Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2737/2024 12.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəmədə Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia qaldırmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin səlahiyyətli nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin iddia ərizəsindən görünür ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2023-ci il tarixdə Cavabdeh oğlu tərəfindən etibarnamə ilə idarə olunan “MAN” markalı, 7412BU dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Honda Ensi EX” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********1 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan, 125351 nömrəli sığorta aktından görünür ki, “Honda Ensi EX” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2023-cü ildən xx.xx.2026-cı ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş Honda rəsmi servisi tərəfindən təqdim olunmuş zərərin qiymətləndirilməsinə dair aktdan görünür ki, sığortalanmış “Honda Ensi EX” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10155.39 AZN (on min yüz əlli beş manat otuz doqquz qəpik) ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 9526 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Honda Ensi EX” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 10155.39 AZN (on min yüz əlli beş manat otuz doqquz qəpik) sığorta ödənişini ödəmişdir. “MAN” markalı, 7412BU dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta şirkəti olan "xxxx" ASC tərəfindən 4900 AZN sığorta ödənişi İddiaçı SŞ ASC-yə subroqasiya qaydasında ödənilmişdir. 100 manat azadolma (franşiza) çıxılmaqla qalan 5155.39 AZN isə cavabdeh tərəfindən hələ də ödənilməmişdir. İş materiallarına əlavə edilmiş TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və İGXP seriyalı ******* saylı protokolun surətinə əsasən Cavabdeh oğlu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və İGXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Buna görə də ona qarşı subroqasiya hüquqları yaranmışdır. Sözügedən şəxsə həm şifahi (telefon danışığı), həm də yazılı müraciət (pretenziya) edilməsinə baxmayaraq, ödəniş edilməmişdir. Hesab edirlər ki, 5155.39 AZN (beş min yüz əlli beş manat otuz doqquz qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Odur ki, Cavabdeh “Honda Ensi EX” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5155.39 manat pulun və ödənilmiş 71.60 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, hadisədə təqsirli çıxmamalı olmasına baxmayaraq, təqsirli o çıxmışdır. Mübahisələndirmək istədikdə isə artıq gec olmuşdur. Çünki cərimə gəlmiş, ona da deyilmişdir ki, əgər iş məhkəməyə verilsə idi işi udacaqdır. Lakin cəriməni ödədiyi üçün artıq gec olmuşdur. Tırlarda sağ tərəfdə təkər hissəsi kor nöqtə sayılır. Onu heç kim görə bilməz. Sağdan da keçmək olmaz. O da düz sağ təkərin altında durmuşdur. Ona heç nə olmamışdır. Sadəcə olaraq onun təkəri iki qapını batırmışdır. Maşın bahalı maşın olmuşdur. O da fikirləşmişdir ki, səf çıxsa belə maksimum beş min manat xərci olar. İcbari sığorta qiyməti də beş min manata qədərdir. Bir də görmüşdür ki, on min manat xərc gəlmişdir. O da nə üçün o qədər qiymət olduğunu soruşduqda, kasko sığorta olduğunu bildirmişlər. Sığortaya getdikdə ona demişlər ki, müəyyən miqdarda endirimlə birlikdə 3600 manat ödəsin. Ödədikdən sonra isə bağlanacaqdır. O işləmədiyini bildirmişdir. Bölünməsini xahiş etmiş, onlar da razı olmamışdır. Məhkəmə, işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət eləməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş 125351 saylı sığorta aktından görünür ki, “Honda Ensi EX” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində könüllü sığorta (kasko sığorta növündə) olunmuşdur. Yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı olan “Honda Ensi EX” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə mübahisənin məhkəmədən kənar həlli ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 71.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan “MAN” markalı, 7412BU dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Honda Ensi EX” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törənmişdir. Honda rəsmi servisi tərəfindən təqdim olunmuş zərərin qiymətləndirilməsinə dair aktdan görünür ki, sığortalanmış “Honda Ensi EX” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10155.39 AZN ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Honda Ensi EX” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 10155.39 sığorta ödənişini ödəmişdir. “MAN” markalı, 7412BU dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta şirkəti olan "xxxx" ASC tərəfindən 4900 AZN sığorta ödənişi İddiaçı SŞ ASCyə subroqasiya qaydasında ödənilmişdir. 100 manat azadolma (franşiza) çıxılmaqla qalan 5155.39 AZN isə cavabdeh tərəfindən hələ də ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsinin baş verməsində Cavabdeh, təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 936-cı maddəsinə əsasən həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazalarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh könüllü sığortalı olan “Honda Ensi EX” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5155.39 manat pulun və ödənilmiş 71.60 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238- 239-241-244,253.cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh könüllü sığortalı olan “Honda Ensi EX” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 5155.39 (beş min yüz əlli beş manat otuz doqquz qəpik) manat pul və ödənilmiş 71.60 (yetmiş bir manat altmış qəpik) manat dövlət rüsumu alınıb İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2737/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2737/2024
12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver