Məhkəmə qərarları › İş №e-2(060)-2793/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2793/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2793/2022 29.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə,Cavabdeh İddiaçınə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 28241,65 manat pulun və 174,73 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 019/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 28241,65 manat hissəsini bu günədək ödəməmişdir. Cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 019/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, həmçinin cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun da iddiaçıya aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, 019/2020 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə guya cavabadehə 30000 manat məbləğində müxtəlif çeşidli məhsullar nisyə olaraq verilmiş və cavabdeh 30000 manat məbləğində olan borcu 3 ay ərzində pul şəkilində ödəməyi öhdəsinə götürmüşdür. Bütün bunlar hamısı yalandır. Belə ki, cavabdeh və cavabdeh kimi digər şəxslər İddiaçındə işə qəbul olunarkən ilk olaraq bu müqaviləyə qol çəkdirirlər və ondan sonra həmin şəxslərlə əmək müqaviləsi bağlayırlar. Müqavilə bağlanarkən onun tarixi qoyulmur. Yəni iddiaçı sonradan müqaviləyə istənilən tarixi qoya bilər. Yəni iddiaçı özünü sığortalamaq məqsədilə belə bir müqavilə təklif edir. Təhvil-təslim aktında qeyd olunan mallar cavabdehə təhvil verilməyib. Cavabdeh ümumiyyətlə belə bir mal satmamışdır. Müqavilədə təhvil təslim aktında və ərizədə olan imza cavabdehə məxsus olsa da, cavabdeh işə qəbul olmaq üçün həmin müqaviləyə qol çəkmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək bildirdi ki, cavabdeh fərdi sahibkar deyil. O, İddiaçındə əmək müqaviləsi üzrə satış nümayəndəsi kimi işləyib. İddia ərizəsində tələb edilən borc alqı-satqı müqaviləsi əsasında yaranan borc məbləğidir. Alqı-satqı müqaviləsinə əsasən iddiaçı məhsulları həmin gün cavabdehə təqdim edilib. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirdi ki, o İddiaçı MMC-nin əməkdaşı olub. Belə ki, əmək müqaviləsi əsasən satış nümayəndəsi kimi fəaliyyət göstərib. İşə qəbul edildiyi gün onunla və onun kimi digər işə qəbul edilən əməkdaşlarla 30000 manatlıq malın nisyə alqı-satqısına dair müqavilə bağlanıb. Lakin, ona heç bir mal verilməyib. Onun əsas funksiyası İddiaçı MMC-dən mal alan mağazalarda hansı mala ehtiyac olduğunu müəyyən etmək və malların mağazalara çatdırılmasını təşkil etmək olub. Həmin MMC-də işləyərkən mal daşıyan avtomobil qəzaya uğramış və nəticədə mallar tələf olmuş və oğurlanmışdı. İddiaçı bunun əvəzində hazırkı iddianı irəli sürüb. O, 2020-ci ilin aprel ayından etibarən işdən çıxıb. Qeyd edilənlərə əsasən cavabdeh ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, cavabdehlə iddiaçı arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi yalan əqddir. Belə ki, əqdi bağlayarkən heç də məqsəd cavabdehə mal satılması olmayıb. Həmçinin cavabdehin işə qəbul edildiyi gün ona 30000 manatlıq mal satılması absurddur. Əgər cavabdehin belə bir dəyərdə malı alıb-satmaq imkanı var idisə elə bu fəaliyyətlə məşğul olardı və işləməyinə ehtiyac qalmazdı. İddiaçı cavabdehin çarəsiz vəziyyətindən istifadə edərək onu belə bir müqavilə bağlamağa məcbur edib. Həmçinin iddiaçı 28241,65 manat pul tələb edir. Belə çıxır ki, cavabdeh qalan borc məbləğini ödəyib. Bununla bağlı isə iddiaçı heç bir sənəd təqdim etməyib. Qeyd edilənlərə əsasən nümayəndə ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1989-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, yat.15, ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli məhsulların nisyə alqı-satqısı baarədə müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktlarına əsasən cavabdeh ümumi dəyəri 30000 manat təşkil edən müxtəlif markalı enerji içkilərini iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-yə satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Bununla bağlı əmək müqaviləsi bildirişi elektron sistemə daxil edilmişdir. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişə əsasən iddiaçı tərəfindən cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 174,73 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X3 ifadəsində bildirmişdir ki, Xəyyamla birlikdə İddiaçındə satış nümayəndəsi kimi işləmişdir. Cavabdehi iş yoldaşı kimi tanımış və yaxın münasibətləri olmamışdır. Onlara işə girəndə 30000 manat məbləğində mal götürmələri ilə bağlı müqavilə imzaladıblar. İşdən çıxandan sonra pulun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdilər. Müqavilədə qeyd edilən mallar ona təqdim edilməyib. Təkcə ona deyil, başqalarına da bu tipli müqavilələr imzaladıblar. Həmin müqavilənin surəti ona təqdim edilməyib. Həmin sənədlərə hər kəs qol çəkib. Məhkəmə iclasında ifadə vermiş şahid X6 ifadəsində bildirmişdir ki, Xəyyamı iş yoldaşı kimi tanıyır. 2018-2020-ci illərdə İddiaçı MMC-də satış nümayəndəsi kimi işlmişdir. Ona da işə qəbul edilərkən 30000 manatlıq mal verilməsi barədə müqaviləni imzaladıblar. İşə qəbul edilmək üçün məcbur qalaraq müqaviləni imzalayıb. Onda olan məlumata görə onunla birlikdə işə götürülən digər şəxslərlə də eyni məzmunlu müqavilə bağlanıb. Məhkəmə iclasında ifadə vermiş şahid X2 ifadəsində bildirmişdir ki, Xəyyamla ”Avrora” Məhdud Məsuliyyətli Cəmiyyətində 2018-2020-ci illərdə birgə işləmişlər. Ona işə girəndə 30000 manat məbləğində mal götürməsi ilə bağlı müqavilə imzaladıblar. Lakin müqavilənin surəti ona təqdim edilməyib. Cavabdehi müqaviləni imzalayan an görməmişdir. Lakin o müqaviləni hər kəsə imzaladırdılar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600). Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsaslanaraq cavabdehdən pul tələb edir. Cavabdeh isə həmin müqavilənin əslində malalqı satqısı ilə bağlı bağlanmadığını bildirərək müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3.). etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4.). Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (340.1.). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (340.2.). “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər öz ifadələrində İddiaçı MMC-nin əvvəllər əməkdaşı olduqlarını, işə qəbul edilərkən 30 000 manatlıq malın alqısatqısı ilə bağlı müqavilə imzalamağa məcbur edildiklərini, əslində isə onlara heç bir mal verilmədiyini, işə qəbul edilmək üçün məcbur qalaraq müqaviləni imzaladıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, həmin şahidlər cavabdehin hər hansı yaxın qohumu və ya iş üzrə şəxsi maraqları olan şəxslər olmadıqlarından onların ifadələrinin mötəbərliyinin şübhə altına alınması mümkün deyildir. Eyni zamanda cavabdehin İddiaçı MMC-nin əməkdaşı olduğu və fərdi sahibkar statusuna malik olmadığı halda onunla heç bir təminat olmadan 30000 manatlıq malın verilməsi barədə müqavilənin bağlanması və həmin dəyərdə məhsulun cavabdehə verilməsi məntiqli və inandırıcı görünmür. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin çap üsulu ilə yazılmasına baxmayaraq müqavilənin tarixi sonradan əlyazma ilə qeyd edilmişdir. Bu da müqavilənin tarixinin sonradan qoyulması barədə cavabdeh tərəfindən göstərilənlərin əsaslı ola bilmək ehtimalını yaradır. xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsində 30000 manatlıq malın satılması razılaşdırıldığı halda iddiaçı hazırda cavabdehdən 28241,65 manat pul tələb edir. Belə çıxır ki, qalan məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh isə iddiaçıya hər hansı ödəniş etmədiyini bildirmiş, iddiaçının nümayəndəsi həmin ödənişlə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Müqavilədə cavabdehin məhsulun dəyərini 3 ay ərzində ödəməli olduğu göstərilmişdir. Həmin müddət xx.xx.2020-ci ildə başa çatmışdır. İddiaçı isə bundan təxminən 2 il sonra məhkəməyə müraciət etmişdir. Bütün bunla isə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin yalan əqd olduğu və tərəflərin həqiqi iradə ifadəsi ona uyğun hüquqi nəticələr yaratmaq olmamışdır. Bu səbəbdənilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 223-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 28241,65 manat pulun və 174,73 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 019/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçındən alınaraq Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar