Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-257/2023 17.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 45-ci məhəllə ünvanında yerləşən 6/79 saylı evin 11 saylı mənzilinə, yeni qaydalarla AZ 5007, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 475, M5, m 2 ünvanında yerləşən yaşayış sahəsinə 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə yaşayış-istifadə hüququna xitam verilməsi və cavabdehin qeyd olunan mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri,45-ci məhəllə ünvanında yerləşən 6/79 saylı evin 11 saylı mənzili (yeni qaydalarla AZ 5007, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 475,M5,m2) qeydiyyat nömrəsi 14150l3089, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Seriya RX ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzildə həyat yoldaşı İlham Allahyarov vəfal etdikdən sonra onunla oğlu Cavabdeh ilə yaşamışlar. Ancaq həyat yoldaşının ölümündən sonra cavabdeh iddiaçının öz mənzilində yaşamağını mümkünsüz etmişdir. Belə ki, cavabdeh heç yerdə işləmədiyi halda, onun qazancı ilə dolanmaqla yanaşı, onu guya taksi fəaliyyəti ilə məşğul olacağı barədə bildirdiklərinə inandıraraq ona avtomobil almağa vadar etmiş, lakin nəinki taksi fəaliyyəti ilə məşğul olmamış əksinə mütəmadi olaraq yol hərəkət qaydalarını pozaraq, iddiaçını maddi cəhətdən əlavə ziyana uğratmışdır. Bu azmış kimi cavabdeh Şəms adında qızı da qaçıraraq mənzilə gətirmiş və iddiaçı artıq onların ikisinin xərcini çəkərək saxlamaq məcburiyyətində qalmışdır. İddiaçı bu yaşında kafedə işləyib pul qazanmaq məcburiyyətində qalmışdır. Cavabdehin artan maddi tələblərini ödəmək iqtidarında olmadığından o iddiaçıya qarşı şiddət tətbiq etməyə başlamış, dəfələrlə söyüb təhqir etdikdən sonra fiziki iztirablar da verməyə başlamışdır. Вütün bu təhqir və təzyiqlərin yeganə səbəbi cavabdehin mənzilindən çıxarmaqla mənzili ələ keçirtmək niyyəti olmuşdur. Ona qarşı edilən təhqir və fiziki əziyyətlərin davam etməsi səbəbindən iddiaçı bir neçə aydır ki, öz mülkiyyətində olan mənzilini tərk edərək bacı-qardaşın və digər qohumlarının yanına sığınmaq məcburiyyətində qalmışdır. Cavabdehin iddiaçıya qarşı qanunazidd hərəkətləri ilə bağlı olaraq məişət zorakılığından müdafiə edilməsi məqsədi ilə Sumqayıt şəhər icra Hakimiyyətinə müraciət etmiş, oradan da müraciəti baxılması üçün Sumqayrt şəhər Polis İdarəsinə ünvanlanmışdır. Вelə bir şəraitdə onun cavabdehlə bir mənzildə birgə yaşamaqları mümkün deyıldir. Bu səbəbdən cavabdehin müvafiq kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. İddiaçı daha öncə də bu tələblə məhkəməyə müraciət edərək cavabdehə 5000 (beş min) manat kompensasiya verməklə onun mənzilə olan istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Lakin məhkəmənin gedişatında təklif etdiyi kompensasiya məbləği az sayılaraq məhkəmə tərəfindən həmin məbləğin 7000 manata artırılması təklif edilmiş, lakin maddi imkanı aşağı olduğundan həmin kompensasiya məbləğinin artırılmasına razılıq verməmişdir. Nəticədə məhkəmə təklif edilən kompensasiya məbləğini cavabdehin mənzilə olan hüququna xitam verilməsi üçün kifayət etmədiyi qənaətinə gələrək Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(060)-2232/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Hal-hazırda borc pul taparaq kompensasiya məbləğinin 8000 (səkkiz min) manata artırılmasına razıdır, çünki cavabdehlə bundan sonra bir mənzildə yaşamaq istəmir və yaşaya da bilmir. Çünki cavabdehin anası olaraq ona qarşı etdiyi haqsızlıqları və aylardır evindən qovduğunu unuda bilmir. Hesab edir ki, onun hal-hazırda təklif etdiyi məbləğ cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması üçün əsas təşkil edəcəkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddia tələbi qanuni və əsaslıdır. İddiaçı mülkiyyətə aid olan hüquqlarından istifadə edə bilmir. Cavabdeh bir ildir ki, iddiaçını mənzilə buraxmır. Münasibətlərin yaxşılaşdırılması mümkün deyildir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh evin kirayə qiyməti ilə bağlı fərziyyələr irəli sürməsinə baxmayaraq, iddiaçı tərəf bununla bağlı rəsmi arayış təqdim etmişdir. Birinci məhkəmə iclasında cavabdeh özü də etiraf etmişdir ki, kirayə qiyməti 150-200 manat civarındadır. Onun hal-hazırda əsas məqsədi işi uzatmaqdır. Bu halda iddiaçının mülkiyyət hüquqlarını pozur. Mənzil təmirsiz vəziyyətdə, yəni köhnə təmirlidir. Cavabdeh heç bir yerdə işləmir və bir ildən çox müddətdir ki, iddiaçını mənzilə buraxmır. Qarşı tərəfin əsaslandığı halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmənin 30 noyabr 2022-ci il tarixdə keçirilən iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. O evdə doğulub böyümüş, 12 yaşından işləyib evi saxlamışdır. Ailəlidir. 2 aylıq uşağı vardır. Atası öləndən sonra anası mənzili bacısının adına keçirtmək istəmişdir. Anasının evdən çıxartmır. O, özü mübahisə yaradır, dava salır ki, onu evdən çıxartsın. Bacısının qaynanası oğlunu mənzildən çıxartmış, mənzilini qızına vermişdir. İndi anası da deyir ki, “mən də mənzilimi qızıma verirəm”. Hazırda həmin mənzilin kirayə haqqı 250 manatdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 6/79 saylı evin 11 saylı mənzili (yeni qaydalarla AZ 5007, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 475, M5, m2) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində, 16:10-16:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh 6 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-Kommunal sahəsinin 1036 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 45-ci məhəllə, ev 6/79 mənzil 11 ünvanında yaşayır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2232/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” iddiası rədd edilmişdir. Evlərin alqı-satqısı və kirayə verilməsi mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 6/79 saylı 5 mərtəbəli binada yerləşən 2 otaqlı sadə təmirli mənzilin bu günkü bazar qiymətləri ilə kirayəsi 200 manat civarındadır. Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-257/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə müstəqil qiymətləndiricinin rəyinin alınması ilə bağlı ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertlərinə tapşırılmış və e-2(060)-257/2023 nömrəli mülki işin materialları ekspertin sərəncamına verilmişdir. xx.xx.2023-cü il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 16 saylı rəyi məhkəməyə daxil olmuşdur. Toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 6/79 saylı evin 11 saylı mənzilinin həmin ərazidə kirayə haqqının orta bazar dəyəri 200 manat təşkil edir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.» Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mülkiyyət hüququ Azəbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Şərh olunan hüquq normalarının məzmunundan görünüdüyü kimi istifadə hüququnun xitamı zamanı, elə bir əvəzləşdirmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə iş materiallarında olan sənədlərə, iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilən hallara əsaslanaraq hesab edir ki, işin mübahisəsiz halı iddiaçıya mülkiyyət hüququ ilə məxsus mənzildə cavabdehin müdaxiləsi və cavabdehin bildirdikləri digər əsaslar səbəbindən yaşamasının mümkün olmamasıdır.Məhkəmə qanunverciliyin norması və formalaşmış hüquqi mövqeyə uyğun olaraq cavabdehin hazırda yaşadığı mənzilə və müəyyən müddət yaşayışının təmin edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş, ekspertiza tədqiqatının nəticəsi olaraq eyni şəraitli mənzildə yaşayış üçün kirayyə haqqı 200 manat olması barədə rəy verilmişdir.Bununla məhkəmə verilmiş iddia tələbinin əsaslı olmasını, təklif olunan 8000 manat konmensasiya məbləğinə uyğun olması baxımından əsaslı hesab edir.Bundan əlavə cavabdeh tərəfindən iddia tələbinə dair etiraz və mülahizələrinin dəlillərinin nədən ibarət olması əsaslandırılmamış, məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamış, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququnun itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Həmçinin qeyd olunmuşdur ki, bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 45-ci məhəllə ünvanında yerləşən 6/79 saylı evin 11 saylı mənzilinə, yeni qaydalarla AZ 5007, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 475, M5, m 2 ünvanında yerləşən mənzildən yaşayış-istifadə hüququna İddiaçı tərəfindən 8000 (səkkiz min manat) ödəməklə xitam verilsin və Cavabdeh Sumqayıt şəhəri, 45-ci məhəllə ünvanında yerləşən 6/79 saylı evin 11 saylı (yeni qaydalarla AZ 5007, ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-257/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-257/2023
17.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver