Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-300/2023 26.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 422 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Daha sonra xx.xx.2022-ci ildə Cavabdeh tərəfindən etiraz ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə etiraz ərizəsini, kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, ərizə və ona əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət deyildir və əlavə araşdırmanın aparılması, həmçinin tərəfləri çağıraraq izahatların alınması zəruridir. Ona görə də məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən edilən “Hyundai HD72” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixində Bakı şəhəri ərazisində “Hyundai Elantra” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. nəticədə sonuncuya maddi ziyan dəymişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 422 manat məbləğində sığorta ödənişi verilmişdir. Hadisə ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının qeyd etdikləri tamamilə əsassızdır. Belə ki, hadisə baş verən zaman hadisədən xəbəri olmamışdır. Belə ki, idarəsində olan avtomobil böyük yük maşınıdır və hərəkətdə olan zaman digər avtomobilə toxunmağını hiss etməmişdir. Daha sonra işlədiyi idarə tərəfindən bu barədə məlumat almış, aidiyyəti üzrə polis şöbəsinə yaxınlaşmış, zərərin əvəzi olaraq 250 manat ödəniş etmişdir. 250 manat məbləğində ödəniş etməyi ilə bağlı iş yoldaşı da şahiddir və bu barədə DYPŞ-nin əməkdaşı da məlumatlı olmuşdur. Bildirir ki, həmin pulu verdikdən sonra avtomobilin sahibi ona daha zəng etməmiş və ya hər hansı tələbi olmamışdır. Hadisədən təxminən 7-8 ay keçdikdən sonra cavabdeh şirkət onunla əlaqə saxlamış, baş verən hadisə nəticəsində 422 manat ödədiklərini və hadisə yerindən yayındığı üçün həmin pulu geri ödəməli olduğunu bildirmişdirlər. O isə hadisə yerindən yayınmadığını, bu halın DYPŞ-də də öz təsdiqini tapdığını, zərərçəkənə maşının təmiri üçün 250 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Həmçinin pulu ödəyən zaman nəyə görə onunla əlaqə saxlayaraq hadisə barədə məlumat almadıqlarını, niyə elə həmin vaxtı yox, üzərindən bu qədər müddət keçdikdən sonra əlaqə saxladıqlarını soruşsa da heç bir cavab verilməmişdir. Qeyd etdikləri tamamilə həqiqəti əks etdirir. Avtomobilini vurduğu şəxslə heç bir münasibəti və onun barəsində də heç bir məlumatı yoxdur. İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, hadisənin baş verməsindən artıq 5 ildən çox müddət keçmişdir. İddiaçı iddia müddətini ötürmüşdür. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, ona uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2018-ci il tarixli sığorta aktından görünür ki, X2 adına olan “Hyundai HD72” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixindən xx.xx.2018ci ilə kimi İddiaçı ASC-də sığortalanmış və xx.xx.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X1 istifadəsində olmuş “Hyundai Elantra” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün dəymiş zərərə görə köçürmə yolu ilə 422 manat ödəniş edilmişdir. - Dəymiş zərərin hesablanmasına dair sənəddən görünür ki, “Hyundai Elantra” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 422 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, cavabdeh yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə AR İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək törətdiyi yol nəqliyyat hadisəsinə görə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC tərəfindən sığortalanmış “Hyundai HD72” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə Bakı şəhəri ərazisində cavabdeh tərəfindən idarə olunarkən “Hyundai Elantra” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Toqquşma nəticəsində avtomobilə dəymiş 422 manat zərər iddiaçı tərəfindən X3 ödənilmişdir. Cavabdeh yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 100 manat cərimə edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü bəndinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 63.1-ci bəndinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının subroqasiya hüququnun yaranması, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və onun buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 422 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh avtoqəzadan zərər çəkənə 250 manat ödəməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə bu hal işin faktiki halları və digər sübutlarla təsdiqlənməmişdir. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi əsassızdır. Belə ki, subroqasiya qaydasında pulun ödənilməsi və dəymiş ziyandan irəli gələn öhdəliklərlə bağlı iddia müddəti qanunvericilikdə nəzərdə tutulmamışdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 422 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-300/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-300/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver