Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2786/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi X2 iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1500 manat pul vəsaitinin və 35.40 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhə Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2786/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
3.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, Bakı şəhər Binəqədi rayon Fatmayı qəsəbəsi Fatmayı-Pirşağı yolunda "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə edilən “Opel Astra” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” markalı, **-OA-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə X1 az ağır xəsarət dəymişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-306/2024 nömrəli hökmünə əsasən cavabdeh X4 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi Şəxsin canlı şəxsin ekspertizası üzrə verdiyi 12 may 2022-ci il tarixli, 889 nömrəli rəyində qeyd edlimişdir ki, Cəlilova Sevinc qızının bədənində aşkar olunmuş xəsarətlər – sol alt göz qapağının və gözaltı nahiyyəsinin dərialtı hematoması, burun sümüklərinin sınığı ilə müşayiət olunan burun əsasının qançırı, sağ süd vəzisinin qançırı, sağ aşıq-baldır oynağı hemartozu, sağ bayır topuğunun qapalı yerdəyişməyən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Həmçinin əlavə olunmuş xx.xx.2021-ci il tarixli, PAZ ********** saylı “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsindən müəyyən olunur ki, **-UE-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtonəqliyyat vastəsinin sürücüsün və mülkiyyətçisinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X7 aldığı xəsarətə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1500 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş pretenziya məktubundan və “onlayn kargüzarlıq” sitemindən çıxarışdan müəyyən olunur ki, cavabdehdən iddiaçı "xxxx" ASC-dən tutulmuş 1500 (min beş yüz) manat məbləğində pulun geri ödənilməsi tələb edilmişdir. “Onlayn kargüzarlıq” sistemindən çıxarışlardan müəyyən olunur ki, iddia ərizəsinin surəti cavabdehə təqdim edilmişdir.
Tərəflərin izahatları.
4. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. PAZ********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh məxsus “Opel Astra” minik markalı, **- EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2021 – xx.xx.2022-ci il tarixləri arasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə icbari qaydada sığortalanmışdır.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-306/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına təyin edilməsi hökm edilmişdir.
8. 13.01.2025-ci il tarixli ödəniş tapşırığının "xxxx" ASC tərəfindən təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X5 1500 manat məbləğində sığorta ödənişi edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 889 nömrəli ekspert rəyindən görünür ki, Cəlilova Sevinc qızının bədənində aşkar olunmuş xəsarətlər – sol alt göz qapağının və gözaltı nahiyyəsinin dərialtı hematoması, burun sümüklərinin sınığı ilə müşayiət olunan burun əsasının qançırı, sağ süd vəzisinin qançırı, sağ aşıq-baldır oynağı hemartozu, sağ bayır topuğunun qapalı yerdəyişməyən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. S.V.Cəlilovanın bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə sürücüsü olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdilər. S.V.Cəlilovanın bədənində aşkar olunmuş xəsarətlərin bədənin əl çatan nahiyəsində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir.
İşin faktiki halları.
10.xx.xx.2022-ci il tarixində Bakı şəhər Binəqədi rayon Fatmayı qəsəbəsi Fatmayı- Pirşağı yolunda "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə edilən “Opel Astra” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” markalı, **-OA-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törədilmiş, nəticədə X1 az ağır xəsarət dəymişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-306/2024 nömrəli hökmünə əsasən cavabdeh X4 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
12. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
13. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları. İ. Yol hərəkətinin iştirakçıları: 1)yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar... Maddə 81. Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyət. Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda– 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
16. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.
17. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixində Bakı şəhər Binəqədi rayon Fatmayı qəsəbəsi Fatmayı-Pirşağı yolunda "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə edilən “Opel Astra” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” markalı, **-OA-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə X1 az ağır xəsarət dəymişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-306/2024 nömrəli hökmünə əsasən cavabdeh X4 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, AR Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.
18. Hadisə nəticəsində zərərçəkmiş X5 aldığı xəsarətə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1500 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür.
19. Hazırda iddiaçı "xxxx" ASC Cavabdeh təqsirli hərəkətləri nəticəsində şəxsə görə ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edir ki, məhkəmə bu tələbi tam əsaslı hesab edir.
20. Belə ki, yuxarıda qeyd edilmiş qanunvericilik normalarından görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığortaçıya subroqasiya qaydasında verilmiş sığorta ödənişi məbləğində keçir.
21. İş materiallarından baş vermiş yol nəqliyyat hadisəsində məhz cavabdehin təqsirli olması, onun təqsirli hərəkəti nəticəsində şəxsə ziyan dəymiş olması və bu ziyanın sığortaçı tərəfindən ödənilmiş olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1500 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri.
22.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
24.Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat məbləğində sığorta ödənişi və 35.40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul və 35.40 (otuz beş manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova