Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2616/2022 22.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi-Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X29 Xidmət mərkəzində Notariat Ofisinə, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin Xaçmaz 5 saylı Ərazi İdarəsinə qarşı miras əmlakın qəbul edilməsi, vərəsəlik haqda şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Quba rayon, Uzunmeşə kəndində yerləşən, iddiaçının qaynanası X5 məxsus olmuş fərdi yaşayış evinin və 0,17 ha torpaq sahəsinin miras əmlak kimi iddiaçı tərəfindən qəbul edilmiş hesab edilməklə, Cavabdeh1 adına Quba regional “ASAN xidmət”mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-47 reyestr nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsi iddiaçının qaynanası X1 irs qalmışdır. Şahzadə Novruzova xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Şahzadə Novruzovanın ölümündən sonra iddiaçının əri (Ş.Novruzovanın oğlu) həmin miras əmlakı faktiki olaraq qəbul etmişdir. Onlar bir ailə olaraq 1993-cü ildən həmin miras əmlaka qanuni sahiblik etmişik və istifadə etmişlər, bu illər ərzində orada torpağa, ağaclara qulluq etmiş, meyvə ağacları əkmiş, təmir işləri aparmış və mirası qorumuşlar. İddiaçının ərinin qardaşı X22 isə mirası qəbul etməmişdir. İddiaçının əri X23 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Onun vəfatından sonra miras əmlakı iddiaçı qəbul etmiş və bu günə qədər də həmin miras əmlak iddiaçının istifadəsində və sahibliyindədir. Miras evi və torpaq sahəsini 1993-cü ildən iddiaçının əri, 2005-ci ildən isə iddiaçının özü tərəfindən qəbul edilməsini kənd sakinləri təsdiq edə bilərlər. Bu hallar təsdiq edir ki, həmin miras iddiaçının əri və iddiaçının özü tərəfindən qəbul edilmişdir və bu halda bu miras onların mülkiyyəti olmuşdur.Miras qoyanın oğlu və onun da ölümündən sonra isə arvadı faktiki olaraq mirası qəbul etmədikləri və mirası qəbul etmələri barədə qanunla müəyyən edilmiş 6 ay ərzində bu barədə notariat kontoruna müraciət etmədikləri üçün onların bu mirasa hər hansı bir hüquqları yaranmamışdır. Onların isə əvvəlcə 1993cü ildə qaynanası öldükdən sonra mirası faktiki qəbul edib idarə etməyə, qorumağa başladıqları gündən ərinin, əri öləndən sonra isə iddiaçının vərəsəlik hüququ yaranmışdır. Belə ki,vərəsəlik açılarkən 1993-cü ildə qüvvədə olan Azərbaycan Respublikası MMnin(1964-cü il redaksiyada) 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən,vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən,qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla,uşaqlar,ər(arvad) və ölənin valideynləri birinci növbədə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən,mirası qəbul etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Qəbul edilmiş miras onun açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İşin yuxarıda göstərilən hallarından və maddi hüquq normalarından aydın olur ki, bu miras əmlak iddiaçının əri və onun ölümündən sonra da iddiaçı tərəfindən faktiki olaraq qəbul edilərək idarə olunub, cavabdehin isə nə əri, nə də özü miras açılandan bu günə kimi mübahisəli mirası faktiki olaraq qəbul etməmişlər, yalnız 2021-ci ildə, miras açılandan 27 il sonra bu barədə notariat kontoruna müraciət etmiş və miras əmlaka dair şəhadətnamə alaraq, miras əmlaka mülkiyyət hüquqlarını qeydə aldırıb çıxarış almışdır. Notariat işindən məlum olur ki, cavabdeh Əsli Novruzovun əri Nəriman Novruzov 1994-cü ildə miras qoyan anasının əmanət kasasında olan pullarına vərəsəlik haqda şəhadətnamə almışdır. Notarius da bunu əsas götürərək Cavabdeh1 tək vərəsə kimi mübahisə edilən vərəsəlik haqqında şəhadətnaməni vermişdir. Lakin bu zaman Cavabdeh1 bilərəkdən həmin miras qoyanın digər vərəsəsi-iddiaçının əri Nadir Novruzov və onun ölümündən sonra isə iddiaçının mövcudluğu barədə məlumat verməmiş, notarius isə vərəsələrin siyahısının müəyyən edilməsi, miras əmlakın kim tərəfindən bu illər ərzində faktiki qəbul edib-etməməsini müəyyən etməmiş, kənd icra nümayəndəliyindən miras əmlak və miras qoyanın vərəsələri barədə məlumat və arayış tələb etməmişdir. Hansı ki,cavabdeh də bilirdi ki, miras qoyanın ölümündən əri, ərinin vəfatından sonra isə iddiaçı miras əmlakı faktiki olaraq qəbul edib idarə etdiklərinə görə onlar artıq həmin mirası qəbul etmiş və həmin mirasın mülkiyyətçisi hesab edilirlər. Ona görə də belə hesab edir ki, yuxarıda şərh olunanlara və istinad edilmiş maddi normalara əsasən cavadehin miras əmlaka dair almış olduğu vərəsəlik haqda şəhadətnamə etibarsız hesab edilməli və bunun əsasında verilmiş çıxarış ləğv edilməli, iddiaçının da vərəsə kimi hüquqları nəzərə alınmaqla, miras əmlaka 1\2 paylarla yeni vərəsəlik haqda şəhadətnamə və bunun da əsasında miras əmlaka 1\2 paylarla yeni çıxarış verilməlidir. Belə ki, iddiaçının əri 1993-cü ildən bu mirası faktiki olaraq qəbul etməklə,həmin miras əmlaka sahiblik və mülkiyyət hüququ qazanmış, onun 2005-ci ildə ölümündən sonra həmin miras əmlakı faktiki qəbul etmək və idarə etməklə iddiaçının həmin miras əmlaka mülkiyyət hüququ yaranmışdır. Belə ki, 2005-ci ildə qüvvədə olan Azərbaycan Respublikası MM-nin 1243.2. maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı da əri tərəfindən 1993-cü ildə faktiki olaraq qəbul etdiyi mirası 2005-ci ildə ərinin ölümündən sonra faktiki olaraq qəbul edib ona sahiblik etməyə və idarə etməyə başlamış və bu günə qədər də həmin sahibliyi və idarəçiliyi davam etdirmişdir. Bu halda Cavabdeh1 vərəsəlik haqda şəhadətnaməsi etibarsız hesab edilməklə, çıxarış ləğv edilməli, mirası faktiki olaraq 1993-cü ildə əri Novruzov Nadir qəbul etmiş hesab edilməli, 2005-ci ildə də iddiaçı qəbul etdiyi üçün bu miras iddiaçı tərəfindən qəbul edilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunanları təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-Vəkil iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunanları təsdiq etdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh1 sərhədkeçmə məlumatlarından görünür ki, o, xx.xx.2022-ci ildə Azərbaycan Respublikası hüdudlarını tərk etmiş və bir daha geri qayıtmamışdır. Cavabdehin rəsmi qeydiyyat ünvanına bildiriş göndərilməsinə baxmayaraq o, həmin ünvanda yaşamadığı üçün bildiriş ona təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdeh Quba Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin Xaçmaz 5 saylı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq cavabdehlər Quba Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin Xaçmaz 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmafdan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, Cavabdeh1 oğludur, anası hazırda xaricdədir. İddiaçı onun mərhum əmisinin arvadıdır. Mübahisəli evə dair vərəsəlik işini anasının adına etibarnamə əsasında özünün apardığını, rəsmiləşdirilməsində özünün iştirak etdiyini bildirdi. Hazırda mübahisəli evin və torpağın iki hissəyə bölünməsin razı olduqlarını, gələcəkdə araya çəpər çəkilməsini, əmlakın iki hissəyə bölünüb giriş-çıxış qapısının müəyyən olunmasında iddiaçının maneçilik törətməməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, mübahisəli əmlak daima onlar və iddiaçının ailəsi tərəfindən istifadə edilibdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, iddiaçı ilə eyni kənddə yaşamışdır. Mübahisəli əmlak Şahzadə Novruzovaya məxsus olmuşdur. 1993-cü ildə Şahzadə Novruzova öldükdən sonra onun hər iki oğlu gəlib Quba rayonu Uzunmeşə kəndində yerləşən evdə qalmışdırlar. Həmin əmlakda ən çox mərhum Nadir və Dilavər yaşamışdır. 2005-ci ildə Nadir öldükdən sonra Dilavər tez-tez gələrək mənzildə yaşamışdır. İddiaçının nümayəndəsi-vəkilinin sualına cavab verərək bildirdi ki, mənzili kimin təmir etdirdiyini dəqiq bilmir, amma belə hesab edir ki, Dilavər daha çox yaşayıbsa ehtimalla o etdirib. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X8 xx.xx.1993-cü il tarixdə Quba rayonu Uzunmeşə kəndində ölmüşdür (Qocalıq Bioloji ölüm). - Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, 1949-cu il təvəllüdlü X13 atası X20, anası X6r. - Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2005-ci il tarixdə beyinə qansızma nəticəsində ölmüşdür. - Quba rayon nikah şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə İddiaçı arasında xx.xx.1976-cı il tarixində nikah bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 24 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1ində 0,17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X7 məxsusdur. - Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 850 saylı, 17 mart 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1i ünvanında yerləşən fərdi yşayış evinə və 0,17 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixdə Quba Regional “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisində S.M.Novruzovun vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1993-cü ildə vəfat etmiş X2 vərəsələri, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.2007-ci il tarixdə vəfat etmiş X14 arvadı ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1dır və miras əmlakdan 1/1 hissədən pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X7 verilmiş **********52-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 223,6 kv/m, yaşayış sahəsi 29.9 kvm yardımçı sahəsi 193.7 kv/m, 2 otaqdan ibarət olan fərdi yaşayış evi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X7 verilmiş **********52-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,17 ha torpaq sahəsindən ibarətdir. - Cavabdeh1 (əvəzinə Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisində xx.xx.2019-cu il tarixdə verilmiş 7E-8920 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X12) tərəfindən Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X7 verilmiş **********52-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında etibarnamə ilə təmsil etdiyi Cavabdeh1 mərhum X3 mülkiyyətində olmuş ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə və 0,17 ha torpaq sahəsinə dair qanun (vəsiyyət) üzrə vərəsəlik şəhadətnaməsi alması ilə bağlı müraciət etmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanladığı **********39 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52-10301 reyestr nömrəli çıxarışa əsasən əvvəllər X7 məxsus olmuş Quba rayonu Uzunmeşə kəndində yerləşən fərdi yaşayış evi Quba regional “ASAN xidmət” notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-47 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 mülkiyyət hüququ tanınmış və hal-hazırda Cavabdeh1 mülkiyyətindədir. - Quba rayonu, Alpan Bələdiyyəsinin 17 mart 2022-ci il tarixli, 023 saylı arayışından görünür ki, İddiaçı əri X23 xx.xx.2005-ci ildə öldükdən sonra İddiaçı qaynanası X4 adına 14 №-li təsərrüfatbaşı kitabda qeydiyyata alınmış 0,17 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli, iki otaqlı evə sahiblik edir. - xx.xx.2019-cu il tarixli, AR-İ № 793404 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 X10 10 il müddətinə etibarnamə vermişdir. - xx.xx.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1993-cü ildə ölmüş vətəndaş X2 əmlakının vərəsələrinin hər biri Quba şəhəri, Vaqif küçəsi 19-N-lidə yaşayan irs qoyanın oğlu X21r. - X14 notariat kontoruna yazdığı 31 mart 1994-cü il tarixli ərizədən görünür ki, ərizənin digər qohumlar haqqında məlumat qrafası boş saxlanılmışdır. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli əmlak X5 məxsus olmuşdur. Ş.Novruzova öldükdən sonra vərəsələrindən uşaqları Sabir və Nadir qalmışdır. Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 850 saylı, 17 mart 2022ci il tarixli məktubundan görünür ki, ünvan 1i ünvanında yerləşən fərdi yşayış evinə və 0,17 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixdə Quba Regional “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisində S.M.Novruzovun vərəsələrinə, yəni Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 31 mart 1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə 09 mart 1993-cü ildə ölmüş Ş.Novruzovanın vərəsəsi kimi Sabir Novruzov göstərilmiş, miras əmlak isə Quba rayonu 3409 saylı əmanən kassasında olan 51621 hesabda üzrə qoyulmuş əmanət pulundan ibarət olmuşdur. Quba “ASAN xidmət” mərkəzinin notariat ofisinin 17 mart 2022-ci il tarixli məktubuna əsasən, İddiaçı Ş. Novruzovadan miras qalmış əmlakdan çatası miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişlər. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1ində yerləşən mübahisəli mənzil X5 məxsus olmuşdur. X9 xx.xx.1993-cü il tarixdə ölmüşdür. X19 və Nadir adlı iki övladı olmuşdur. X23 xx.xx.2005-ci il tarixində, X22 isə xx.xx.2007-ci il tarixdə ölmüşdür. X14 arvadı Cavabdeh1, Novruzov Nadirin arvadı İddiaçıdir. Sabir Novruzov anasının ölümündən sonra 1994-cü ildə anasından qalmış bankdakı pul əmanətinin alınması üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Həmin şəhadətnamədə digər qohumlar qrafası müəyyən olmayan səbəblərə görə boş saxlanılmışdır. Nadir Novruzov isə anası Novruzova Şahzadə öldükdən sonra anasından qalma evdə yaşamış, onun əmlakına faktiki sahiblik etmişdir, eyni zamanda qeyd edilən əmlaka Sabir Novruzovda sahiblik etmişdir. Nadir Novruzovun və Sabir Novruzovun ölümündən sonra həmin əmlakda Nadirin arvadı İddiaçı və Sabirin arvadı Cavabdeh1 yaşayaraq sahiblik etmişlər, mirası faktiki olaraq qəbul etmişlər. Məhkəmə hesab edir ki, Sabir Novruzov bankdakı pul əmanətinə görə tək vərəsə kimi mirası qəbul etmiş, mirasın qəbulu haqqında şəhadətnamə almışdır, lakin Nadir Novruzov və arvadı İddiaçı həmin əmlakda yaşayaraq mirası faktiki olaraq qəbul etmişlər. Ona görə də Nadir Novruzovun onun ölümündə sonra isə İddiaçı mirasda payı var. Buna görə də xx.xx.2021-ci il tarixli, 2V-47 reyestr nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamə etibarsız hesab edilməli, bunun əsasında Cavabdeh1 adına verilmiş çıxarış ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Quba rayon, Uzunmeşə kəndində yerləşən, mərhum X5 məxsus olmuş fərdi yaşayış evi və 0,17 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********) miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilmiş hesab edilsin. Cavabdeh1 adına Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-47 reyestr nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilməklə onun əsasında Cavabdeh1 adına verilmiş çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2616/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2616/2022
22.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver