Məhkəmə qərarları › İş №e-2(060)-2640/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2640/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2640/2023 26.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: "xxxx" MMC) tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 40008949 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 1499,98 AZN borcun, 35 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40008949 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1499,98 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1499,98 manat dəyərindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir Ferrum Kapital MMC xx.xx.2020ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bugünə 1499,98 manat əsas borcu, 0 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, 2 ədəd “Realme” markalı telefon sifariş etmiş və 1 həftə ərzində sifariş etdiyi məhsulların gələcəyi ona bildirilmişdir. İddiaçı isə 3 gün müddətində fikrini dəyişmiş, heç üzünü görmədiyi sifariş etdiyi məhsullardan imtina etmişdir və daha bahalı 2 ədəd başqa markalı məhsul götürmüşdür. Həmin məhsulların ödənişini də keçən aydan edib bitirmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirdi ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında cavabdeh 2 ədəd eyni model “Realme 8 pro 6/128 Black” mobil telefon sifariş vermişdir. Lakin cavabdeh mobil telefonu sifariş etdikdən sonra mağazaya yaxınlaşaraq sifariş etdiyi məhsulları istəmədiyini, daha bahalı “Samsung” markalı mobil telefon istədiyini bildirmişdir və cavabdehin istəyi nəzərə alınaraq ona “Samsung” markalı 2 ədəd mobil telefon təhvil verilmişdir. Hal-hazırda cavabdehin nə "xxxx" MMC, nə də İddiaçı qarşısında heç bir öhdəliyi və borcu yoxdur, bununla bağlı arayış təqdim edilmişdir, bu barədə İddiaçı QSC-ni də məlumatlandırmışlar. İddiaçı QSC-nin cavabdehdən tələb etdiyi 1499,89 manat "xxxx" MMC-nin öhdəliyidir. İddiaçı QSC ödəniş etməsi ilə bağlı bank çıxarışlarını təqdim etməklə 1499,89 manatı "xxxx" MMC-dən geri tələb edə bilər. Qanunvericilik baxımından alqı-satqı müqaviləsinin məzmunu da belədir ki, satıcı əmlakı alıcıya təhvil verməyi, alıcı da müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı işdə isə alıcıya məhsul təhvil verilməmişdir və alıcının pul ödəmək öhdəliyi yoxdur. Belə ki, mövcud olmayan tələb güzəşt olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Satıcı "xxxx" MMC ilə alıcı X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40008949 saylı Nisyə Alqı-satqı müqaviləsinə, ödəniş cədvəli və təhvil-təslim aktına əsasən, X3 aldığı 2 ədəd eyni model “Realme 8 pro 6/128 Black” mobil telefona görə 6 ay müddətində cəmi 1499,98 manat ödəməyi öhdəsinə götürmüşdür. - R-16/19 saylı xx.xx.2019-cu il tarixli Faktoring Müqaviləsinə əlavə olunan R-xx/xx- 0212 saylı, xx.xx.2022-ci il tarixli saziş və əlavədən görünür ki, İddiaçı QSC X3 barəsində "xxxx" MMC-nin X2 malların satılmasından irəli gələn pul tələbinin hesabına "xxxx" MMCnə pul verir, "xxxx" MMC isə X2 qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt edir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X1 1499,989 manat borcu vardır. - İddiaçı QSC tərəfindən X2 ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borcunun olması və ödənilməsi barədə xəbərdar edilmişdir. - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 35 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X3 "xxxx" MMC-də xx.xx.2022-ci il tarixində 40008949 saylı müqavilə üzrə kredit əldə etmiş, sonradan müştəri sifariş etdiyi məhsuldan imtina etmiş və müqavilə ləğv edilmişdir. Hazırda 40008949 saylı müqavilə üzrə "xxxx" MMC-nin sistemində borc 0 manat təşkil edir. İddiaçı QSC 40008949 saylı müqavilə üzrə borcalanın adında olan 1499,98 manat "xxxx" MMC-nin öhdəliyidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən müqavilənin predmeti olan və yuxarıda göstərilən əşya müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satılmışdır. Həmin müqavilədə və ona əlavə edilmiş ödəniş cədvəlində əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1499,98 manat borcu yaranmışdır. Faktorinq müqaviləsinə və ona əlavəyə əsasən "xxxx" MMC X2 qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. Daha sonra cavabdeh müştəri sifariş etdiyi məhsuldan imtina etmiş və müqavilə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 655.1 və 655.2-ci maddələrinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Bu Məcəllənin 657.4-cü maddəsinin tələblərinə görə əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 1-ci yarımbəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinin: 1-ci yarımbəndinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddöt elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 2-ci yarımbəndinə əsasən malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyanı qəbul etmiş, lakin alınmış əşya qanunvericilikdə müəyyən edilən müddətdə, yəni 14 gün ərzində satıcı "xxxx" MMC-yə qaytarılmışdır. "xxxx" MMC öz növbəsində üzərinə düşən öhdəliyi yerinə yetirərək malı geri qəbul etmiş və alıcı-cavabdeh ilə aralarında hüquq münasibəti qalmadığından, nisyə-alqı satqı müqaviləsini ləğv etmişdir. Göründüyü kimi nisyə alqısatqı müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmış və xx.xx.2022-ci il tarixdə isə faktorinq müqaviləsi bağlanmışdır. "xxxx" MMC cavabdehdən tələb etmək hüququnu iddiaçı "xxxx" QSC-yə güzəşt etdikdən sonra cavabdeh aldığı malı geri qaytarmışdır. "xxxx" MMC malı geri qaytarmaqla, cavabdehlə aralarında olan nisyə alqı-satqı müqaviləsi ləğv etməkdə haqlı olmuşdur. Faktorinq müqaviləsi və ona əlavədən görünür ki, İddiaçı QSC-nin cavabdehdən pul tələb etmək hüququ “Optimal Elektronika" MMC ilə cavabdeh X3 arasında bağlanmış 40008949 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsindən irəli gəlir. Həmin nisyə alqı-satqı müqaviləsi ləğv edildiyindən, hazırda İddiaçı QSC-nin cavabdehdən həmin müqavilə üzrə tələb etmək hüququ artıq mövcud deyildir. Bundan başqa qeyd edilməlidir ki, İddiaçı 40008949 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinin güzəştinə görə çəkdiyi xərcinin əvəzini "xxxx" MMC-dən tələb etmək hüququ istisna edilmir. "xxxx" MMC verdiyi arayışlarda da 40008949 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin onlara aid olduğunu göstərmişdirlər. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçı “Ferrum Kapital" QSC iddianın təmin edilməsi üçün hər hansı sübut növünü məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı QSC-nin cavabdeh X2 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə ə.sasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı QSC-nin cavabdeh X2 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) qarşı 40008949 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 1499,98 AZN borc tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar