Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-284/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 710 manat məbləğində vurulmuş zərər və ödənilmiş 30 manat dövlət rüsumunun (cəmi 740 manat) alınaraq, iddiaçının hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Daha sonra məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, ərizə və ona əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət deyildir və əlavə araşdırmanın aparılması, həmçinin tərəfləri çağıraraq izahatların alınması zəruridir. Ona görə də məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, “VAZ 21061” markalı, **-DB-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2020-ci ildə cavabdehin idarə etdiyi “VAZ 21061” markalı, **-DB-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, H.Əliyev ilə Azərbaycan küçələrinin kəsişməsində, X1 idarə etdiyi “Mitsubishi Pajero İO” markalı, 10-ZM–252 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Avtoservis Masazır (Fiziki şəxs qismində qiymətləndirmə fəaliyyəti aparan X.Z.Əhmədova) tərəfindən verilmiş akta əsasən hadisə nəticəsində “Mitsubishi Pajero İO” markalı, 10-ZM–252 dövlət nömrə nişanlı avtomobilə 710 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 710 manat məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir. Cavabdeh xx.xx.2022-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2020-ci ilin noyabrın 19-da onun idarə etdiyi maşın Leyla Tanrıverdiyeva adlı qadının idarə etdiyi avtomaşınla toqquşmuşdur. Həmin qadın işıqforun qırmızı işığında gəlib onun maşınını vurmuş, hadisə yerinə nə sığorta nə də X5 nümayəndələr gəlmişdir. Bir aydan sonra DYP-i idarəsindən ona zəng edilmiş və getmişdir. X6 orada izahat vermişdir. Hadisə vaxtı hava qaranlıq olduğuna görə bir az irəlidə saxlamışdır. Xanım sürüb getmiş, maşınlara heç bir ziyan dəyməmişdir. Qadın gözləsə, o da gözləyərdi. Hadisə ilə əlaqədar o, 90 manat cərimə ödəmişdir. Maşının sahibi ondan şikayət etməmişdir. İndi bilmişdir ki, "xxxx" ASC ondan şikayət edir ki, bu hadisədə o günahkardır. Bu iddianı o qəbul etmir. Hadisədən sonra həmin sığorta idarəsindən 2 dəfə sığorta sənədləri almışdır. Bu işdə o özünü günahkar saymır. "xxxx" ASC-nin ona qarşı qaldırdığı iddianı əsassız sayır. Cavabdeh məhkəmə iclasında ərizəsində göstərdiklərini müdafiə edərək, izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. İşıqforun yaşıl işığında hərəkətə başladıqdan sonra digər avtomobilin qırmızı işıqda keçməsi səbəbindən həmin avtomobilə çox cüzi bir şəkildə öz avtomaşını ilə toxunmuşdur. Lakin həmin avtomaşının hərəkəti davam etdirməsinə və öz avtomoblində zərərin olmamasına görə hərəkətini davam etdirmişdir. Qeyd olunan zərər məbləği ilə razı deyildir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Elektron məlumatdan görünür ki, “VAZ 21061” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də sığortalanmışdır. - PXA 78383 №-li sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 15:45-də baş vermiş yol nəqliyyat hadisəsi zamanı X1 istifadəsində olmuş “Mitsubishi Pajero İO” markalı, 10-ZM– 252 dövlət qeydiyyat nişanlı avtomobil üçün dəymiş zərərə görə köçürmə yolu ilə 710 manat ödəniş edilmişdir. - xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə və yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327..1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək törətdiyi yol nəqliyyat hadisəsinə görə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - Cavabdeh SŞPİ-nin DYPŞ-ndə verdiyi izahatdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 15:40 radələrində idarə etdiyi “VAZ 21061” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, H.Əliyev ilə Azərbaycan küçələrinin kəsişməsində, X1 idarə etdiyi “Mitsubishi Pajero İO” markalı, 10-ZM–252 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin qadın işıqforun qırmızı işığında gəlib onun maşınını vurmuşdur. - Qiymətləndirmə aktından görünür ki, “Mitsubishi Pajero İO” markalı, 10-ZM–252 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 710 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli, 9/49 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən sığortalanmış “VAZ 21061” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, H.Əliyev ilə Azərbaycan küçələrinin kəsişməsində cavabdeh tərəfindən idarə olunarkən “Mitsubishi Pajero İO” markalı, 10-ZM–252 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində avtomobilə dəymiş 710 manat zərər X3 ödənilmişdir. Cavabdeh yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə və yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə AR İXM-nin 327..1 və 327.6-cı maddələri təqsirli bilinərək inzibati qaydada 100 manat cərimə edilmişdir. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/49 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan Avtoservis Masazır firması tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mitsubishi Pajero İO” markalı, 10-ZM–252 dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 710 manat müəyyən edilir. O cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti 290 manat; Təmir-bərpa işlərinin qiyməti – 420 manat müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının subroqasiya hüququnun yaranması, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 710 manat həddində olması iş materialları və ekspertin rəyi ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq cavabdehdən 50 manat tutularaq X2 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 710 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülsün. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh 50 manat tutularaq X2 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-284/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-284/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver