Məhkəmə qərarları › İş №e-2(060)-2747/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2747/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2747/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh Sərxan oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh Sərxan oğluna qarşı pul tələbinə dair mülki işə 20 iyun 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, X1, Panasonic Ətçəkən, Redmond Çaynik, HOFFMANN Soyuducu üçün 544 (beş yüz qırx dörd) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, RUSTİKAL mebel üçün 1106 (min yüz altı) manat ödənilməmiş hissə, ümumilikdə 1650 manat borc və 36.5 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, X1, Panasonic Ətçəkən, Redmond Çaynik, HOFFMANN Soyuducu, RUSTİKAL mebel üçün mağazaya 1650 (min altı yüz əlli) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 994 (doqquz yüz doxsan dörd) manat (12 ay x 82 manat + 10 manat ilkin ödəniş) X1, Panasonic Ətçəkən, Redmond Çaynik, HOFFMANN Soyuducu üçün ümumilikdə, 544 (beş yüz qırx dörd) manat olmaqla ondan, 544 (beş yüz qırx dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 0 (sıfır) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1248 (min iki yüz qırx səkkiz) manat (20 ay x 62.4 manat + 0 manat ilkin ödəniş) RUSTİKAL mebel üçün ümumilikdə, 1106 (min yüz altı) manat olmaqla ondan, 1106 (min yüz altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 592 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə arada olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sərxan oğlu iddia tələbi ilə bağlı bildirdi ki, o, əvvəllər pensiya almış və bunun müqabilində iddia ərizəsində göstərilən əşyaları almaq üçün ABC Telecoma müraciət etmişdir. Pandemiya dövründə ona pensiya verilməsi dayandırılmış və o, nəticədə iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Hazırda heç bir yerdə işləmir, dəfələrlə müxtəlif yerlərə işə qəbul olunamq üçün müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Hazırda tələb olunan məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Əgər iddiaçı tərəf qəbul edərsə, ayda 20-30 manat ödəniş edə bilər. Cavabdeh onu da qeyd etdi ki, əvvəllər başqa mağazalardan da mal almış, lakin heç vaxt problemi olmamış, həmişə ödənişləri vaxtında etmişdir. Hazırda maddi imkanı yoxdur. Ailədə 5 nəfərdilər. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh Sərxan oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01175018 nömrəli müqavilədən görünür ki, Cavabdeh Sərxan oğlu "xxxx" MMC-dən RUSTİKAL mebel almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh Sərxan oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01068376 nömrəli müqavilədən görünür ki, Cavabdeh Sərxan oğlu "xxxx" MMC-dən X1, Panasonic Ətçəkən, Redmond Çaynik, HOFFMANN Soyuducu almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Sərxan oğlunun "xxxx" MMC-yə iki müqavilə üzrə 1650 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh Sərxan oğluna yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 01175018 nömrəli və xx.xx.2019-cu il tarixli, 01068376 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 1650 (544+1106) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 36,5 manat dövlət rusumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, X1, Panasonic Ətçəkən, Redmond Çaynik, HOFFMANN Soyuducu üçün 544 (beş yüz qırx dörd) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, RUSTİKAL mebel üçün 1106 (bir min yüz altı) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1650 (bir min altı yüz əlli manat) manat borc və 36,5 (otuz altı manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar