Məhkəmə qərarları › İş №e-2(060)-2990/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2990/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2990/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada müqavilə üzrə 1321 manat qalıq borc və 261,55 manat cərimə borcu olmaqla, cəmi 1582,55 manat borcun, həmçinin ödənilmiş 35,82 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2990/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli SMTK00706 saylı nisyə müqaviləsinin etibarsız hesab edilməsi əşyaların -Saray çarpayı (krem) WP, Saray Dolab (krem) WP, Saray Tumba (krem) WP, Saray Termo (krem) WP,Eko Döşək 1.6x2.0 mebeli yararsız hesab edilməsi və kredit müqaviləsinə əsasən ödənilmiş 700 (yeddi yüz) manat pul məbləğinin ona geri qaytarılması, eləcə də əlavə olaraq hesablanmış 261,55 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ilkin iddia ilə razı deyil. Belə ki, iddia olunan əşyaları xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-də müqavilə bağlasa da əşyalar 2019-cu ilin may ayının sonları yaşadığı mənzilə gətirilib. Əşyalar gələn günü evində iş gördüyü zaman yıxılaraq onurğa sümüyünü əzmişdir. Elə həmin zaman İddiaçı MMC-nin nümayəndələri də onun mənzilində əşyaları yerləşdirməyə gəlmişdilər. Hadisə baş verdiyindən ailə üzvləri ona təcili köməklik etmək üçün onu xəstəxanaya aparmışlar. Daha sonra onlara məlum oldu ki, İddiaçı MMC-nin nümayəndələri əşyaları mənzilə yerləşdirib gediblər. Qeyd edir ki, əşyalardan 3-ü sağlamdır və o, onların ödənişlərini vaxtı-vaxtında ödəyib bağlamışdır. Lakin qalan bir məhsul mənzilinə gətirilən gündən istifadəyə yararsızdır. Bildirir ki, o, İddiaçı MMC-dən 2dəst uşaq mebeli, 2-dəst yataq Saray çarpayı (krem) WP, Saray Tumba (krem) WP, Saray Termo (krem) WP, Eko Döşək 1.6x2.0 mebeli almışdır. Mebelin yararsız olmağı barədə dəfələrlə İddiaçı MMC-yə məlumat vermişdir. Hər dəfə qeyd ediblər ki, ya gəlib təmir edəcəklər, ya da əşyanı yenisi ilə əvəz edəcəklər. O, yarasız əşya üçün ödənişlər etmişdir. Daha sonra ona məlum oldu ki, İddiaçı MMC onu aldadır və ona heç bir köməklik etmək istəmirlər. Həmin vaxtdan yararsız əşya üçün kredit ödəməyi dayandırmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin qarşılıqlı iddia ilə razılaşmadığını, əsassız olduğunu göstərdi və rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi, tələbinin təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki materiallarında olan: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən və 1 saylı Əlavədən görünür ki, “Satıcı” bu müqaviləyə əsasən, dəyəri 6473 manat olan avadanlığı alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyanı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, 12 ay müddətinə, hər ay üçün 539 manat (sonuncu ay 544 manat) ödəniş etmək şərtilə ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixə 1321 manat əsas, 261,55 manat cərimə, cəmi 1582,55 manat borcu vardır. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə alıcı Cavabdeh1 arasında nisyə alqı-satqı müqaviləsindən müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı borcluya vermiş, lakin borclu ödənişləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 429.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 261,55 manat dəbbə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir. İddiaçı MMC ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 14 aprel 2019-cu il tarixli Zaminlik müqavilələrindən görünür ki, zaminlər borclu Cavabdeh1 eyni tarixli nisyə satış müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşlər. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən araşdıralan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də zaminlərə qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə Mülki Məcəllənin 337, 354-cü maddələrinə istinadən hesab edir ki, müqavilənin etibarsızlığı ilə bağlı hissədə qarşılıqlı iddia üzrə iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qarşılıqlı iddia üzrə "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, qalan hissədə (əmlakın yararsız hesab edilməsi və pul tələbi) iddia tələbinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qeyd olunan hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh1 1321 manat əsas, 50 manat cərimə, cəmi 1371 manat borc İddiaçı xeyrinə tutulmalıdır. İlkin iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçınə qarşı “nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia qismən təmin edildiyindən ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 30,56 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 5,26 manat iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 1321 manat əsas, 50 manat cərimə, cəmi 1371 (bir min üç yüz yetmiş bir) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,56 (otuz manat, əlli altı qəpik) manat İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı «nisyə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və s.» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar