Məhkəmə qərarları › İş №e-2(060)-2875/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2875/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2875/2022 15.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh Mülüm oğlunun iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh Mülüm oğluna qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh Mülüm oğluna (bundan sonra cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı qulaqlığa görə 349,6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung” markalı qulaqlıq almış və nəticədə 349,6 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 369.6 manat olan Samsung” markalı qulaqlıq üçün ümumilikdə 349,6 manat olmaqla, ondan 349,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 20 manat təşkil edir. İş icraata qəbul edilərək cavabdehə bildiriş göndərilmiş və iddiaya etirazının 10 gün müddətində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə daxil olduğundan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən sifariş etdiyi qulaqlıq xx.xx.2020-ci il tarixdə ona təqdim edilmiş və onun dəyərini cavabdeh 24 ay müddətində ödəməli idi. Lakın, cihazda müəyyən nasazlıqlar olduğu üçün cavabdeh məhsulu xx.xx.2020-ci il tarixində iddiaçının ünvan 1 ünvanın da yerləşən servis mərkəzinə akt əsasında təhvil vermişdir. Yalnız keçən ilin may ayında özünü “Kontakt Home” şirkətinin əməkdaşı kimi təqdim edən şəxs cavabdeh zəng edərək, məhsulun dəyərini tələb etmişdir. İddiaçı məhsulda nasazlıq olduğu üçün servis mərkəzinə təhvil verdiyini bildirib. Bundan sonra isə cavabdehin telefonuna müxtəlif nömrələrdən zənglər gəlmiş və məhsulun dəyəri tələb edilmişdir. Sonradan isə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək bildirdi ki, cavabdehə “Samsung” markalı qulaqlığı servisdən götürməsi təklif edilmişdir. Lakin cavabdeh bununla razılaşmamış, qulaqlığın yenisi ilə əvəz edilməsini və ya ödədiyi pul məbləğinin geri qaytarılmasını tələb etmişdir. Onda olan məlumata görə məhsul cavabdeh tərəfindən servis mərkəzinə təhvil verildikdən bir neçə gün sonra iddiaçı ilə əlaqə saxlanılıb. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, məhsulu şirkətdən aldıqdan 11 gün sonra qaytarmışdır. Bu səbəbdən də iddiaçıya heç bir borcu yoxdur. Məhsulu servis mərkəzinə təhvil verdikdən bir neçə ay sonra onunla əlaqə saxlayaraq məhsulun götürülməsi təklif edilmişdir. Bu müddət ərzində gigiyenik məhsulun keyfiyyəti dəyişə və həmçinin qiymətində dəyişiklik ola bilərdi. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1976-cı ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə “Samsung” markalı qulaqlığı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay müddətində hər ay 15,4 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 369,6 manat olan “Samsung” markalı qulaqlıq üçün, ilkin ödənişsiz 20 manat ödəniş etmişdir. Cavabdehin həmin məhsula görə 349,6 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Samsung” markalı qulaqlığı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İddiaçının servis mərkəzinin xx.xx.2020-ci il tarixli aktına əsasən cavabdeh xx.xx.2020-ci ildə “Samsung” markalı qulaqlığı iddiaçının servis mərkəzinə təhvil vermişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 3-cü bəndinə əsasən İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Həmin qanunun 7-ci maddəsinin 6-cı bəndinə əsasən istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh “Samsung” markalı qulaqlığı xx.xx.2020-ci ildə, yəni həmin malı aldığı gündən 14 gün ərzində iddiaçının servis mərkəzinə təhvil vermişdir. Belə olan halda iddiaçı məhsulda nasazlıq olub-olmadığını qısa müddət ərzində müəyyən etməklə cavabdehə bu barədə məlumat verməli idi. Cavabdehin bildirdiyinə görə məhsulu servis mərkəzinə təhvil verdikdən bir neçə ay sonra ona zəng vurularaq məhsulun götürülməsi təklif edilmişdir. 28 iyun 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də qeyd edilən halı təkzib etməmişdir. İş materiallarında da iddiaçı tərəfindən məhsulun götürülməsi ilə bağlı cavabdehə müraciət edilməsi ilə bağlkı hər hansı sübut mövcud deyildir. Məhkəmə hesab edir ki, qeyd edilən hal cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, məhsulun servis mərkəzinə təhvil verilməsindən keçən uzun müddət həmin məhsulun normal aşınma nəticəsində keyfiyyətinin pisləşməsinə və cavabdehin məhsuldan istifadəyə marağının azalmasına səbəb ola bilərdi. Eyni zamanda məhsul xx.xx.2020-ci ildə iddiaçıya təhvil verilməsinə baxmayaraq iddiaçı məhsulu özündə saxlamış və müqavilə üzrə ödəniş müddəti başa çatdıqdan sonra məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olmadığı üçün təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı qulaqlığa görə 349,6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar