Məhkəmə qərarları › İş №e-2(060)-2261/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2261/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2261/2024 05.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan, göy rəngli, “Khazar LX” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması, Cavabdeh 27 fevral 2023-cü il tarixli MAS-5749 nömrəli "xxxx" müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 fevral 2024-cü il tarixə 1095.66 manat gecikdirilmiş əsas, 885.50manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 256.15 manat dəbbə pulu, cəmi 2237.31 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumu “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2023-cü il tarixli MAS-5749 saylı "xxxx" müqaviləsinə əsasən “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, göy rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 22.5 % hesablanmaqla 40 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 396.93 manat, ümumilikdə isə 17777 manat məbləğində pulu İddiaçı MMC-ninhesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 17777 manatın13000 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımiqaydada icra olunmadığı üçün Cavabdeh MAS-5749 saylı "xxxx" müqaviləsinə əsasən, ümumilikdə 2237.31 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyiyaranmışdır. "xxxx" müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1 -ci bəndinə əsasən lizinq Alan müvafık standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir.Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçı MMC Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsəasən məhəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, məhkəmədən Cavabdeh 27 fevral 2023-cü il tarixli MAS-5749 saylı "xxxx" müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 fevral 2024-cü il tarixə 1095.66 manat gecikdirilmiş əsas, 885.49 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 795.59 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1997.15 manat, cəmi 4773.89 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddia ərizəsinə dəqiqləşdirilməni onunla əsaslandırmışdır ki, lizinq obyekti olan avtomobil 24 fevral 2024-cü il tarixdə şirkətə geri qaytarılmış və “X4” MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1997.15 manat maddi zərər dəymişdir. Lizinq obyekti mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarıldığı üçün iddianı həmin hissəsini müdafiə etmədiyini bildirmişdir. 03 aprel 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı MMCnin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Əvəllər avtomobilin geri qaytarılması və yaranmış borcun tələb edilməsinə dair məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə lizinq obyekti olan avtomobil geri qaytarılmış və baxış keçirildiyi zaman qüsur aşkar edildiyindən akt tərtib olunmuşdur. Mükafat borcu Mülki Məcəllədə nəzərdə tutulan faiz borcunu nəzərdə tutur. 22.5% hesablanmış, sistem avtomatik olaraq hesablamışdır. Müqavilənin 4.1-ci maddəsində qeyd olunmuşdur. Avtomobil üzrə ödənişlər həyata keçirilmədiyindən geri qaytarılmışdır. Onlar cavabdehlə də əlaqə saxlamışlar. X2 Polisi vasitəsilə geri qaytarılmasını təmin etmişlər. İddiaçının nümayəndəsi X1 elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2023-cüil tarixli MAS- 5749 nömrəli “Daxili lizinq müqaviləsi”ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı göy rəngli, “Khazar LX” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilini muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq obyekti lizinqalan tərəfindən seçilib. Bu lizinq müqaviləsinin əsas məbləğini 13000 manat təşkil edir. Lizinq alaq bu müqavilə imzalandığı gün 1900 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 1900 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 40 ay müddətinə illik 22.5% həcmində mükafat məbləği hesablanır. - 27 fevral 2023-cü il tarixli MAS-5749 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bu əlavənin predmetini tərəflər arasında bağlanmış 27 fevral 2023-cü il tarixli MAS-5749 nömrəli "xxxx" müqaviləsi üzrə əldə olunan əmlakın adı komplektliyi və dəyəri təşkil edir. Lizinq obyektinə aşağıda göstərilən siyahıya uyğun olaraq 13000 manat məbləğində olan avtomobil daxildir. Avtomobilin göstəriciləri: “Khazar LX” markalı, **-PF- *** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF804085 ban nömrəli, göy rəngli avtomobil. - 20.02.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 1095.66 manat əsas, 885.50 manat mükafat və həmin günə hesablanmış 256.15 manat cərimə, cəmi 2237.31 manat borcu vardır. - 27 fevral 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar LX" markalı, 77- PU-852 dövlət qeydiyyat nişanlı, İddiaçı MMC-nin mülkiyyətində olan avtomobili Cavabdeh təhvil alınmışdır. - 22.11.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. - İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 27 fevral 2023cü il tarixli, MAS-5749 saylı "xxxx" müqaviləsi imzalanmışdır. İddiaçı MMC sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, “Daxili lizinq müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Lizinq münasibətlərindən irəli gələn münasibətləri tənzimləyən Mülki Məcəllənin maddələrinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (747.1). Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur (747.2). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (748-10.1). Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir (748-10.2). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (748-1.8). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (748-2.1). Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (748-2.3). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (748-1.12) Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə yaranmış 1095.66 manat əsas borcun və 885.49 manat məbləğində mükafatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 795.59 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 50 manat pul tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehdən lizinq obyekti olan avtomobilə dəymiş zərərə görə 1997.15 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi hissəsində də iddia tələbi əsaslıdır. Belə ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.1-ci maddəsinə əsasən təhviltəslim aktı imzalandğı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Həmin müqavilənin 10.5-ci bəndinə əsasən lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir. İşdə olan qüsur aktından görünür ki, “Khazar SD” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 1997.15 manatdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Khazar SD” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində olduğu zaman ona 1997.15 manat məbləğində ziyan dəymişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Khazar SD” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər - 1997.15 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 100.40 manat dövlət rusumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 fevral 2023-cü il tarixli MAS-5749 saylı "xxxx" müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1095.66 (bir min doxsan beş manat altmış altı qəpik) manat gecikdirilmiş əsas borc, 885.49 (səkkiz yüz səksən beş manat qırx doqquz qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 50 (əlli) manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərə görə 1997.15 (bir min doqquz yüz doxsan yeddi manat on beş qəpik) manat, cəmi 4028.3 (dörd min iyirmi səkkiz manat otuz qəpik) manat borc və ödənilmiş 100.40 (bir yüz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar