Məhkəmə qərarları › İş №e-2(060)-2950/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2950/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2950/2022 24.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, HOFFMANN X Go markalı telefon, HOFFMANN LED TV, Samsung Galaxy A30s markalı telefon, Qoruyucu şüşə, Samsung Galaxy A30s üçün case, Samsung Galaxy A20s markalı telefon almış və nəticədə 1335 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 176 manat olan HOFFMANN X Go markalı telefon üçün ümumilikdə, 70 manat olmaqla ondan, 64 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 509 manat olan HOFFMANN LED TV üçün ümumilikdə, 431 manat olmaqla ondan, 392 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 792 manat olan Samsung Galaxy A30s markalı telefon, Qoruyucu şüşə, Samsung Galaxy A30s üçün case üçün ümumilikdə, 508 manat olmaqla ondan, 462 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46 cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 514.8 manat olan Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə, 326 manat olmaqla ondan, 297 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 776.8 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN X Go markalı telefon üçün 64 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, HOFFMANN LED TV üçün 392 manat ödənilməmiş hissə, 39 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A30s markalı telefon, Qoruyucu şüşə, Samsung Galaxy A30s case üçün 462 manat ödənilməmiş hissə, 46 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A20s markalı telefon üçün 297 manat ödənilməmiş hissə, 29 manat cərimə, ümumilikdə 1335 manat borc və 33.35 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadı ilə mülki işə iddia icratına qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Cavabdeh rəsmi qaydada bildiriş göndərmiş, lakin həmin bildiriş ünvan tam deyil qeydi ilə geri qaytarılmışdır. Cavabdeh AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 11 ay müddətində hər ay 16 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 176 manat olan HOFFMANN X Go markalı telefon üçün 112 manat ödəniş etmiş və 64 manat ödənilməmiş borcu qalmış, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 5 manat ilkin ödəniş olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 28 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 509 manat olan HOFFMANN LED TV üçün 117 manat ödəniş etmiş və 392 manat ödənilməmiş borcu qalmış, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 66 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 792 manat olan Samsung Galaxy A30s markalı telefon, Qoruyucu şüşə, Samsung Galaxy A30s case üçün 330 manat ödəniş etmiş və 462 manat ödənilməmiş borcu qalmış, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətində hər ay 42.9 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 514.8 manat olan Samsung Galaxy A20s markalı telefon üçün 217.8 manat ödəniş etmiş və 297 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrdən görünür ki, müqavilələrə əsasən Cavabdeh "xxxx" MMC-dən HOFFMANN X Go markalı telefon, HOFFMANN LED TV, Samsung Galaxy A30s markalı telefon, Qoruyucu şüşə, Samsung Galaxy A30s üçün case, Samsung Galaxy A20s markalı telefon almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh "xxxx" MMC-dən xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrdə nəzərdə tutulmuş əşyaları qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən ödənişlər etməyi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya 1215 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, ümumilikdə 1335 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il müqavilə üzrə 20 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 10 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 1215 manat əsas borc, 56 manat dəbbə, cəmi 1271 manat məbləğində pul və 33.35 manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1215 manat pul, 56 manat dəbbə pulu, cəmi 1271 (min iki yüz yetmiş bir) manat məbləğində pul və 33.35 (otuz üç manat otuz beş qəpik) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar