Məhkəmə qərarları › İş №e-2(060)-2446/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2446/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2446/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 549,4 manat əsas borc, 82,4 manat cərimə olmaqla, cəmi 631,8 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 321 manat əsas borc, 48,1 manat cərimə olmaqla, cəmi 369,1 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən, 184 manat əsas borc, 27,6 manat cərimə olmaqla, cəmi 211,6 manat, üç müqavilə üzrə olan 1054,4 manat əsas borc, 158,1 manat cərimə, cəmi 1212,5 manat borcun və 32,13 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh xx.xx.1989-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, Nizami kçəsi, 19C, məhəllə 6 ünvanında qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı «SAMSUNG » markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 27 manat, sonuncu ay isə 22 manat olmaqla, cəmi 319 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı “APPLE” markalı qulaqlığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 46 manat, sonuncu ay isə 43,49 manat olmaqla, cəmi 549,49 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı «SAMSUNG» markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 36 manat, sonuncu ay isə 33 manat olmaqla, cəmi 429 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 184 manat əsas borc, 27,6 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 549,4 manat əsas borc, 82,4 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 321 manat əsas borc, 48,1 manat cərimə borcu qalmışdır. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 32,13 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı olaraq bildiriş (xəbərdarlıq) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 257-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (425). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, hər üç müqavilə üzrə 1054,4 manat əsas borc məbləğinə 158,1 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi zamanı iddiaçı əsas borcla cərimə məbləği arasında tənasübü gözləməmişdir. Bu səbəbdən məhkəmə cərimənin 100 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 32,13 manat dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 184 manat əsas borc, 20 manat cərimə olmaqla, cəmi 204 manat, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 549,4 manat əsas borc, 50 manat cərimə olmaqla, cəmi 599,4 manat, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 321 manat əsas, 30 manat cərimə, cəmi 351 manat olmaqla, ümumilikdə isə 1154 (min yüz əlli dörd) manat 40 (qırx) qəpik borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar