Məhkəmə qərarları › İş №e-2(060)-2945/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2945/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2945/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində vurulmuş zərər və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 730 manat) alınaraq, iddiaçı "xxxx" ASCnin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “HYUNDAİ ELANTRA” markalı, 99–KN– 384 dövlət nömrə nişanlı avtomobil 02.06.2020-ci ildən 02.06.2021-ci ilədək "xxxx" ASCdə icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 25.05.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il oktyabrın 21-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “HYUNDAİ ELANTRA” markalı, 99–KN–384 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Ü.Hacıbəyov “CHEVROLET CRUZE“ markalı, 99–NB–432 və “VAZ 21099” markalı, 10–UG–399 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Sumqayıt şəhər DYPŞ-nin 12.03.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (Bu Məcəllənin 332.2-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə), 327.1-ci və 327.6cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə təqsirli bilinərərək 400 manat məbləğində cərimə edilmişdir. Fiziki şəxs qismində avtomobillərin qiymətləndirmə fəaliyyəti aparan X1 tərəfindən verilmiş akta əsasən hadisə nəticəsində “CHEVROLET CRUZE“ markalı, 99– NB–432 dövlət nömrə nişanlı avtomobilə 700 manat məbləğində zərər dəymişdir. İddiaçı 26.04.2021-ci il tarixində 2686 nömrəli ödəniş tapşırığı ilə həmin məbləği zərərçəkmiş şəxs X3 ödəmişdir. Odur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş “İcbari Sığorta Müqaviləsinə Dair Məlumat”ın surətindən müəyyən edilir ki, X5 özünə məxsus “Hyundai Elantra” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilini 02.06.2020-cu il tarixdən 02.06.2021-ci il tarixə qədər sığorta etdirmişdir. İş materiallarında olan PXA85336 nömrəli “Sığorta aktı”nın surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığorta aktına əsasən 21.10.2020-ci il tarixdə, saat 17:10-da Ü.Hacıbəyov küçəsi, Sumqayıt- sığortalanmış “Hyundai Elantra” markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrolet Cruze” markalı ** NB *** və “VAZ 21099” markalı ** UG *** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan “İnzibati Tənbeh vermə haqqında” TP № ******* saylı, 12.03.2021-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Abdulmanaflı Tərlan İbrahim oğlu 21.10.2020-ci il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “Hyundai Elantra” markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq İXM-nin 332.4 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə haqqında tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən tərtib olunmuş “qüsur akt”ın surətindən görünür ki, “Chevrolet Cruze” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər: sol fara 1 ədəd-200, sol dumannı (led) 1 ədəd-100, ön buferin sol salaskası 1 ədəd-30 manat, dəmirçi-130 manat, rəngsaz-120 manat, armaturçu-120 manat, plasmas ustası-50 manat, elektrik-30 manat, yekun məbləğ- 700 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin 26.04.2021-ci il tarixli, 2686 nömrəli ödəniş tapşırığın surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 700 manat məbləğində pul köçürmüşdür. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ Mülki Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məssuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri ( nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzini ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində vurulmuş zərər və 30 (otuz) manat dövlət rüsumu, cəmi 730 (yeddi yüz otuz) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində vurulmuş zərər və 30 (otuz) manat dövlət rüsumu, cəmi 730 (yeddi yüz otuz) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar