Məhkəmə qərarları › İş №e-2(060)-2734/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2734/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2734/2022 12.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə Adona mebel əşyası və İMEİ kodu **********77469 olan «Samsung Galaxy A20S» markalı telefon üçün ümumilikdə 536 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 566 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08.11.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1056 manat olan Adona mebel əşyasını 24 ay müddətinə, ilkin ödənişsiz və aylıq 44 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda ümumilikdə 264 manat ödənilməmiş hissə, 79,2 manat cərimə hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq cərimə hesablanmamışdır. Tərəflər arasında bağlanmış 31.12.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 410 manat olan İMEİ kodu **********77469 olan «Samsung Galaxy A20S» markalı telefonu 12 ay müddətinə, ilkin ödəniş 2 manat olmaqla və aylıq 34 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda ümumilikdə 272 manat ödənilməmiş hissə, 81,6 manat cərimə hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq cərimə hesablanmamışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 930 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o, həmin borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 30.03.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1986-cı ildə, Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 08.11.2018-ci il tarixli, 00364452 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə Adona mebel əşyasını satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 31.12.2019-cu il tarixli, 01180274 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********77469 olan «Samsung Galaxy A20S» markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 08.11.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 44 manat, 31.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 34 manat iddiaçıya ödəməli idi. 25.03.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1056 manat olan Adona mebel əşyası üçün hazırda ümumilikdə 264 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 792 manat təşkil edir. Alqı-satqı qiyməti 410 manat olan İMEİ kodu **********77469 olan «Samsung Galaxy A20S» markalı telefon üçün hazırda ümumilikdə 272 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 138 manat təşkil edir. 08.11.2018-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən Adona mebel əşyasını, 31.12.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən İMEİ kodu **********77469 olan «Samsung Galaxy A20S» markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdən göründüyü kimi 22.02.2022-ci il tarixində iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçıya 536 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 536 manatı tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Adona mebel əşyası üçün 264 manat və İMEİ kodu **********77469 olan «Samsung Galaxy A20S» markalı telefon üçün 272 manat olmaqla, cəmi 536 (beş yüz otuz altı) manat ödənilməmiş hissə və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar