Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2569/2025 24.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X4 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X8 Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1343,63 manat borcun (abonent kodu:**********070) və 33,44 manat dövlət rüsumunun tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********070) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablanmışdır. Həmin ünvana xx.xx.2010-cu il tarixində SSS-15 markalı, 680879 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 1343,63 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı hüquqi şəxs olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 (VÖEN: **********) tərəfindən əsassız olaraq hesablanmış 1343,63 manat borcun (abonent kodu: **********070) və 33,44 manat dövlət rüsumunun tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair iddia tələblərinə qarşı qəti etiraz etməklə, onun tamamilə qanunsuz və əsassız olduğu üçün, eləcə də qanunla müəyyən edilmiş 3 illik iddia müddətini 15 il ötürdüyü üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçı hüquqi şəxs olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 (VÖEN: **********) ona qarşı “Su təchizatı və tullantısularımn axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair” iddia tələbləri üzrə mülki iş vardır. Hal-hazırda, həmin iddia tələblərinə qarşı öz qəti etirazını bildirməklə, onun tamamilə rədd edilməsini məhkəmədən xahiş edir. Belə ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 özünün iddia ərizəsində göstərmişdir ki, onun tərəfindən Cavabdeh (abonent kodu: **********070) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularımn axıdılması xidmətləri göstərilir. İddiaçı tərəfindən 2010-cu ildə həmin ünvana sayğac qoyularkən bir günün içində 360 manat pul borc kimi yazıldı. Dərhal suya cavabdeh əməkdaşı oraya dəvət etmişdir. Həmin əməkdaş gəlib bildirdi ki, bu sayğac nasazdır və ona görə də dəyişdirilməlidir. Sayğacı açıb idarəsinə apardı. Həmin vaxtdan iddiaçı tərəfindən buraya nəinki sayğac qoyulmadı, hətta ondan aylıq ödəncləri almağa başladılar. İndi isə üstündən 15 il keçəndən sonra ondan qanunsuz və əsassız olaraq mövcud olmayan borcu tələb edirlər. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddəti barədə müddəalarına əsasən bu cür işlər üzrə iddia müddəti 3 il təşkil edir. İddiaçı isə bu müddəti nə az nə çox 12 il ötürmüşdür. Ona görə də, iddia tələbləri həm də iddia müddəti ötürülməsi səbəbindən təmin edilə bilməz. Daha sonra iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablanmışdır. Həmin ünvana xx.xx.2010-cu il tarixində SSS-15 markalı, 680879 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025ci il tarixinə 1343,63 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən cavabdehin su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 1343,63 manat borcu əsaslıdır və hesab edirik ki, iddia təmin edilərək həmin borc cavadehdən tutulmalıdır. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1343,63 manat borcun (abonent kodu: **********070) və 33,44 manat dövlət rüsumunun tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə çıxarılsın. Qeyd olunmalıdır ki, iddiaçının yuxarıda qeyd etdikləri ifadələr tamamilə qanunsuz və əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, iddiaçı onun maddi vəziyyətinə və ailə üzvlərinin yaşayış şəraitinə, hüquqlarına məhəl qoymadan özünün məlum iddia ərizəsi ilə onun konstitusion hüquqlarımı pozmuşdur. Həmin iddia ərizəsinə qarşı qəti etiraz etməklə, onun aşağıda göstərilənlərə əsasən, məhkəmə tərəfindən rədd edilməsini və onun məhkəmə Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olumuş ədalətli məhkəmə araşdırması hüquqlarını təmin olunmasını məqsədəmüvafıq hesab edir. Ailə üzvləri ilə birlikdə yuxarıda göstərdiyi ünvanda məskunlaşmışdır. Özü 2-ci qrup ağır xəstəlikdən əlildir. Həyat yoldaşı X1 2-ci qrup ağır onkoloji əlildir. X7 Mətləb oğlu 27 sentyabr 2019-cu ildə faciəli surətdə həlak olmuşdur. Bu cür ağır maddi durumda olan ailə iddiaçı tərəfindən qanunsuz və əsassız hesablanmış 1343,63 manat və 33,44 manat pul vəsaitini nə üçün və hardan ödəməlidir?! Halbuki evində həmişə bütün kommunal xidmətlərə görə haqları, o cümlədən su sərfıyyatı haqlarına görə məbləğləri vaxtlı-vaxtında ödəmiş və heç bir borcu da yoxdur. Və iddiaçı gəlib bu barədə xəbərdarlıqlar tərtib etdi. Lakin sonradan göstərilən rəsmi müraciətlərinə baxmayaraq, iddiaçı təşkilat tərəfindən naməlum qaydalar əsasında qanunsuz və əsassız olaraq ailəsinin heç bir borcu olmamasına baxmayaraq göstərilən ünvana 1343,63 manat pul borc hesablanmışdır. Dəfələrlə həmin idarəyə müraciət etmiş və bildirmişdir ki, evdə onların iddia etdiyi dövrdə heç bir borc yaranmamış və göstərilən xidmətlərə görə hesabatı düzgün hesablasınlar. Belə ki, baş vermiş hadisədən sonra sayğacın yararsız hala düşməsinə və sairə görə məsuliyyət daşımırlar, çünki bu hadisə iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, yoxlanılmadan nasaz sayğac quraşdırmaqla onu aldatmışlar, çünki saz vəziyyətdə olan sayğac heç vaxt qoşulan kimi nasaz vəziyyətə düşərək bir gündə 360 manat məbləğ yaza bilməzdi. Bu barədə iddiaçı həmin dövrdə akt da tərtib edərək sayğacı özü söküb aparmış və bir daha yeni sayğac quraşdırmayaraq hər ay ondan su pulu almışdır. Bundan başqa, sayğac iddiaçı tərəfindən sökülüb aparılarkən hətta plonbu da pozulmamış şəkildə üstündə olmuşdur. Deməli sayğaca müdaxilə belə olunmamış, sadəcə olaraq istehsalçı zavoddan gətirilərkən sayğac keyfiyyətsiz və nasaz olmuşdur. Sayğac keyfiyyətsiz olduğu üçün burada onluq heç bir şey yoxdur. Aktın bir nüsxəsi təqdim edilməmişdir. Dəfələrlə iddiaçı təşkilata gedib maraqlanmış, lakin dedilər ki, narahat olmayın cavab gələcək. Sonuncu dəfə iddiaçı bildirdi ki, ona cərimə hesablanmışdır. İddiaçı ona bildirmişdir ki, onlar bu hesablamaları cərimə kimi yazmışlar poza bilməzlər. Lakin sayğacın olmamasını nəzərə alaraq məsuliyyətin onların üzərində adığı və hər hansı nöqsanın onun təqsiri olmadan yaranması tam sübut olunur. Bu səbəbdən onlar həmin borcun sayğac olmadan hansı metodlarla necə hesablamasını izah lədilər və bu heç bir məntiqə sığmır. Lakin onlar bu suala cavab verə bilmədilər. Beləliklə iddiaçı tərəfindən qeyri-qanuni olaraq ona borc hesablanmış, 1343,63 manat borc pulunun ödənilməsi qanunsuz olaraq tələb anmuşdur. Bu haqsızlığa son qoyulması məqsədi ilə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunan borcun əsassızlığım iddiaçıya dəfələrlə bildirsə də, hər hansı bir nəticəsi olmamışdır. Ona qarşı qərəzli mövqe saxlayan iddiaçı onun arqumentlərinə əhəmiyyət verməmişdir. Bu qanunsuzluq iddiaçı təşkilat tərəfindən digər istehlakçılara qarşı çox istifadə olunur. Belə ki, iddiaçı qanunla üzərinə düşən vəzifəni istehlakçının üzərinə qoymağa çalışır. İddiaçının ona qarşı tələbi bəhanədən başqa bir şey deyildir. Sudan istifadəyə dair münasibətləri nizamlayan iddiaçı ilə onun arasında bağlanmış müqavilənin müddəalarına əsasən su sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi su istehlakçının vəzifələri sırasına daxil edilməmişdir. Onun tərəfindən su sayğacına hər hansı bir müdaxilə olmamış, digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olması qeyri-mümkündür. Digər tərəfdən həmin su sayğacı iddiaçı təşkilatın mütəxəssisləri tərəfindən götürülərkən iştirakı olmadan texniki baxış keçirilmiş və lakin bundan sonra ona həmin sayğacın nasaz olması barədə məlumat verilmişdir. Evində olan yaşayış sahəsinə aid su sayğacının nasaz hesab edilməsi barədə tərtib edilmiş akt vardır, iddiaçıda qalmışdır və iddiaçı tərəfindən qanunsuz hesablanmış borc əsassızdır. Adi riyazi hesablama və təqdim edilmiş mötəbər sübutlardan tam aydın olur ki, iddia tələbləri əsaslıdır və tam təmin olunmalıdır. Beləliklə də, iddiaçı tərəfindən ona qanunsuz borc hesablanmışdır. İddiaçı tərəfin isə tələblərini rədd edə biləcək heç bir dənə də olsun sübütu belə yoxdur. Bütün bu sübütlardan məlum olmuşdur ki, iddiaçı təşkilat bu qanunsuz borcların arasında bağlanmış hansı müqavilənin, sazişin və ya öhdəlik iltizamının olması əsasında gəldiyini göstərməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən tələbləri təmin edilməli, iddiaçı hüquqi şəxs olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 (VÖEN: **********) tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1343,63 manat borcun (abonent kodu: **********070) və 33,44 manat dövlət rüsumunun tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair iddia tələblərinin qanunsuz və əsassız olduğu üçün, eləcə də qanunla müəyyən edilmiş 3 illik iddia müddətini 15 il ötürdüyü üçün rədd edilməsi barədə qətnamə çıxarılmalıdır.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X4 nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahat verərək sayğacın keyfiyyətsiz olduğunu bildirmişdir. Dəfələrlə iddiaçı təşkilata getmiş, iddiaçı tərəfindən cərimə hesablandığı və pozula bilməz olması bildirilmişdir. Sayğacın olmamasını nəzərə alaraq məsuliyyətin onun üzərində olmaması və hər hansı nöqsanın onun təqsiri olmadan yaranması sübut olunur. Bu səbəbdən iddiaçı tərəfindən həmin borcun sayğac olmadan hansı metodlarla necə hesablanmasını izah etmədilər. Beləliklə, iddiaçı tərəfindən qeyriqanuni olaraq ona borc hesablanmış və 1343,63 manat borc pulunun ödənilməsi qanunsuz olaraq tələb olunmuşdur. Qeyd olunan borcun əsassızlığını iddiaçıya dəfələrlə bildirsə də, hər hansı nəticəsi olmamışdır. Ona qarşı qərəzli mövqe saxlayan iddiaçı arqumentlərinə əhəmiyyət verməmişdir. Onun tərəfindən su sayğacına hər hansı müdaxilə olmamışdır. Ona məxsus su sayğacı iddiaçı təşkilatın mütəxəssisləri tərəfindən götürülərkən onun iştirakı olmadan texniki baxış keçirilmiş və bundan sonra ona sayğacın nasaz olması barədə məlumat verilmişdir. İddiaçı tərəf 3 illik iddia müddətini 15 il ötürmüşdür.
Tədqiq olunan sübutlar:
6. Abonent kartından görünür ki, abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 1343,63 manat borcu yaranmışdır.
7. İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X8 tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixdə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən 7 iş günü müddətində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə göstərilən xidmətlərin dayandırılacağı, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulacağı barədə xəbərdarlıq olunmuşdur.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. -377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. -377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. -377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. -377.4-cü maddəsinə görə reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
10. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun
-4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. -4.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. -5.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. -30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və ya müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. -61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. -62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın
-2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKMin vəzifələrinə aiddir. -4.1.3-cü maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. -5.1.5-ci maddəsinə əsasən istehlakçının hüquqlarına verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ aid edilmişdir. -7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
12. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında **********070 abonent kodu ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. O, xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 1343,63 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir.
13. Şərh edilənlərdən görünür ki, cavabdeh içməli sudan və çirkab sularının axıdılmasına görə iddiaçının xidmətlərindən istifadə etsə də, yaranmış borcu vaxtında ödəməməklə öhdəliyini pozmuşdur.
14. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə 3 illik iddia müddətinin təbiq edilməsini məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gəldiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 373.3-cü maddələrinə uyğun olaraq iddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X4 tələbinə üç illik iddia müddəti şamil edilməlidir.
16. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi borc məbləğinin son üç ilə görə hesablanmış hissəsi istisna olmaqla, qalan hissəsi üzrə mülki qanunvericilikdə nəzərdə tutula iddia müddəti keçmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia iddiaçı tərəfindən son 3 ilə görə hesablanmış borc məbləği istisna olmaqla, qalan hissədə iddia təmin edilməməlidir.
17. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
18. Son üç ilə görə hesablanmış borcun məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, iş materialına əlavə edilmiş abonent kartından görünür ki, cavabdehə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 2022-ci ilin fevral ayından 2023-cü ilədək ödənişlər nəzərə alınmaqla 172 (yüz yetmiş iki) manat, 2023-cü il üzrə 218 (iki yüz on səkkiz) manat, 2024-cü il üzrə 240 (iki yüz qırx) manat, 2025-ci ilin yanvar, fevral ayları üzrə 40 (qırx) manat borc hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia cavabdehin iddiaçıya son 3 il ərzində borclu olduğu 670 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində təmin edilməlidir.
19. Bundan başqa abonent kartından göründüyü kimi «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X8 tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə hesabat ünvanda sayğacın olmaması səbəbindən 4 (dörd) nəfər ailə tərkibinə görə aparılmışdır. Məhkəmə iclaslarında iştirak edən cavabeh də qeyd edilən ünvanda 4 nəfər ailə üzvünün yaşadığını bildirmişdir.
20. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, su təchizatı sularının axıdılması xidmətlərindən istifadəyə görə cavabdehdən iddiaçının xeyrinə 670 (altı yüz yetmiş) manat məbləğində borc tutulmalıdır.
Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 670 (altı yüz yetmiş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X6 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva