Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2550/2023 17.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakın bölünməsi və payların müəyyən olunması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakın bölünməsi və payların müəyyən olunması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anaları- X3 ünvan 5, 4 saylı mənzil miras qalmışdır. Cavabdeh iddiaçıların qardaşıdır. Tərəflər arasında miras əmlakın bölünməsi barədə mübahisə olduğuna görə 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinin Notariusu tərəfindən 07 mart 2023-cü il tarixli, 566 saylı imtina məktubu verilmişdir. Aralarında olan mübahisə ondan ibarətdir ki, cavabdeh anaları sağ olarkən ona baxmamış, münasibətləri yaxşı olmamışdır. Hər dəfə anası və iddiaçılar tərəfindən mərhum analarının müalicəsi və xəstəliyi ilə əlaqədar bir övlad kimi köməklik etməsini istəsələr də, cavabdeh etinadsızlıq edərək biganəlik göstərmişdir. Heç bir vaxt anasına qayğı və diqqət göstərməmiş, onunla maraqlanmamışdır. İddiaçılar mərhum anaları ilə yaşayaraq onun qayğılarını və ehtiyaclarını ödəmişlər. O cümlədən, mənzili təmir etdirərək tərəflərindən 10000 manat məbləğində miras əmlaka pul qoyulmuşdur. Eyni zamanda, X3 miras qalmış ünvan 5, 4 saylı mənzildə son illərə kimi onlar yaşamışlar və dəfn xərcləri, yas mərasimləri onlar tərəfindən həyata keçirilmişdir. Həmçinin anaları - X5 xəstəliyi ilə əlaqədar qayğılarını çəkmiş, müalicə və müayinələrini öz hesablarına etmişlər. Qardaşları Cavabdeh analarının dəfn mərasiminə dəvət olunsa da, gəlməmiş, analarının müayinə və müalicə xərclərində iştirak etməmişdir. Bu xərclər 15000 manat təşkil etmişdir. Ümumilikdə tərəflərindən 25000 manat xərc çəkilmişdir. Çəkilmiş xərclərə dair şahidləri məhkəmədə ifadə verə bilərlər. Buna görə də miras əmlak onların arasında bərabər paylarla deyil, miras əmlakda onların üstünlük hüquqları nəzərə alınmaqla cavabdehə mirasdan bərabər paydan az hissədə miras verilməlidir. Cavabdeh ünvan 1 ünvanında yaşamış, hazırda Qobustan rayonunda yaşayır. Uzun müddət SK zavodunda fəhlə kimi işləmişdir. Göstərilənlərə əsasən mərhum anaları- X3 miras qalmış ünvan 5, 4 saylı mənzilin bölgüsünü apararaq iddiaçılara 3/4 pay, Cavabdeh 1/4 payın müəyyən olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh İddiaçı2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, anası ağır xəstə olan zaman mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 29/32A, 4 saylı mənzili 10 il müddətinə xx.xx.2028-ci il tarixinə qədər etibarnamə əsasında bütün işlərin görülməsini ona həvalə etmiş, hətta evin alqı-satqısını etməyi də ona bildirmişdir. Buna dair xx.xx.2018-ci il tarixli etibarnamə də vardır. Son 5 ildə anasının vəziyyətinin ağırlaşması, etibarnamə əsasında görüləcək işlərinə maneçilik törətmişdir. xx.xx.2022-ci il tarixdə anası X12 dünyasını dəyişdi. O, Sumqayıt şəhəri, 16-cı məhəllə ev 29/32A, 4 saylı mənzilini təmir etdirmişdir. Təmir pullarını özü ödəmişdir, anası xəstəxanalarda yatan zaman onun yanında o olmuşdur. İynə-dərmanlarını, müalicəsini o etdirmişdir. Bu barədə video görüntülər də vardır. Dəfn mərasimlərini həm o, həm də bacısı Gülbibi etmişdir. Sinə daşını öz hesablarına etmişlər. Bu səbəbdən heç vaxt anasının yanına gəlməyən, onu dindirməyən, nə müalicəsinə, nə də müayinəsinə köməklik göstərməyən, hətta dəfn mərasimində iştirak etməyən Cavabdeh yalnız varlanmaq məqsədilə vərəsəlik alaraq miras əmlakın bölüşdürülməsini istəyir. Böyük qardaşı X7 öz payından imtina edir ki, analarına qulluq edən bacıları olmuşdur.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, bildirmişdir ki, miras qoyan sağlığında iddiası İddiaçı1 tərəfindən aldadılmış və onun mülkiyyətində olmuş Sumqayıt şəhəri,1-ci mikrorayon ev 122-də yerləşən 74 nömrəli mənzilini sataraq ünvan 5-da yerləşən 4 saylı mənzili öz adına almış və həmin mənzilə qeydiyyata düşmüşdür. Miras qoyan bu barədə sonradan xəbər tutmaqla cavabdehə qarşı Sumqayıt Şəhər Məhkəməsində mənzil, pul tələbinə dair iddia qaldırmış, lakin o iddiaçıdan pulu ala bilməmiş, borcun onun adına olmuş mübahisəli mənzilə yönəldilməsi barədə iddia qaldırmış və məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən mübahisəli mənzil miras qoyanın mülkiyyətinə keçmişdir. Miras qoyanla iddiaçı arasında 10 illər boyu məhkəmə mübahisəsi davam etmiş, Sumqayıt şəhər Polis İdarəsində iddiaçı barəsində miras qoyanın şikayəti əsasında material toplanmış və axtarış işi olmuşdur. Miras qoyan iddiaçı barəsində sağlığında dəfələrlə şikayət və iddia ərizələri ilə məhkəməyə müraciət edərək ondan pul, qızıllarını tələb etmiş hətta artıq miras mənzil məhkəmə qərarı əsasında onun adına keçdikdən sonra iddiaçının həmin mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. Miras qoyan S.Səfərova artıq xəstələnib yatağa düşdükdən sonra iddiaçı gəlmiş və sağlığında daima məhkəmə çəkişmələrində olan miras qoyandan miras pay tələb etmiş, hətta miras əmlak 3 vərəsə arasında bölünsə də, o, bununla razılaşmayaraq daha çox paya iddia etmişdir. Cavabdeh bu miras əmlaka hüququ olan vərəsələrdən biridir və onunla heç vaxt miras qoyan arasında hər hansı bir məhkəmə mübahisəsi olmamış və mərhum S.Səfərova cavabdeh barəsində hər hansı bir orqana müraciət etməmiş və onunla normal münasibətdə olmuşdur. Bununla bağlı iddiaçı hər hansı bir sübut təqdim etməmiş və özü də məhkəmədə miras qoyanın onunla münasibətinin normal olmadığını etiraf etmişdir. Miras əmlakda Cavabdeh payı 1/3 hissədə müəyyən olunmuşdur və qaldırılmış iddia tam əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, tibb bacısı işləyir və tərəflərin anası Starə Səfərova vəfat edənədək tibbi yardım göstərmişdir. O, Starə xanımın evinə gedən zaman sözügedən evdə sadəcə iddiaçıları, xüsusilə də İddiaçı2 və Starə xanımın bacısını görürdü. Cavabdehi tanımır. Starə xanım vəfat etməmişdən əvvəl telefon danışığı ilə cavabdehə onu görmək istədiyini bildirsə də, cavabdeh anasını heç vaxt görməyə gəlməmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, mənzil kommunal istismar sahəsinin işçisidir. Mərhum Starə xanımın bacısı onun yaşadığı məhəllədə dalandar işləyirdi. Starə xanımın bacısı çox zaman işdən icazə alaraq, Starə xanımın qeydinə qalmaq üçün gedirdi. Dəfələrlə Starə xanımın vəziyyəti pisləşdiyi üçün yardım göstərmək üçün yaşadığı ünvana getmişlər. Bu müddət ərzində qızları anaları mərhum Starə xanımın qeydinə qalmışlar. Starə xanım hər zaman nəzarət altında olmuşdur. Mərhum Starə xanım işlədiyi mənzil kommunal istismar sahəsinə yaxınlaşaraq, sözügedən evin öz adına keçirilməsi ilə bağlı çıxarış aldığını bildirdi. Mənzil kommunal istismar sahəsi isə çıxarışa əsasən ev sahibinin Starə xanım olması ilə bağlı müəssisənin siyahısında qeydiyyatını apardı. Həmçinin, mərhum Starə xanım vəfat edən zaman iddiaçılar bütün dəfn və mərasim xərclərini şəxsən özləri qarşılamışlar. İddiaçıların qardaşını tanımır və onu həmin ərazidə görməmişdir.
10. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 5, mənzil 4 (yeni qaydalarla: ünvan 4) X5 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 85 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır.
11. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № ******* saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 15 mart 2022-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.
12. İş materiallarına əlavə olunmuş 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 04 mart 2023-cü il tarixli «Qanun üzrə X11 şəhadətnamə»nin surətindən surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri – ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X9 verilmiş **********79-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 6-cı məhəllə, ev 32A/29, mənzil 4,Yeni qaydalarla AZ5000, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 49.1 kv/m olan mənzildən ibarətdir.
13. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tərtib olunmuş aktdan məlum olur ki, qonşular X14, X15, X4 bu aktı ona görə tərtib edirlər ki, 16-cı məhəllə, ev 29/32A, mənzil 4 ünvanında qeydiyyatda olan mərhum X9 xəstə olan zaman qızı İddiaçı2 qulluq etmiş və dəfn zamanı xərcləri qızları İddiaçı2 və İddiaçı1 çəkmişlər. Aktı tərtib edənlər aktın düzgünlüyünü imzaları ilə təsdiq etmişlər.
14. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 567 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası-X5 vəfatından sonra qalmış mirasa əmlaka dair qanun üzrə X11 şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair xx.xx.2022ci il tarixli ərizəsi qeydə alınmışdır, vərəsələrə xx.xx.2023-cü il tarixdə 2V-295 reyestr nömrəli Qanun üzrə X11 Şəhadətnamə verilmişdir. Miras əmlakına dair vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur.
15. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 49,1 kv/m olan ünvan 5, mənzil 4 (yeni qaydalarla, ünvan 4) 1/3 hissədə Cavabdeh, 1/3 hissədə İddiaçı2, 1/3 hissədə İddiaçı1 məxsusdur və bu barədə 85 nömrəli reyestr kitabının 133 nörməli vərəqində **********, ********** nömrələr ilə qeydiyyat aparılmışdır.
16. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-955/2023 nömrəli “daşınmaz əmlakın hüquqi rejimi” barədə məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 4 saylı mənzil Sumqayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 11/796 saylı order əsasında X6 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2003-cü il tarixli 4Ə3/327 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2009-cu il tarixli, 4Ə3/468 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil üzərində İddiaçı1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İcra olunması üçün idarəyə daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin 29060)-3527/24 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə mənzil üzərinə X5 hüquqları qeydiyyata alınmışdır. Bundan sonra təqdim olunan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli, 2V-291 və 2V-295 reyestr nömrəli qanun üzrə X11 şəhadətnamələri əsasında paylı mülkiyyət hüququ üzrə Cavabdeh, İddiaçı2 və İddiaçı1 1/3 hissədə adlarına qeydiyyata alınmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 5 ünvanında yerləşən 4 saylı mənzil tərəflərin anası X9 məxsus olmuş, 15 mart 2022-ci il tarixdə X12 vəfat etmişdir. Mərhumun övladları miras əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişlər, müraciətləri əsasında hər birinin 1/3 payı müəyyən olunmaqla X11 şəhadətnamələr verilmişdir. Hazırda iddiaçılar ünvan 5, 4 saylı mənzilin bölgüsünü apararaq onlara 3/4 pay, Cavabdeh isə 1/4 payın müəyyən olunmasını tələb edirlər. Cavabdeh iddia tələbi ilə razı deyildir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
20. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
21. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
22. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
23. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
24. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
25. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
26. Eyni Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
27. Göstərilən Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
28. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin analarından miras qalmış əmlaka - ünvan 5, 4 saylı mənzilə 1/3 hissə olmaqla payları müəyyən olunmuş və buna müvafiq olaraq vərəsəlik şəhadətnaməsi verilmişdir.
29. Məhkəmə işin yuxarıda sadalanan hallarını və işin materiallarını nəzərdən keçirib hesab edir ki, miras qalmış mübahisəli əmlaka tərəflərin notariat ofisinə ünvanladığı müraciətləri əsasında bərabər şəkildə pay hüquqları müəyyən edilməsi qanunamüvafiqdir. 30.Məhkəmə qeyd edir ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. 31.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər anaları vəfat etdikdən sonra mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etmiş və mirası 1/3 hissədə qəbul etmişlər. Bununla əlaqədar miras əmlaka dair tərəflərə qanun üzrə X11 şəhadətnamə verilmiş, bunun əsasında tərəflər 1/3 hissə olmaqla paylı mülkiyyətlərini hüquqi qeydiyyatdan keçirmişlər.
32. Göründüyü kimi mübahisəli əmlakın paylı mülkiyyətə verilməsinə əsas olmuş qanun üzrə X11 şəhadətnamə(lər) və onun əsasında verilmiş çıxarış(lar) mübahisələndirilməmişdir.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenumunun Qərarina əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.
34. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakın bölünməsi və payların müəyyən olunması tələbi"nə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakın bölünməsi və payların müəyyən olunması tələbi"nə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şəbnəm Həxiyeva