Məhkəmə qərarları › İş №e-2(060)-2646/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2646/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2646/2023 16.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (üçüncü şəxs- "xxxx" MMC) pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 40018025 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 190 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 40018025 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 530 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 9 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin cavabdehə qarşı olan 530 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Eyni zamanda tələb hüququnun iddiaçıya keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Belə ki, cavabdehin bu günə 190 manat əsas borcu yaranıb. İş icraata qəbul edilərək cavabdehə bildiriş göndərilmiş və iddiaya etirazının 10 gün müddətində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ərizə daxil olmuşdur. Həmin ərizəyə iddiaçıya borcunun olmamasını təsdiq edən xx.xx.2023-cü il tarixli maliyyə arayışı əlavə edilmişdir. İş üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşə məhkəmədə baxılarkən "xxxx" MMC (bundan sonra – üçüncü şəxs) iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Qeyd edilən müqavilə üzrə üçüncü şəxs tərəfindən ona ütü, aspirator və radiator təhvil verilməli idi. Müqavilə bağlanarkən ütü və aspirator ona təhvil verilsə də, radiator ona təhvil verilməmiş, bir neçə gün sonra mağazaya gətiriləcəyi bildirilmişdir. Lakin, sonradan o radiatoru götürməkdən imtina etmişdir. İddiaçının tələb etdiyi məbləğ radiatorun puludur ki, həmin məhsul ona təqdim edilməyib. Bu halları "xxxx" MMC-nin nümayəndəsi təsdiq edə bilər. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, həqiqətən də cavabdeh və üçüncü şəxs arasında alqı-satqı müqaviləsi imzalanıb. Həmin müqavilədə cavabdehə aspirator, ütü və radiatorların satılması qeyd edilib. Lakin, ütü və aspirator cavabdehə təhvil verilsə də, radiator gec təhvil verildiyindən cavabdeh məhsuldan imtina edib. Tələblər üçüncü şəxs tərəfindən iddiaçıya güzəşt edilərkən cavabdehə qarşı tələb də ümumi siyahıda göstərilib. Lakin, həmin öhdəlik üçüncü şəxsin üzərindədir. Cavabdehdə olmayan məhsula görə o ödəniş etməli deyil. Qeyd edilənlərə əsasən üçüncü şəxsin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1962-ci ildə, Ermənistan Respublikası, Spitak rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40018025 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 530 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 9 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli Əlavəyə əsasən cavabdeh 9 ay müddətində hər ay 59 manat, sonuncu ay isə 58 manat ödəniş etməli idi. İşdə olan faktorinq müqaviləsi və ona əlavə olunan sazişə əsasən "xxxx" MMC tələbetmə hüquqlarını iddiaçıya güzəşt etmişdir. xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin əsas borc üzrə 190 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış xx.xx.2022 tarixli borc 40018025 müqaviləsi üzrə öhdəlik Azərbaycan Kredit Bürosundan Çıxarışda hesabata salınmışdır. Həmin çıxarışdakı aktiv öhdəliyə tam xitam verilmişdir. Aktiv öhdəliklərinin həcmi: 0 azn. Üçüncü şəxsin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə sifariş etdiyi 123 adda məhsulun 10 ədədindən imtina etmiş, nəticədə borc məbləği azalmışdır. Hazırda cavabdehin üçüncü şəxsə olan borcu 0 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). Göründüyü kimi cavabdehlə üçüncü şəxs arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür (194.1.). Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur (194.2.). Mülki Məcəllləyə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. (655.1). "xxxx" MMC cavabdehlə bağlanmış müqavilə üzrə tələbetmə hüququnu iddiaçıya güzəşt etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Eyni zamanda üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş arayışlar və üçüncü şəxsin nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçı alqı-satqı müqaviləsində göstərilən radiatoru təhvil almamışdır. Yəni, üçüncü şəxs əslində cavabdehin mövcud olmayan borcunu iddiaçıya güzəşt etmişdir. Üçüncü şəxsin nümayəndəsi həmin öhdəliyin onlara aid olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 40018025 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 190 manat borcun tutulması barədə barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar