Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2672/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********33564 Samsung Galaxy S10 markalı telefon üçün 1162 (min yüz altmış iki) manat borc və 31.62 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********33564 olan Samsung GalaxyS10 markalı telefon üçün 1027 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu, ümumilikdə 1027 manat borc və 31.62 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********33564 Samsung Galaxy S10 markalı telefon almış və nəticədə 1162 (min yüz altmış iki) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1927 (min doqquz yüz iyirmi yeddi) manat (yəni 12 ay x 147 manat + 163 manat ilkin ödəniş) İmei kodu **********33564 Samsung GalaxyS10 markalı telefon üçün ümumilikdə, 1162 (min yüz altmış iki) manat olmaqla 1162 (min yüz altmış iki) manat ödənilməmiş hissə, müştəriyə 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********33564 Samsung Galaxy S10 markalı telefondan xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 220 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 545 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 220 manat, cəmi ödədiyi məbləğ 765 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydasında ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli, İmei kodu **********33564 Samsung Galaxy S 10 markalı telefonu üçün 1162 manat borcun və 31,62 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda həmin ərizə məhkəmənin icraatındadır. O, ərizəyə aşağıdakılara görə etiraz edir. Bildirir ki, onunla "xxxx" MMC arasında xx.xx.2020-ci ildə Samsung Galaxy S10 markalı telefonun alınması üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə görə o, iddiaçının hesabına 545 manat ödəniş etmişdir. 2020-2021-ci illərdə “COVİD-19” xəstəliyi səbəbindən fəaliyyət göstərə bilməmişdir. Alqı-satqı müqaviləsinin şərtlərini yerinə yetirməkdə çətinlik çəkdiyinə görə iddiaçı ilə qarşılıqlırazılaşmaya əsasən aldığı telefon aparatını 2020-ci ilin oktyabr ayında iddiaçının servisinə qaytarmışdır. Telefonun qaytarılmasına Cəmiyyət rəhbərliyi razılıq vermişdir. Telefon aparatı qaytarılarkən mağaza (Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində fəaliyyət göstərir) rəhbərliyi öz dəst-xətti ilə 470 manat qalıq borcun olduğunu qeyd etmişdir. O, mağaza rəhbərliyinə etiraz etmiş və bildirmişdir ki, telefona görə 545 manat ödəniş etmişdir. O, telefonu mağazaya bütün texniki göstəriciləri işlək, telefonda cızıq olmadan, tər-təmiz qaytarmış və 545 manat ödəniş etmişdir. Tərəfindən telefon aparatı servizə təhvil verilərkən akt tərtib edilmişdir və həmin akt mağazaya təhvil verilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən borc məbləği həddən artıq şişirdilmişdir. Belə ki, 260 manat qızıl zəmanət, 100 manat komission xərc, 160 manat ilkin ödəniş və s. qeyri-qanuni qiymətlənmə aparılmışdır. Bundan əlavə iddiaçı iddia ərizəsində bildirmişdir ki, guya o, mobil telefondan xx.xx.2023-cü il tarixində imtina etmişdir. Bu ağ yalandan başqa bir şey deyildir. O, mobil telefonu 2020-ci ilin oktyabr ayında iddiaçının servisinə qaytarmış və ondan imtina etmişdir. İddiaçı tərəfındən qiymətlənmə onun iştirakı olmadan aparılmışdır. O, buna etiraz edir. Onun iddiaçıya bir qəpik də borcu yoxdur. "ABC Telecom” MMC 2022-ci ildə məhkəməyə bu tələb üzrə müraciət etmişdir. 3 dəfə məhkəmə iclasları keçirildikdən sonra 4-cü iclasda iddiaçı öz iddia tələbini geri götürmüşdür. Məhkəmə onlara bildirmişdir ki, iddiaçı onları çağıracaq və öz aranızda mübahisəni həll edərsiz. Lakin "xxxx" MMC tərəfındən uzun müddət keçməsinə baxmayaraq onlarla söhbət edilməmişdir. Bir daha bildirir ki, onun iddiaçı "xxxx" MMC-yə borcu yoxdur. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, telefon mağazaya qaytarıldıqdan sonra qiymətləndirilmə aparılmış və işlənmiş telefon kimi 220 manat dəyərində qiymətləndirilmişdir. Sonradan qızıl zəmanət də iddiaçının borcundan çıxılmış və iddia tələbinə dəqiqləşmə verilərək daha az məbləğdə, 1027 manat pul tutulması xahiş edilmişdir. Qızıl zəmanət 210 manat təşkil edir. Hər il müqavilə üçün qızıl zəmanət şərtləri dəyişir. Hazırda həmin telefon başqasına satılıb. Bununla bağlı tərəflər arasında yeni müqavilə də imzalanıb. Həmin sənədləri də məhkəməyə təqdim etmişdir. Nümayəndə qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, telefonu mağazaya 3 il əvvəl qaytarıblar. Lakin mağaza 2-3 il sonra qiymətləndirmə aparıb. İddiaçı telefonun xarab olduğunu onlara bildirdiyi halda, telefonu başqasına satmışdır. Hazırda iddiaçının tələb etdiyi məbləği qaytarmağa heç cür maddi imkanı yoxdur, xəstəyə baxır, təqaüdlə dolanırlar. Evində dializ xəstəliyindən əziyyət çəkən şəxs var. Telefonu aldıqdan sonra ödəniş edə bilmədikləri üçün 8 ay sonra yeni vəziyyətdə qaytarmışdırlar. Bu vaxt telefonun üzərində hər hansı cızıq və ya başqa problem olmamışdır. Məhkəmə tərəfindən yüksək məbləğ müəyyən ediləcəyi halda o, ödəniş edə bilməyəcəkdir. Nümayəndə qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20079467 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod İmei kodu **********33564 Samsung Galaxy S10 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə ümumilikdə 1162 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan "xxxx" MMC ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 14893147 nömrəli müqavilədən görünür ki, X6 "xxxx" MMC-dən İmei kodu **********33564 olan Samsung Galaxy S10 markalı telefonu hissə-hissə ödəməklə 341,96 manata almışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, 20079467 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh həmin müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kodu **********33564 Samsung Galaxy S10 markalı telefon almış, həmin telefonu 8 ay işlətdikdən sonra iddiaçıya qaytarmış, məhsul iddiaçı tərəfindən 220 manat dəyərində qiymətləndirilmiş və həmin məbləğ cavabdehin ümumi borcundan silinmişdir. Hazırda iddiaçı Cavabdeh ümumilikdə 1027 manat borcun tutulmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ərizəsində mübahisəli telefonun cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə mağazaya qaytarıldığını bildirsə də, iş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilk dəfə xx.xx.2022-ci il tarixdə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********33564 Samsung Galaxy S10 markalı telefon üçün 1382 (min üç yüz səksən iki) manat borc və 33.82 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsinin məzmununda telefonun qaytarılması ilə bağlı hər hansı qeyd etməmişdir. Bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli telefonu 8 aydan sonra mağazaya qaytardığını bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilən hal məhkəmə iclasında iddiaçının nümayəndəsinin diqqətinə çatdırılmış, telefon qaytarıldığı təqdirdə bu barədə sənədlərin məhkəməyə təqdim edilməsi ona təklif edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsinin ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Məhkəmə işin bu hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli telefon iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə deyil, 2022-ci ilin oktyabr ayında, yəni alındıqdan təxminən 8 ay sonra qaytarılmışdır. Belə ki, bu halın əksinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut (telefon qəbul edilərkən onun vəziyyətinə dair tərtib edilmiş akt və s.) təqdim edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 2(060)-2672/2023 saylı qərardadı ilə isə yeni alınarkən dəyəri 1707 (bir min yeddi yüz yeddi) manat olan Samsung Galaxy S10 eDual (SM970) markalı telefonun dəyərinin 8 ay normal istifadə nəticəsində təxminən nə qədər azala biləcəyini müəyyən etmək üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5454 saylı rəyindən görünür ki, Samsung Galaxy S10 eDual (SM970) markalı telefonun 8 ay normal istifadə olunması nəticəsində orta bazar dəyərinin təxminən 400 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Beləliklə, iddiaçı tərəf işlənmiş mübahisəli telefonun dəyərinin 220 manat olduğunu müəyyən etsə də, məhkəmə hesab edir ki, həmin telefonun orta bazar dəyəri təxminən 400 manat qiymətləndirilməklə, yaranmış 180 (400-220) manat fərq də cavabdehin borcundan çıxılmalı və cavabdehdən iddiaçının xeyrinə 847 (1027-180) manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin həcmini azaltsa da, cavabdehdən iddia ərizəsi ilk dəfə məhkəməyə verilərkən ödənilmiş 31,62 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə iddianın hansı hissədə təmin edildiyini hesablayarkən həmin məbləği (1162 manat) əsas götürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən (təxminən 73% hissədə) iddiaçı tərəfindən ödənilən 31.62 manat dövlət rusumunun 23 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 8,62 manat hissəsi isə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. İddia qismən (təxminən 73 % hissədə) təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərcinin 36 manat hissəsi cavabdehə, 14 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 847 (səkkiz yüz qırx yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun 23 (iyirimi üç) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq Cavabdeh 36 (otuz altı) manat, iddiaçı "xxxx" MMC-dən 14 (on dörd) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2672/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2672/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver