Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2264/2024 25.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Qənbərova Qaratel Şahin qızı və Hacı Reyhan Rauf qızı) iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 16000 (on altı min) manatın və 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun əvəzinin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə nümayəndəsi olduğu İddiaçı Cavabdeh ilə müqavilə bağlamışdır. Cavabdeh alqı-satqı müqaviləsi adı altında nümayəndəsi və vəkili olduğu İddiaçı aldadadaraq 16000 manatını alaraq guya ona Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən “Ellin məktəbəqədər” tədris mərkəzindəki, inventar, tələb bazası və digər işlə bağlı məlumatları” satmağı öhdəsinə götürmüşdür. Lakin həmin şəxs 16500 AZN pulu aldıqdan sonra öz öhdəliyini yerinə yetirməmişdir. Hətta bir müddət sonra “Ellin məktəbəqədr” tədris mərkəzinin yerləşdiyi obyektin sahibi artıq həmin obyekti satdığını və təcili həmin obyekti boşaltmağı tələb etmişdir. Yəni Cavabdeh, yalançı əqd adı altında İddiaçı aldadaraq pulunu ələ keçirmişdir. Bu şikayət araşdırılıb, Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsi barədə Sumqayıt şəhəri Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət etmişdir. Lakin mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bölmədə izahat verərkən Cavabdeh öhdəliyini icra etdiyini, inventarı və tələbə bazasını verdiyini və pulu bunun müqabilində aldığını bildirmişdir. Obyekt sahibi inventarın bəzilərinin hətta mülkiyyətçiyə məxsus olduğunu bildirmişdir. Ödənilmiş 16500AZN-nin 500 AZN-i cavabdeh qaytarmışdır. Bundan sonra Elvin səs ataraq bəzi əşyaların pulunu qaytara biləcəyini bildirmişdir. Tələbə bazasına gəldikdə isə bu siyahıdan başqa birşey deyil, həmin tədris mərkəzinə heç bir tələbə gəlməmişdir. Pulu geri tələb edəndə isə Cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək bildirdi ki, alqı-satqı müqaviləsini bağlayarkən cavabdeh orada olan bütün əmlakın ona məxsus olduğunu bildirmişdir. Sonradan məlum olmuşdur ki, kondisioner, mətbəx mebeli və monitor ona məxsus deyil. Cavabdeh kondisionerin pulunu sonradan ödəmişdir. Hal-hazırda kursu işlədir. İddia tələbinin təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2023-cü il tarixində hüquqlarını müdafiə etdiyi İddiaçı cavabdeh ilə müqavilə bağlamışdır. Cavabdeh iddiaçıdan 16000 (on altı min) manat alaraq Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən “Ellin məktəbəqədər” tədris mərkəzindəki inventar, tələbə bazası və digər işlərlə bağlı məlumatları satmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh 16500 (on altı min beş yüz) manat pulu aldıqdan sonra öz öhdəliyini yerinə yetirməmişdir. Hətta bir müddət sonra “Ellin məktəbəqədər” tədris mərkəzinin yerləşdiyi obyektin sahibi artıq həmin obyekti satdığını və təcili həmin obyekti boşaltmağı tələb etmişdir. Müqavilədə tələbə bazası və digər işlər yazılmışdır ki, onların nədən ibarət olduğu qeyri-müəyyəndir. Belə ki, müqavilə konkret olmalıdır. Müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız əqddir. İddiaçı kursu alandan sonra tələbələr kursa gəlməmiş və müəllimlər də işdən çıxmışlar. İddiaçı kursu almamışdan əvvəl gedib müşahidə aparmışdır. Həmin vaxt orada 2 müəllim, 1 menecer, 1 dayə işləmişdir. Sonradan iddiaçıya cavabdeh tərəfindən təzə kurs açıldığı üçün həmin kursda işləməyə getdiklərini iddiaçıya bildirmişlər. Cavabdeh iddiaçı ilə aralarında bağlanmışmüqavilənin şərtlərini yerinə yetirməmişdir. Belə ki, müqavilənin bəndlərində qeyd olunan “digər işlər” konkret deyil və cavabdeh həmin “digər işlər”-in nə olmağını bildirəndə sadəcə fərziyyələrə əsaslanır. Cavabdeh müqavilə bağlananda bildirmişdir ki, yay ayları olduğundan tələbə sayı azdır. Növbəti aylarda tələbələrin sayı çoxalacaqdır. İddiaçı bu səbəbdən dekabr ayına qədər gözləmişdir. Müqavilədə qeyd olunanların heç birinə cavabdeh tərəfindən əməl olunmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 2013-cü ildən tədris kurslarının yaratmaqla məşğuldur. 2014-cü ildə Cəmilə xanım, yəni iddiaçının bacısı onun tələbəsi olmuşdur. 2015-ci ildən isə öz kursunu işlətməklə yanaşı başqa şəxslərə kurs qurub satmaq işinə başlamışdır. Həmin vaxtdan 46 şəxsə konsultasiya müqaviləsi əsasında kurs qurub təhvil vermişdir. Konsultasiya müqaviləsinin qiyməti kiçik kurslarda 6000 ( altı min) manat, böyük kurslarda isə 12000 (on iki min) manatdır. Təqdim edilən fotoşəkillərdə kursu qurub təhvil verdiyi insanlarla bağlı sosial şəbəkədə etdiyi paylaşımlar var. Cəmilə xanım, yəni iddiaçının bacısı ona onların da bu işə başlamaq istədiyini və təxmini qiymətin nə qədər olmasını soruşmuşlar. Tərəfindən onlara izah edilmişdir ki, 6000 (altı min) manat ona ödəniləcək puldur, təxminən 10000 (on min) manata qədər də inventar almağa pul lazım olacaq. Qarşı tərəf işə başlamaq üçün icarəyə yer axtarmağa başlamışlar. Təxminən 2 ay keçəndən sonra, özü üçün qurduğu yer kiçik gəldiyi üçün təklif etmişdir ki, o qədər xərc çəkmək əvəzinə 11 ildir ki, işlətdiyi yeri 16000 ( on altı min) manata onlara satsın. Müqaviləni göndərəndən sonra onlar cavabdehə bir neçə suallarının olduğunu və görüşmək istədiklərini bildirmişlər. Qeyd olunan kursda görüşmüş, bütün avadanlıqlara baxılmış, dərs keçilən vaxtı müşahidə aparmışlar. Sonra təzədən ikinci dəfə görüşmək istədiklərini bildirmişlər. Bu zaman iddiaçının özü və ailə üzvləri də gəlmişdir. İşin necə aparılması, təşkil olunması ilə bağlı xeyli sual verilmişdir ki, cavabdeh də müqavilədə onlara bu işlə bağlı köməklik göstərəcəyinin qeyd olunması və yaxınlarda təlim keçirəcəyini və bu işin idarə olunması, vergi, mühasibatlıq və digər məsələlərlə bağlı hər şeyi izah edəcəyimi bildirmişdir. Tələbələr haqqında məlumatların isə elektron bazada olmasını və elektron bazanın istifadəçi adı və parolunu təqdim edəcəyini bildirmişdir. Aralarında razılaşmış, 2-3 gün sonra gəlib ödəniş etmişlər. Qərara alınmışdır ki, menecerləri iddiaçı işi öyrənənə qədər 15-20 gün orada qalsın. İddiaçılara 2 müəllim və 1 dayə olmaqla 3 kadr təhvil vermişdir. Dayə hal-hazırda da orada işləyir. Müəllimləri məcbur edə bilməz ki, qalıb orada işləsinlər. Kursu iyunun əvvəli təhvil vermişdir ki, həmin vaxt 20-yə yaxın tələbə orada tədris almışdır. Valideynlərin iyun ayı üçün ödədiyi məbləği cavabdeh qarşı tərəfə vermişdir, çünki, iyun ayı artıq kursu təhvil vermişdir. Tələbə məlumatlarını əks etdirən baza da iddiaçıya təhvil verilmişdir. İddiaçının bacısı təşkil edilən təlimə gəlmiş, sonralar bu işlə bağlı bir neçə dəfə də onunla əlaqə saxlayıb suallar vermiş, həmin suallar cavabdeh tərəfindən cavablandırılmışdır. Qarşı tərəfə VÖEN açmağı, icarə müqaviləsi bağlamağı, bir sözlə rəsmi işləməyi məsləhət görmüşdür. 2023-cü ilin dekabr ayında iddiaçı tərəf ona zəng edərək obyektin mülkiyyətçisinin dəyişdiyini, problem yarandığını bildirmişlər. Bununla bağlı bildirir ki, onun əvvəlki mülkiyyətçi ilə icarə müqaviləsi olmuşdur. Bu müqaviləni də iyun ayının sonunda sonlandırmışlar. Bu zaman iddiaçı tərəfə problem olmasın deyə yeni icarə müqaviləsi bağlamağı məsləhət görmüşdür. Lakin bildiyi qədərilə heç vaxt tərəflərindən icarə müqaviləsi bağlanılmamışdır. 2023-cü ilin dekabr ayında obyektə gedəndə iddiaçı tərəf ona kondisioner və mətbəx mebelinində problem olduğunu bildirmişdir. Yeni mülkiyyətçiylə əlaqə saxlayıb pul ödəməyi təklif etmişdir. Yeni mülkiyyətçi də pula ehtiyacı olmadığını, bunun əvəzində pulu Cəmilə xanıma ödəməsini bildirdi. Cəmilə xanıma əşyaların qiyməti barədə məlumat verməsini soruşduqda o bu barədə məlumat verməmişdir. Bu barədə “whatsapp” yazışmalarını məhkəməyə təqdim edə bilər. Qarşı tərəf kursu təhvil alanda həmin müəllimlər orada işləmişlər. Cavabdeh onları məcbur edə bilməz ki, qalıb orada işləsinlər. Onların işdən çıxmağına cavabdeh deyil. Kommersiya hüququnda “qudvil” deyilən bir anlayış var. Biznesin dəyərləndirilməsində 2 amil rol oynayır. Birincisi toxunulan əşyaların dəyəri, ikincisi toxunula bilməyən, o biznesin illər ərzində oraya müştərilərin ayaq açması, oranın təmiri, sistemdə olan işlətmə proqramları. İllərdir ki, bu işlə məşğul olduğu üçün xeyli sayda tələbəni kursa gəlməyə alışdırmışdır. Kursu iyun ayında satmış, yay fəsli olduğu üçün tələbələrin istirahətə getməsi ilə əlaqədar onların sayında azalma olması normaldır. Eyni zamanda sentyabr ayında kursa gedəndə kifayət qədər tələbə olmuşdur. İddia tələbini qəbul etməyərək tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 Boris oğlu iddia tələbini qəbul etməyərək tələbin rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qənbərova Qaratel Şahin qızı və Hacı Reyhan Rauf qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək bildirdi ki, cavabdehi 2023-cü ilin fevral ayının 28-indən tanıyır. İşləmək üçün müraciət etmiş, işə qəbul edilmişdir. İşə qəbul olanda əmək müqaviləsi bağlamışlar, hal-hazırda da əmək müqaviləsi var. Qeyd olunan kursda 1 ay yəni, 2023-cü ilin iyun ayında işləmişdir. Həmin kursda menecer kimi işləmişdir. Cəmilə xanım ona artıq özü orada menecer kimi işləyəcəyini bildirdiyi üçün işdən çıxmışdır. Həmin vaxtdan da kurs ilə heç bir əlaqəsi qalmamışdır. Orada menecer kimi işləyən vaxt kursda təxminən 30 nəfərə yaxın şagird olmuşdur. Eyni zamanda Dilarə və Elnarə adlı iki müəllim kursda işləmişdir. Elnarə müəllim sonradan işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, cavabdehi tanıyır, 2022-ci ilin sentyabr ayından onun işçisi olmuşdur. Əmək müqaviləsi olmuş, 2023cü ilin iyul ayına qədər həmin kursda işləmişdir. İyun ayında Elvin müəllim kursu iddiaçı tərəfə satmışdır. Kursun yeni sahibi ilə razılığa gəlmişdir ki, sentyabra qədər işləyəcək. Sonradan Cəmilə xanım onun yerinə başqa müəllim götürəcəklərini söyləmiş, buna görə də iyun ayının sonunda işdən çıxmışdır. Kursda işləyərkən orada özünün 10-a yaxın şagirdi olmuşdur. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən satıcı Cavabdeh alıcı İddiaçı Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən “Ellin məkətəbə qədər” tədris mərkəzindəki inventar, tələbə bazası və digər işlə bağlı məlumatları satır, alıcı isə həmin inventar və məlumatları qəbul edir. - xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Hacı Reyhan Rauf qızı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.8 kv.m olan qeyriyaşayış sahəsini icarəçi X2 icarəyə verir. Bu müqavilə 1 il müddətinə bağlanır və imzalandığı andan qüvvəyə minir. Müqaviləyə vaxtından əvvəl razılıq əsasında xitam verilə bilr. Müqavilə qüvvədə olma müddəti bitdikdən sonra tərəflə şərtləri yerinə yetirməsi davam edirsə bu müqavilə müddəti 1 il müddətinə uzadılmış sayılır. - xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Qənbərova Qaratel Şahin qızı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.8 kv.m olan qeyri-yaşayış sahəsini icarəçi X2 icarəyə verir. Bu müqavilə 1 il müddətinə bağlanır və imzalandığı andan qüvvəyə minir. Müqaviləyə vaxtından əvvəl razılıq əsasında xitam verilə bilr. Müqavilə qüvvədə olma müddəti bitdikdən sonra tərəflə şərtləri yerinə yetirməsi davam edirsə bu müqavilə müddəti 1 il müddətinə uzadılmış sayılır. - ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* saylı xx.xx.2014-cü il tarixli çıxıarışın surətindən görünür ki, reyestr nömrəsi **********30-05101-093017 olan ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Məhəmməd Reyhan Rauf qızına məxsus olmuşdir. - ƏMDX DƏDKR tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Qənbərova Qaratel Şahin qızına məxsusudur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh 2013-cü ildən kurs işlətmək, 2015-ci ildən isə kursunu işlətməklə yanaşı başqa şəxslərə kurs qurub satmaq işinə başlamışdır. 2014-cü ildə Cəmilə xanım, yəni iddiaçının bacısı onun tələbəsi olmuşdur. Həmin vaxtdan bir çox şəxsə konsultasiya müqaviləsi əsasında kurs qurub təhvil vermişdir. Cavabdehin dediyinə görə konsultasiya müqaviləsinin qiyməti kiçik kurslarda 6000 ( altı min) manat, böyük kurslarda isə 12000 (on iki min) manatdır. İddiaçı cavabdehə kurs açmaq barədə müraciət etmiş, cavabdeh öz yaratdığı kursu ona 16000 manat qarşılığında, alqı-satqı müqaviləsində qeyd edilən şərtlər əsasında satmağı təklif etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin şərtlərindən göründüyü kimi müqaviləyə əsasən satıcı Cavabdeh alıcı İddiaçı Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən “Ellin məkətəbə qədər” tədris mərkəzindəki inventar, tələbə bazası və digər işlə bağlı məlumatları satır, alıcı isə həmin inventar və məlumatları qəbul etmişdir. Kurs iddiaçı tərəfindən alındıqdan sonra həmin ilin dekabr ayına qədər tərəflər arasında münasibətlər normal olmuş, bu müddət ərzində iddiaçı cavabdehə xarab olan əşyalar barədə məlumat vermiş, iddiaçı zərərin əvəzinin ödənilməsini təklif etmişdir. Bundan sonra iddiaçı Polis İdarəsinə müraciət edərək cavabdehin barəsində qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Cavabdeh tərəfindən Polis İdarəsində izahat alınmış, qeyd edilən xüsusatların mülki xarakterli olduğu bildirilərək iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Mülkiyyət hüququnun yaranması yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun olması ilə şərtləndirilir. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələri qeyd etmək olar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Məhkəmə belə nəticəyə gəlir ki, iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsızlığının əsaslarından hər hansı birinin işin faktiki halları ilə uzlaşmadığından, təqdim olunmuş sübutlar mübahisələndirilən müqavilənin etibarsızlığına dəlalət etmədiyindən əsassızdır. Bununla yanaşı iddiaçı həmin müqavilə əsasında cavabdehə ödədiyi 16000 manat vəsaiti də tələb edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin əsassızlığına dəlalət edilmədiyindən iddia tələbi bu hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 16000 (on altı min) manatın və 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun əvəzinin tutulub iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 16000 (on altı min) manatın və 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun əvəzinin tutulub iddiaçıya verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2264/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2264/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver