Məhkəmə qərarları › İş №e-2(060)-2652/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2652/2023

14.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2652/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın və həmin akt əsasında hesablanmış 4147,20 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt əsasında hesablanmış 4147,20 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, 1-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evin qaz hesabı Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar Sahəsində onun adınadır və istifadə etdikləri qazın pulunu vaxtıvaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndələri yaşadıqları ünvana gələrək akt yazmışlar. Cavabdehin nümayəndələri 4147,20 manat borclarının olduğunu bildirdikdə, o, etiraz edərək bu qədər borclarının olmasının mümkün olmadığını bildirdi. Həmin borcun sayğacsız qazdan istifadə etdikləri üçün hesablanmış cərimə olduğu bildirildi və həmin cəriməni ödəməyini tələb etdilər. Cəriməni ödəməyəcəkləri təqdirdə qazın kəsiləcəyini bildirdilər və qaz təchizatı cavabdehin nümayəndələri tərəfindən dayandırılmışdı. İddiaçı onlara etiraz etsə də, heç bir nəticəsi olmadı. Cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş akt onun iştirakı və xəbəri olmadan tərtib olunmuşdur. O, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh yaşadığı ünvana cərimə yazarkən öz səlahiyyətlərindən istifadə etmiş, onların evinə yüksək məbləğdə cərimə hesablamışdır. Cavabdeh 360 gün müddətinə cərimə hesablamışdır. Cavabdehin hesabatından belə çıxır ki, onlar il boyu sayğacsız qazdan istifadə etmişlər. Halbuki cavabdehin nümayəndəsi hər ay qaz sayğacına baxış keçirib. Əgər onların evində sayğacdan kənar xətt 1 il müddətinə istifadə olunsaydı, nəzarətçi sayğaca baxış keçirdikdə həmin sayğacdan kənar xətt aşkar olunardı. O, hesabına yazılmış əsassız borcun silinməsini tələb etsə də, cavabdeh hər hansı bir vasitə ilə qanunsuz hesabladıqları borcun ödənilməsini tələb edir. Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, “Yaşıldərə” Massivi, 1-ci məhəllədə yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin sayğacına əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində ’’Təbii qazdan istifadə saydalarının pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan ’’Sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkarlandı” qeyd olunmuşdur. ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış, sayğacın nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4x24x360=34560m3x0,12=4147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat dəymiş zərər hesablanmışdır.Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Hər kəs qaz xəttinə müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə alınmadan işlədərsə, bu da öz növbəsində dövlətə maliyyə cəhətdən zərər vurar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, ’’Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər". Dövlət təşkilatı kimi X1 məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görrməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək etrazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı gecə saatlarında sayğacdan kənar qeyri-qanuni xətdən istifadə edir. İddiaçı bu ilin 4 ayı ərzində 130 manat, 2022-ci ilin 4 ayı ərzində 80 manat, 2021-ci ilin 4 ayı ərzində 117 manat, 2020-ci ilin 4 ayı ərzində isə 100 manat ödəniş edib. Odur ki, qeyd olunanlar əsasında iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən ona ünvanlanan suallara cavab olaraq bildirdi ki, sayğaca sonuncu baxışın nə vaxt keçirilməsini dəqiq bilmir, iddiaçı gecə saatlarında qanunsuz qoşulduğundan kənar xətt gec aşkar olunmuşdur və buna görə də 360 gün müddətinə cərimə hesablanmışdır. Abonentin sayğacına hər ay sərfiyyat üzrə qəbz verilmişdir, belə olan halda sayğaca hər ay baxış keçirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə Massivi, 1-ci məhəllə ünvanına baxış zamanı sayğacdan kənar xətt aşkar olunmuşdur. - xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına barədə tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi 34560 m3 müəyyən olunmuşdur. - Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə Təlimatın 3.6-cı bəndinə əsasən, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması tələb olunur. - Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən və onun dediyinə görə Cavabdeh İBnin əməkdaşı tərəfindən çəkilmiş videoyazı olan diskdən görünür ki, bir şəxs Sumqayıt şəhəri, Yaşıl dərə qəsəbəsində yerləşən evdə sayğacı göstərərək vətəndaşın şlanq vasitəsilə qeyri-qanuni xətdən istifadə etdiyini, sayğacın nömrəsinin **********3 olduğunu, vətəndaşın evinin darvazasını, pəncərəsini göstərərək evdə işığın yandığını, yaşayış olduğunu bildirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə Massivi, 1-ci məhəllə ünvanına baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bunun əsasında xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunaraq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi 34560 m3 hesablanmış və 4147,20 manat dəymiş zərər iddiaçıdan tələb olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə Massivi, 1-ci məhəllə ünvanına (Abonent:**********02580) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 3801,60 (üç min səkkiz yüz bir manat, altmış qəpik) manat borc silinməlidir. Belə ki, Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə Təlimatın 3.6-cı bəndinə əsasən, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətə qaz itkisinin dəyəri hesablana bilər. Araşdırma zamanı müəyyən edilənlərə, həmçinin cavabdehin nümayəndənin bildirdiyinə görə, iddiaçının ayda bir dəfə baxış keçiçirilmişdir. Belə olan halda, əvvəlki dövrlərdə qanunsuz qoşulma aşkar edilmədiyindən, o, nəticəyə gəlinir ki, qanunsuz qoşulma bir aydan çox olmayan müddəti əhatə etmişdir, buna görə də, iddiaçıya cərimə hesablanarkən 12 ay müddətə hesablana bilməzdi. İddiaçıya hesablanmış cərimə 12 ayı əhatə edərək 4147,20 təşkil etdiyini nəzərə aldıqda və həmin məbləği bir ay üzrə hesabladıqda (4147,2 : 12 = 345,6) zərər 345,6 manat təşkil edir. Cavabdeh iddiaçıya 4147,2 manat cərimə hesablamışdır, həmin məbləğdən 345,6 manat çıxdıqda 3801,6 manat qalıq qalır ki, həmin məbəğdə cəriməni məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda “30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi” məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 3801,60 (üç min səkkiz yük bir manat, altmış qəpik) manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 58 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə Massivi, 1-ci məhəllə ünvanına (Abonent:**********02580) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 3801,60 (üç min səkkiz yüz bir manat, altmış qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 58 manat dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar