Məhkəmə qərarları › İş №e-2(060)-2596/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2596/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2596/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə S4K4590268 saylı müqavilə üzrə 440 manat əsas, 132 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 602 manatın tutulması və müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, cavabdehdən iddiaçının xeyrinə 330 manat əsas, 132 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 492 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən borclu ümumi dəyəri 771 manat olan 1 ədəd “Xiaomi Mi A1” markalı telefon almış, ilkin ödəniş olaraq 51 manat ödəniş etmiş, nəticədə 720 manat borc yaranmışdır. Borclu tərəfindən sonuncu dəfə müqavilə üzrə 20 manat ödəniş edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bundan başqa iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı “Xiaomi Mi A1” markalı telefonu cavabdehə satmış və cavabdeh iddiaçıdan aldığı həmin məhsulun dəyərini 51 manat ilkin ödəniş çıxıldıqdan sonra 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. - Qaimədən görünür ki, “Xiaomi Mi A1” markalı telefon borcluya təhvil verilmişdir. - Cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmış və iddiaçı müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 330 manat əsas borcu qalmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək. sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əşyanın alqı-satqısına dair müqavilə mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. Ona görə də iddia əsas borc hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsaəsn alıcı ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-İ həcmində satıcının xeyrinə gecikmə faizi ödəyir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən 15 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Odur ki, iddia cərimənin tutulması hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, tutulmalı məbləğ 1000 manatdan aşağı olduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-230-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh S4K4590268 saylı müqavilə üzrə 330 manat əsas, 15 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 375 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar