Məhkəmə qərarları › İş №e-2(060)-3007/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3007/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3007/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********76807 olan, «Blackview TAB 8» markalı tablet üçün 133,88 manat ödənilməmiş hissə, 13,12 manat cərimə olmaqla, ümumilikdə 147 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh imei kodu **********76807 olan, «Blackview TAB 8» markalı tablet almış və nəticədə 147 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 216,96 manat, imei kodu **********76807 olan, «Blackview TAB 8» markalı tablet üçün 133,88 manat ödənilməmiş hissə, 13,12 manat cərimə borcu olmaqla, ümumilikdə 147 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 83,08 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək işin yenidən araşdırılıb onun hüquqlarının müdafiə olunmasını xahiş etmiş və bildirmişdir ki, iddia ərizəsində qeyd olunan planşetin təmir edilib özünə qaytarıldığı halda ondan tələb olunan 133,88 manat borcu ödəyəcəkdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, 22 aprel 2024-cü il tarixdə ona ünvanlanan məktubu poçtdan götürmüşdür. 9 aprel 2024-cü il tarixdə 2(060)-3007/2024 saylı məhkəmə bildirişində ona - Cavabdeh İddiaçı MMC-nin irəli sürdüyü borc tələbinə dair məlumatı oxumuş və çox təəssüf etmişdir. O, ömrü boyu dövlətinə, millətinə sədaqətlə qulluq etmiş bir ziyalıdır. 69 yaşı vardır. Heç vaxt kimsə haqqında deyə bilməz ki, o, kiminsə bir qəpiyinə kəm baxmışdır. Ona qarşı irəli sürülən iddianı əsassız sayır və iradlarını bildirmək istəyir. 1-ci iradı odur ki, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Sumqayıt Şəhər Məhkəməsinə 28 mart 2024-cü ildə ünvanladığı ərizə heç də əsaslı deyildir. Belə ki, həmin ərizənin 1-ci səhifəsinin son abzasında nə və kimdən yazıldığına bəlkə də diqqət edilməmişdir. Bunu başa düşmür. 2-ci iradı odur ki, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ona 133,88 manat borc,13,12 manat faiz borcunu istəyir. Bəs niyə onun hüquqlarını pozur? O, İddiaçı MMC-nin Sumqayıtdakı mağazasından həmin bu iddiada göstərilən planşetdən qabaq kreditə bir planşet götürmüşdür. Həm də qızıl zəmanətlə götürmüşdür. Krediti heç bir gecikmə olmadan qızıl zəmanətli olduğundan qiymətindən təxminən yüz manat artıqlaması ilə ödəmişdir. 1 illik krediti ödəyib qurtaran kimi planşet xarab olmuşdur. Qızıl zəmanətlə verilən planşet olduğuna görə həmin mağazaya gətirmişdir ki, təmir etsinlər. Onu göndərmişdirlər mağazanın Sumqayıtda 12-ci mikrorayonda yerləşən servis xidmətinə və o, planşeti təmirə vermişdir. Təxminən bir aydan sonra ona zəng etmişdirlər ki, servisə gəlsin və orda ona bildirmişdirlər ki, bu planşet təmir olunmur, get mağazadan sənə təzə planşet verəcəklərdir. O, yenidən həmin mağazaya qayıtmışdır. Servisdən ona verilən arayışı mağazanın əməkdaşına təqdim etmişdir. Həmin əməkdaş ona yeni planşet seçdirmiş və ona başqa əməkdaşa yönəltmişdir. Sənədləşmə işləri bitmiş, ona bir neçə kağıza qol çəkdirib bir nüsxəsini də ona vermişdirlər. Sevinə-sevinə evə gəlmiş, sənədlərə evdə baxanda görürəm ki, yeni kredit müqaviləsidir. O, yenidən mağazaya qayıtmış, iradını bildirmişdir. Əgər kreditlə təzəsini veriblərsə, qabaq götürdüyü planşetini də geri tələb etmişdir. Demişdirlər ki, müdiriyyətlə danışıb xəbər edəcəklər. O da həmin bu planşetin kreditini bir müddət ödəmiş və sonra ödəməmişdir ki, bəs axı o, qızıl zəmanətlə götürdüyü planşetə iki qat pul ödədiyi halda niyə təmir edib geri qaytarmamalıdır axı? İddiaçı MMC vətəndaşla yüz manat davasını edirsə, niyə o, təxminən 350 manatdan artıq pul verib aldığı planşetini onlara bağışlamalıdır ki? Hətta utanmadan məhkəmə rüsumunu da ona ödətdirmək istəyirlər. Məhkəməyə müraciət edən onun rüsumunu da özü ödəməlidir.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən planşet cavabdehə təhvil verilmişdir. Bir müddət sonra cavabdeh planşetinin təmirə ehtiyacı olduğunu bildirmişdir. Qızıl zəmanəti olduğu üçün planşet təmirə qəbul edilmişdir. Lakin təmirə yararsız olduğu üçün yeni planşet təklif edilmişdir. Yeni planşet 386 manat məbləğində olmuşdur. Əvvəlki planşet təxminən 200 manat məbləğində olduğu üçün kompensasiya edilmiş, və qalan məbləğ isə borc kimi hesablanmışdır. Cavabdeh qeyd olunan müqavilə üzrə 133,88 manat əsas borcu, 13,12 manat cərimə borcu olmaqla, ümumilikdə 147 manat borcu vardır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, qeyd olunan planşeti alarkən qızıl zəmanətə görə 100 manat da əlavə ödəniş etmişdir. Bir müddət sonra planşet xarab olmuş və buna görə onlarla əlaqə saxlamışdır. Daha sonra planşeti servisə göndərmiş və bununla bağlı ona qəbz verilmişdir. 1 ay yarım müddət keçdikdən sonra təzə planşetlə təmin edəcəklərini bildirmişdirlər. Elə bilmişdir ki, həmin planşet ona pulsuz veriləcəkdir. 200 manat məbləğində olan planşet seçmişdir. Daha sonra bilmişdir ki, təzə aldığı planşet ona kreditlə verilmişdir. Bir qədər krediti ödədikdən sonra ödənişləri dayandırmışdır. Tədqiq olunan sübutlar:

6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 13402485 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən imei kodu **********76807 olan, «Blackview TAB 8» markalı tablet almışdır.

7. Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 13402485 saylı müqavilənin predmeti olan əşyanı təhvil almışdır.

8. xx.xx.2022-ci il tarixli, 13402485 nömrəli alqı-satqı müqaviləsinə əlavədən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 15 noyabr 2022-ci il tarixdən 15 oktyabr 2023-cü il tarixədək hər ay 18,08 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

9. İddiaçı MMC tərəfindən tərtib edilmiş 28 mart 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlində qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 133,88 manat əsas borc, 13,12 manat cərimə olmaqla, cəmi 147 manat borcu vardır.

10. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən yuxarıda adı qeyd olunan müqavilə üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

14. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

15. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin predmeti olan əşya cavabdehə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli müqavilə üzrə satılan əşyanın ümumi qiyməti 216,96 manat müəyyən edilmiş və tərəflərin razılığına əsasən ödəniş müddəti 15 noyabr 2022-ci il tarixdən 15 oktyabr 2023-cü il tarixədək, ödəniş məbləği isə hər ay 18,08 manat olmaqla müəyyən edilmişdir.

16. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

17. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilənin predmeti olan əşyanı cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

18. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Məhkəmə cavabdehin sözügedən müqavilə üzrə satılmış malın əvvəl aralarında bağlanmış müqavilə üzrə satılmış malın əvəzi olaraq qızıl zəmanət əsasında verildiyinə görə onun dəyərini ödəməli olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 oktyabr 2022-ci il tarixli müqavilə və həmin müqaviləyə əlavə ilə sözügedən planşetin iddiaçıya satılması bunun müqabilində ödənişlərin məbləği və müddəti müəyyənləşdirilmişdir. Hətta cavabdeh özü də etiraf etmişdir ki, həmin məhsula görə bir neçə ay ödəniş də etmişdir. Lakin o, həmin müqavilənin onun iradəsinə zidd bağlanıldığını, habelə aldadıldığını təsdiq edən hər hansı bir sübutu isə məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

21. Məhkəmə iddianın cavabdehdən 13,12 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə əlavənin 2-ci bəndində qeyd edilmişdir ki, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir.

22. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 1 (iki) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

23. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 13402485 nömrəli müqavilə üzrə 133,88 manat əsas borc, 1 manat cərimə borcu olmaqla, cəmi 134 (yüz otuz dörd) manat, 88 (səksən səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 13402485 nömrəli müqavilə üzrə 133,88 manat əsas borc, 2 manat cərimə borcu olmaqla, cəmi 134 (yüz otuz dörd) manat, 88 (səksən səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar