Məhkəmə qərarları › İş №e-2(060)-2654/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2654/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2654/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 731 manat əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə daxil olduğundan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 731 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və ona əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin cavabdehə qarşı olan 731 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etmir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, müqavilə üzrə sifariş etdiyi 731 manat dəyərində olan məhsullardan (615 manat dəyərində yuyucu tozsoran BOSCH BWD421PET və 116 manat dəyərində çaynik BOSCH TWK3P424) imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Onun müqavilə üzrə heç bir öhdəliyi və borcu yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iddianın təmin edilməsini xahiş etmişdir. Bundan başqa cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə tərəflərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC dəyəri 731 manat olan əşyaları borcluya nisyə satmağı, alıcı isə məbləği 9 ay müddətində hər ay 81 manat, sonuncu ay 83 manat olmaqla, hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Təhvil-təslim aktından görünür ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyaları təhvil almış, texniki göstəricilərinə və yararlığına dair iradlar bildirməmişdir. - Faktorinq müqaviləsi və ona əlavə olunan sazişdən görünür ki, "xxxx" MMC tələbetmə hüquqlarını İddiaçı MMC-yə güzəşt etmişdir. - Bildiriş məktubunun surətindən görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardarlıq edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 40011021 saylı nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi cəmi dəyəri 731 manat olan hər iki məhsuldan imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda xx.xx.2022-ci il tarixli, 40011021 saylı nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin sistemində borc aşkarlanmamışdır. İddiaçı QSC-də borcalanın adında olan 731 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış və müqavilədə nəzərdə tutulmuş əşya cavabdehə verilmişdir. Cavabdeh bundan sonra isə məhsulu "xxxx" MMC-yə qaytarmış və nəticədə xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-nin cavabdehə qarşı olan tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İddiaçı hazırda məhsulun dəyərini cavabdehdən tələb etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borc öhdəliyi olmadığından iddia əsassızdır. Belə ki, cavabdeh onda olmayan məhsulun dəyərinin ödənilməsi öhdəliyini daşımır. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 40011021 saylı nisyə alqı-satqı müqaviləsi bağlanılmış, sonradan müştəri müqavilə üzrə sifariş etdiyi cəmi dəyəri 731 manat olan hər iki məhsuldan imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsi ləğv edilmişdir. Hazırda xx.xx.2022-ci il tarixli, 40011021 saylı nisyə alqısatqı müqaviləsi üzrə "xxxx" MMC-nin sistemində borc aşkarlanmamışdır. İddiaçı QSC-də borcalanın adında olan 731 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbi təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar