Məhkəmə qərarları › İş №e-2(060)-2451/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2451/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2451/2025 20.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin və borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin və borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2021-ci il tarixli, MAS-4279 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X1”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24,5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447,15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 24 oktyabr 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5119,50 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-4279 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 oktyabr 2024-cü il tarixə ümumilikdə 641,57 manat məbləğində gecikmə borcu yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh 26 avqust 2021-ci il tarixli, MAS-4279 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 oktyabr 2024cü il tarixə 350,84 manat gecikdirilmiş əsas, 91,26 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 199,47 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 5119,50 manat, ümumilikdə 5761,07 borc və ödənilmiş 77,62 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2021-ci il tarixli, MAS-4279 saylı X1ndən görünür ki, İddiaçı MMC Cavabdeh sifarişi ilə “Khazar SD minik” markalı, ban nömrəsi NVAW01HHFME323287 olan avtomobili 17000 manata mülkiyyətinə almağı və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, Cavabdeh isə bu müqavilənin imzalandığı gün 3400 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi, ödənilmiş 3400 manat lizinq ödənişinin lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğinin 48 ay müddətinə, illik 24,5 % hesablanmaqla, hər ay 447,15 manat olmaqla sabit məbləğdə pul vəsaitini "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinq verən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, “Khazar SD minik” markalı avtomobili lizinq alan Cavabdeh təhvil vermişdir. Lizinq alan həmin avtomobili təhvil almışdır.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Khazar SD minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı MMC-yə əzilmiş formada evakuatorla təhvil vermişdir.

11. İş materiallarında olan «X2» MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktdan görünür ki, lizinq predmeti olan “Khazar SD minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 5119,50 manat məbləğində ziyan dəymişdir.

12. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 26 avqust 2021-ci il tarixli, MAS-4279 nömrəli X1 üzrə 350,84 manat əsas, 91,26 manat faiz borcu, 199,47 manat cərimə borcu olmaqla, cəmi 641,57 manat borcu vardır.

13. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təkliflər edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Göründüyü kimi cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

20. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

22. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır.

23. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi).

24. Məhkəmə iddia tələbinin əsas borcun və gecikdirilmiş mükafatın tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, cavabdeh müqavilə üzrə borcun olması öz təsdiqini tapdığından, həmin hissədə tələb əsaslı hesab edilməli və təmin edilməlidir.

25. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

26. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, dəbbə pulu 50 (əlli) manat məbləğində müəyyən edilməlidir.

27. Məhkəmə hesab edir ki, iddia tələbi “Cavabdeh 26 avqust 2021-ci il tarixli, MAS- 4279 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 oktyabr 2024-cü il tarixə 350,84 manat gecikdirilmiş əsas, 91,26 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 199,47 manat dəbbə pulunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh 350,84 manat gecikdirilmiş əsas, 91,26 manat gecikdirilmiş mükafat, 50 manat dəbbə pulu olmaqla, cəmi 492,10 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

28. Məhkəmə iddia tələbinin “lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 5119,50 manat pulun tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci madəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

30. İddiaçı və Cavabdeh arasında bağlanmış 26 avqust 2021-ci il tarixli X1 ilə tərəflər aşağıda qeyd olunan şərtlər barədə razılığa gəlmişlər: - Müqavilənin predmeti adlanan 1-ci maddəyə görə bu Müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq obyekti lizinq alan tərəfindən seçilib. Bu lizinq müqaviləsinin əsas məbləğini 17000 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 3400 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3400 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 24,5% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparır. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. - Müqavilənin 2-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən bu Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində və həmçinin bu müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq alan tərəfindən bu Müqavilə itə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Lizinq obyektinin lizinq alana keçməsi lizinq alan və lizinq verən arasında bağlanmış Mülkiyyət hüququnun keçməsi barədə akt əsasında həyata keçirilir. Lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana lizinqə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. -Müqavilənin 4.4-cü bəndinin müvafiq yarımbəndlərinə əsasən lizinq alanın vəzifələrinə lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəmək; lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq alan lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək; lizinq obyektini lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq, öz vəsaiti hesabına, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində kasko və həmçinin icbari sığortalamaq. - Müqavilənin 5.3-cü yarımbəndinə əsasən lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə, "Daxili Lizinq" müqaviləsi imzalandıqdan sonra 1 (bir) il ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-indən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800 (səkkiz yüz) manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. Aşağıdakı hallarda müqavilənin bu bəndi öz qüvvəsini itirir və lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır: a) lizinq obyekti hətta lizinq alanın şəxsən özü tərəfindən idarə olunsa da, müddəti keçmiş etibarnamə ilə idarə edildikdə; b) lizinq obyekti alkaqollu içki və ya psixiatrop maddələrin təsiri altında idarə edilərsə; c) lizinq obyekti heç bir hüququ olmayan şəxs tərəfindən idarə edildikdə; ç) lizinq alan tərəfindən avtomobilin bərpa edilməsi üçün ödənilməli olan 800 manat yol-nəqliyyat hadisəsindən sonra 1 ay ərzində ödənilməzsə; d) “Daxili lizinq” müqaviləsinin imzalanmasından 1 il keçərsə; e) lizinq obyektindən istifadə edilməsi üçün verilmiş etibarnamənin müddəti bitməsə də, lizinq ödənişlərində gecikmə olduqda ; ə) lizinq obyekti olan avtomobil lizinq alanın deyil, 3-cü şəxsin (şəxslərin) təqsiri nəticəsində zədələndikdə.

31. Göründüyü kimi lizinq obyekti “Daxili lizinq” müqaviləsinin imzalanmasından 1 il keçdikdən sonra zədələnmiş formada təhvil verilmişdir.

32. Göründüyü kimi lizinq alan Cavabdeh lizinq verən "xxxx" MMC ilə bağladığı “Daxili lizinq” müqaviləsində müqavilənin imzalanmasından 1 il keçərsə avtomobil zədələndiyi halda, öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalı olmasına dair öhdəlik götürmüşdür.

33. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Khazar SD minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 5119,50 manat məbləğində ziyan dəymişdir.

34. Bundan əlavə, iş üzrə cavabdeh tərəfindən iddiaçıya 3400 manat ilkin ödəniş edildiyi işin mübahisəsiz halıdır. Həmçinin müəyyən edilmişdir ki, lizinq obyekti olan “Khazar SD minik” markalı avtomaşın da faktiki olaraq iddiaçıdadır. Belə olan halda ilkin ödəniş kimi lizinq verənə ödənilən vəsait lizinq obyektindən istifadəyə görə alınmış vəsait kimi dəyərləndirilməsi istisna olunur. Lizinq obyekti olan avtomaşın lizinq alan cavabdehdə qaldığı halda həmin məbləğ lizinq ödənişi dəyərləndirilə bilərdi. İddiaçı lizinq şirkəti cavabdehin hesabına 3400 manat pul əldə etməklə əsassız varlanmışdır.

35. Mülki qanunvericilik lizinq münasibətləri üzrə ilkin ödəniş şərtini müəyyən etməsə və belə müqavilə şərti daha çox nisyə alqı-satqı müqavilələri üçün xarakterik olsa da, tərəflərin iradəsi əsasında lizinq müqaviləsində ilkin ödənişin müəyyən olunması istisna edilmir. Mülki Məcəllənin 748-10.1-ci maddəsinin mənasına görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə edilmiş ilkin ödəniş də lizinq ödənişi hesab edilir. Xüsusilə nəzərə alınmalıdır ki, baxılan iş üzrə lizinq obyekti iddiaçıya qaytarıldığı üçün cavabdehin müqaviləyə əsasən lizinq predmetini əldə etmək imkanı istisna edilir. Əks yanaşma, yəni həm lizinq obyektinin lizinq verənə qaytarılması, həm də ilkin ödəniş qismində ödənilmiş vəsaitin ümumi lizinq ödənişlərinə aid edilməməklə lizinq verəndə saxlanılması lizinq hüquq münasibətlərinin mahiyyətinə ziddir, həmçinin son nəticədə lizinq verənin əsassız varlanması ilə nəticələnə bilər.

36. Mülki Məcəlləyə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1).

37. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş 3400 manat ilkin ödəniş nəzərə alınmaqla, avtomobilə dəymiş zərərin məbləği 1719,5 manat (5119,50-3400) olmaqla iddiaçının xeyrinə tutulmalıdır.

38. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 350,84 (üç yüz əlli manat, səksən dörd qəpik) manat gecikdirilmiş əsas, 91,26 (doxsan bir manat, iyirmi altı qəpik) manat gecikdirilmiş mükafat, 50 (əlli) manat dəbbə pulu, 1719,5 (bir min yeddi yüz on doqquz manat, əlli qəpik) manat dəymiş zərər, ümumilikdə 2211,66 (iki min iki yüz on bir manat, altmış altı qəpik) manat məbləğində pul və 42,12 (qırx iki manat, on iki qəpik) dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Həmçinin Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 77,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi (2211,66 AZN) qismən təmin olunduğundan cavabdehdən qeyd olunan 42,12 manat (rüsum kalkulyatoruna əsasən) tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Nəticə hissəsi:

46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 350,84 (üç yüz əlli manat, səksən dörd qəpik) manat gecikdirilmiş əsas, 91,26 (doxsan bir manat, iyirmi altı qəpik) manat gecikdirilmiş mükafat, 50 (əlli) manat dəbbə pulu, 1719,5 (bir min yeddi yüz on doqquz manat, əlli qəpik) manat dəymiş zərər, ümumilikdə 2211,66 (iki min iki yüz on bir manat, altmış altı qəpik) manat məbləğində pul və 42,12 (qırx iki manat, on iki qəpik) dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar