Məhkəmə qərarları › İş №e-2(060)-297/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-297/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-297/2025 16.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan, “Khazar SD” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb olunan 10500.47 manat pul və ödənilmiş 121.50 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli MAS-5490 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % hesablanmaqla 43 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.04 manat, ümumilikdə isə 19223 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19223 manatın 12714 manatı əsas məbləğ təşkil edir. X3 “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu X1 qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024- cü il tarixli e-2(060)-334/2024 saylı qətnaməsi ilə (hakim G.Tağızadə) İddiaçı MMC-nin iddası təmin edilərək, “Khazar SD” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 1608 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” markalı, 77- PK-584 dövlət qeydiyyat nişanlı avtomobil 04 iyun 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 10500.47 manat ziyan dəymişdir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1 -ci bəndinə əsasən lizinq Alan müvafık standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir.Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçının nümayəndəsi X4 elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini, iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli MAS- 5490 nömrəli “Daxili lizinq müqaviləsi”ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı ağ rəngli, “Khazar SD” markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilini muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq obyekti lizinqalan tərəfindən seçilib. Bu lizinq müqaviləsinin əsas məbləğini 12714 manat təşkil edir. Lizinq alaq bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 43 ay müddətinə illik 24.5% həcmində mükafat məbləği hesablanır. - 05 oktyabr 2022-ci il tarixli MAS-5490 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bu əlavənin predmetini tərəflər arasında bağlanmış 05 oktyabr 2022ci il tarixli MAS-5490 nömrəli “Daxili Lizinq” müqaviləsi üzrə əldə olunan əmlakın adı komplektliyi və dəyəri təşkil edir. Lizinq obyektinə aşağıda göstərilən siyahıya uyğun olaraq 12714 manat məbləğində olan avtomobil daxildir. Avtomobilin göstəriciləri: “Khazar SD” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME324306 ban nömrəli, ağ rəngli avtomobil. - MAS-5490 saylı Daxili Lizinq müqaviləsinə 3 saylı əlavədən görnür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş daxili lizinq müqaviləsinin ayrılmaz və tərkib hissəsidir. Məbləğ 12,714 manat, illik faiz 24.5%, müddət isə 43 aydır. Lizinq alan X3 xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 447,04, sonuncu ay isə 447,08 manat ödəniş etməlidir. - Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-334/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh 05 oktyabr 2022-ci il tarixli MAS5490 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 oktyabr 2023-cü il tarixə 780 (yeddi yüz səksən) manat 99 (doxsan doqquz) qəpik gecikdirilmiş əsas, 817 (səkkiz yüz on yeddi) manat 01 (bir) qəpik gecikdirilmiş mükafat, həmin günə hesablanmış 10 (on) manat dəbbə pulu, cəmi 1608 (bir min altı yüz səkkiz) manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. - X7 MMC tərəfindən verilmiş qüsur aktından görünür ki, “Khazar SD” markalı, **- PE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobildə ümumi xidmət haqqı 3800 manat, ehtiyat hissələrinin ümumi dəyəri 5098.71 manat, yekun ödəniləcək məbləğ 8898,71 manat, ədv 1601,77 manat, yekunda ədv də daxil olmaqla ödəniləcək məbləğ 10500,47 manat qiymətləndirilmişdir. - AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10556 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2021-ci il buraxılışlı mühərrik həcmi 1650 sm3, “Khazar SD’’ markalı, **-PE-*** qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 11500,00 manat ((10500,00+11500,00+12500,00):3) müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 11500,00 manat olmuş avtomobilin təmirinə 10500,47 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Vəsatətə cavab olaraq xx.xx.2024-cü il tarixdə Mərkəzə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə birgə təqdim edilmiş “X7” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 20%-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 11500,00 manat olmuş 2021-ci il buraxılışlı mühərrik həcmi 1650 sm3, “Khazar SD” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 9200,00 (11500,00-20%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2025-ci il tarixli, 9/10556 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri 100 manat təşkil edir. - 23.08.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 121.50 manat dövlət rüsumu ödəmişdir. - İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Bu Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Bu Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Yenə bu Məcəllənin 748-1-ci maddəsinin 5-ci və 7-ci hissəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizinq müqaviləsinin 4.4.2-ci yarımbəndinə əsasən lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. İşin faktiki hallarından da göründüyü kimi, İddiaçı MMC-yə məxsus olmaqla Cavabdeh idarəçiliyində olmuş “Khazar SD” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomaşın cavabdehin müvəqqəti sahibliyində və istifadəsində olduğu müddət ərzində, sonuncu tərəfindən istismar edilərkən Azərbaycan Respublikasının Mülki qanunvericiliyinin, habelə Lizinq müqaviləsinin şərtlərini pozulmuş, nəticədə iddiaçıya maddi zərər dəymişdir ki, bununla da iddiaçının maddi zərəri cavabdehdən tələb etmək hüququ yaranmışdır. Eyni zamanda, ekspert rəyinə əsasən iddiaçıya dəymiş maddi zərərin məbləği 9200 manat məbləğində hesablanmışdır. Bu səbəbdən də, iddianın maddi zərərə dair hissəsi qismən əsaslı hesab edilməli və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 9200 manat dəymiş zərər və 121.50 manat məbləğində məhkəmə xərcinin 92 %-i, yəni 112 manatı İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 8 %-i, yəni 8 manatı İddiaçı MMC-dən, 98 %-i, yəni 92 manatı isə Cavabdeh tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9200 (doqquz min iki yüz) manat dəymiş zərər və 121.50 manat məbləğində məhkəmə xərcinin 92 %-i, yəni 112 (bir yüz on iki) manatı İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 8 %-i, yəni 8 (səkkiz) manatı İddiaçı MMC-dən, 92 %-i, yəni 92 (doxsan iki) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar