markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Toyota Prius minik” markalı, **- ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Sonuncu avtomobilə dəymiş zərər 560 manat qiymətləndirilmişdir. 12.İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh2 məxsus “Hyundai İ30 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. 13.İşdə olan ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 560 manat sığorta ödənişi edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: 14.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ki, xx.xx.2023-ci il, saat 23:25-da "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Hyundai İ30 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Toyota Prius minik” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 560 manat dəyərində maddi zərər dəymiş, həmin məbləğ iddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Hazırda iddiaçı “Toyota Prius minik” markalı, **-ED- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ödənilmiş 560 manat sığorta ödənişinin Cavabdeh1 və Cavabdeh2 müştərək tutulması barədə iddia qaldırmışdır. Cavabdehlər iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.“İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 16.Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 17.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 idarə etdiyi “Hyundai İ30 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmışdır. Bu səbəbdən iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. 18.Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən törədildiyindən və həmin hadisədə onun təqsirli olması öz təsdiqini tapdığından iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməli, Cavabdeh2 oğluna münasibətdə isə iddia təmin edilməməlidir. 19.Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 20.Məhkəmə hesab edir ki, Cavabdeh1 avtomobili idarə etməsində avtomobilin mülkiyyətçisi Cavabdeh2 hər hansı təqsiri olması iş materialları ilə müəyyən edilmir. Nəticədə hadisəni Cavabdeh1 törətmiş, avtomobil hadisə zamanı faktiki olaraq Cavabdeh1 istifadəsində olmuşdur. İnzibati xəta haqqında protokol da Cavabdeh1 barəsində tərtib edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, vurulmuş zərərdə təqsiri olmayan Cavabdeh2 üzərinə zərərin əvəzini ödəmək vəzifəsi qoyula bilməz. 21.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkənlərə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi 560 manat sığorta ödənişini Cavabdeh1 tələb etməkdə haqlıdır. 22.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 23.Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. 24.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 27.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh1 560 (beş yüz altmış) manat vurulmuş zərər və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar