Məhkəmə qərarları › İş №e-2(060)-2456/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2456/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2456/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə 18 may 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Reno” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X12 ölümü ilə bağlı 5000 (beş min) manat pul vəsaitinin və 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixli PAZ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "AUDİ" minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC-də sığorta təminatı almışdır. xx.xx.2012-ci il tarixində Cavabdeh etibarnamə olmadan idarə etdiyi "AUDİ" minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nərimanov rayonu Vaqif prospekti ilə üzü Gənclik dairəsi istiqamətində hərəkətdə olarkən, X1 idarə etdiyi “Reno markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində X1 ölümünə səbəb olmuşdur. Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2012-ci il tarixli 1(005)-228/2012 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və nəqliyyat vasitələrini idarə etmək hüququndan 1 (bir) il, 6 (altı) ay müddətinə məhrum edilməklə, 3 (üç) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdır. X1 ölümü ilə bağlı 5000 (beş min) manat məbləğində sığorta ödənişi X5 verilmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, hadisə baş verən zaman avtomobili idarə etmək hüququ yox idi, lakin avtomobilin mülkiyyətçisinin oğlu onun yanında olmuşdur. Bildirir ki, mərhumun ailəsinin bütün xərclərini ödəmişdir. Hətta onlara yeni maşın alınıb verilmişdir. Bu halların hamısı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmündə də öz əksini tapmışdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı ASC məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, "AUDİ" minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "AZSİĞORTA” ASC tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək "Avtonəqliyyat vasitələrinin icbari sığortası" növü üzrə tam sığortalanmışdır. xx.xx.2012-ci il tarixdə baş vermiş yol nəqliyyatı hadisəsində “Reno” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sürücü X14 xəsarət alaraq ölmüş, onun ölümü ilə bağlı 5000 (beş min) manat məbləğlərində sığorta ödənişi müəyyən edilmişdir. İşdə olan AZ-İ 587128 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 388 nömrə ilə qeyd edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X10 xx.xx.1988-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 330 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Şıxəliyev soyadı verilmişdir. İşdə olan ölüm haqqında akt qeydindən görünür ki, X4 xx.xx.2016-cı ildə Abşeron şəhəri, Xırdalan rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 382 nömrə ilə qeyd edilmişdir. İşdə olan doğum haqqında akt qeydindən görünür ki, X14 xx.xx.1957-cü ildə Göyçay rayonunda anadan olmuşdur. X7, anası X2. İşdə olan ölüm haqqında akt qeydindən görünür ki, X15 xx.xx.1998-ci ildə Abşeron şəhəri, Xırdalan rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci ildə 185 nömrə ilə qeyd edilmişdir. İşdə olan doğum haqqında akt qeydindən görünür ki, X16 xx.xx.1989-cu ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur. X8, anası X6r. İşdə olan XVİ-JQ 345951 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1991-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur. X9, anası X6r. İşdə olan **********449 nömrəli, xx.xx.2022-ci il tarixli notarial ərizədən görünür ki, X16 xx.xx.2012-ci ildə yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş X8nun vəfatı ilə əlaqədar heç bir sığorta bürosuna və hüquqi şəxslər ittifaqına müraciət etməmiş, təqsirkar tərəfindən ona heç bir ödəniş edilməmiş və sığorta kompensasiyasından ona düşən paydan anası X3 xeyrinə imtina edir. İşdə olan **********299 nömrəli, xx.xx.2022-ci il tarixli notarial ərizədən görünür ki, X13 xx.xx.2012-ci ildə yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş X8nun vəfatı ilə əlaqədar heç bir sığorta bürosuna və hüquqi şəxslər ittifaqına müraciət etməmiş, təqsirkar tərəfindən ona heç bir ödəniş edilməmiş və sığorta kompensasiyasından ona düşən paydan anası X3 xeyrinə imtina edir. İşdə olan **********762 nömrəli, xx.xx.2022-ci il tarixli notarial ərizədən görünür ki, X11 xx.xx.2012-ci ildə yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş əri X12 vəfatı ilə əlaqədar heç bir sığorta bürosuna və hüquqi şəxslər ittifaqına müraciət etməmiş, təqsirkar tərəfindən ona heç bir ödəniş edilməmişdir. İşdə olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, Cavabdeh idarə etdiyi "AUDİ" minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Reno” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sürücü X14 xəsarət alaraq ölmüş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-228/2012 saylı, xx.xx.2012-ci il tarixli hökmündən görünür ki, həmin hökm ilə Cavabdeh Azərbaycan Respublikasının cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və nəqliyyat vasitələrini idarə etmək hüququndan 1 (bir) il, 6 (altı) ay müddətinə məhrum edilməklə, 3 (üç) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən X5 5000 manat ödəniş edilmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh etibarnamə- avtomobili idarə etmək səlahiyyəti olmadan idarə etdiyi "AUDİ" minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Reno” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sürücü X14 xəsarət alaraq ölmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-228/2012 saylı, xx.xx.2012-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və nəqliyyat vasitələrini idarə etmək hüququndan 1 (bir) il, 6 (altı) ay müddətinə məhrum edilməklə, 3 (üç) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən X12 arvadı X5 5000 manat ödəniş edilmişdir. Hazırda iddiaçı ödənilmiş sığorta məbləğinin Cavabdeh subroqasiya qaydasında tutulmasını xahiş edir. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2). Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir (936.3). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz məbləğində. Mülki Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (926.1). Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir (926.2). İşin mübahisələndirilməyən hallarından göründüyü kimi “AUDİ" minik markalı, **-CM- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə törədilmiş, hadisə törədilən vaxt sürücünün həmin avtomobili idarə etmək səlahiyyəti olmamışdır. Beləliklə yol-nəqliyyat hadisəsi Cavabdeh tərəfindən törədildiyindən və həmin hadisədə onun təqsirli olması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməli və cavabdehdən 5000 (beş min) manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin AR MPM-nin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 70 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul vəsaiti və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar