Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3040/2022 25.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, X7 və X10 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29 ünvanında yerləşən 17 saylı mənzili 09 aprel 1996-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında qardaşı X1 almışdır. Əslində sözügedən mənzilin dəyəri tam olaraq oğlu İbrahimov Vüqar tərəfindən ödənilmişdir. Lakin o, Rusiya Federasiyasının vətəndaşı olduğu üçün onun istəyi ilə sənədləşmə qardaşı-dayısı İbrahimov Vəzirin adına edilmişdir. 30 aprel 1998-ci il tarixli müqavilə əsasında mənzil qardaşı İbrahimov Vəzir tərəfindən ona bağışlanmışdır. Oğlu Vüqar mənzilin dəyərini ödəsə də, işləri ilə əlaqədar olaraq Rusiya Federasiyasında yaşamış, sözü gedən mənzildə isə o və cavabdehlər- oğlu və onun ailə üzvləri ilə birlikdə yaşamışlar. Lakin son dövrlərdə cavabdehlər onun rahat yaşamağına imkan verilmirlər, buna görə də qızı ilə birlikdə yaşamaq məcburiyyətində qalmışdır. Oğlu Vüqar Azərbaycana gələrək mübahisəni sülh yolu ilə həll etməyə çalışmışdır. Belə ki, cavabdehlər də bilir ki, sözü gedən mənzil oğlu Vüqar tərəfindən alınmışdır, ata mülkü hesab edilmir. Mərhum həyat yoldaşı İbrahimov Katib hələ sağ ikən aralarında mübahisə olmasın deyə cavabdehlərə torpaq sahəsi almışdır. Bununla belə oğlu Vüqar da, o da mübahisənin məhkəmədən kənar həll edilməsini, cavabdehlərə kompensasiya ödəməklə mənzildən çıxmalarını təklif etsələr də, bu barədə dəfələrlə danışsalar da, heç bir nəticəsi olmamışdır. Cavabdehlərin hər gün bir bəhanə ilə ailədə söz-söhbət yaratması onu təngə gətirmişdir. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehlərə 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd edir ki, mənzil 4 otaqdan ibarətdir və hazırda həmin mənzildə cavabdehlərdən başqa 4 nəfər qeydiyyatdadır. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X4 10.000 (on min) manat məbləğində kompensasiya verməklə, onların xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29 ünvanında yerləşən 17 saylı mənzildən çıxarılmaları, onların yaşayış-istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X4 15.000 (on beş min) manat məbləğində kompensasiya verməklə, onların xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29 ünvanında yerləşən 17 saylı mənzildən çıxarılmaları, onların yaşayış-istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişlər ki, iddia tələbini qəbul etmirlər. Belə ki, həmin mənzildə 20 ilə yaxın müddətdir ki, yaşayırlar. Ev onlara verilən zaman yaşayış üçün yararsız halda olmuş, onlar həmin evi təmir etdirmişlər. Ümumiyyətlə orada yaşadıqları dövr ərzində həmin mənzil bir neçə dəfə onların vəsaiti hesabına təmir etdirilmişdir. İddiaçı tərəfindən təklif olunan 10000 (on min) manat kompensasiyaya Sumqayıt şəhərində heç bir otaqlı mənzil belə alına bilməz. İddiaçı onun doğma anasıdır. Onun və ailə üzvlərinin anası ilə heç bir problemi yoxdur. İddiaçı tərəfindən ona və ailə üzvlərinə heç vaxt yaşadıqları evi tərk etmələri və ya evdən çıxmaları tələb olunmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verib əlavə olaraq bildirdi ki, iddiaçı mübahisənin məhkəmədənkənar həll edilməsi üçün çox çalışmış, lakin heç bir nəticəsi olmamışdır. İddiaçının oğlu ilə heç bir problemi yoxdur, lakin gəlni ilə yola getmirlər. Onların birlikdə yaşaması mümkün deyildir. Həmçinin İddiaçı oğluna torpaq sahəsi də alıb vermişdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, mənzil qardaşı tərəfindən alınmışdır. Evin mülkiyyətçisi isə anasıdır. Anasını heç kim evdən qovmamışdır. Bacısının xəstə uşağına baxmaq üçün anası onlara gedir. Həftəsonu isə öz yaşadıqları evə qayıdır. Qardaşı ilə razılığa gəlmişlər, ona görə də iddia tələbini təmin olunmasına etirazı olmadığını bildirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.2-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən, yaşayış sahəsi 57.12 kv.m, köməkçi sahəsi 25.08 kv.m olan 29 №-li evin 17 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında vətəndaş İddiaçı adına 14№-li reyestr kitabında 19697№-li inventar işi olaraq qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29 ünvanında yerləşən, yaşayış sahəsi 57.12 kv.m olan 4 otaqlı 17 saylı mənzilin hazırki təxmini bazar qiyməti təmirsiz halda 65000-70000 manat, təmirli halda 70000-75000 manat, aylıq kirayə haqqı isə təmirsiz halda 200 manat, təmirli halda isə 250 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə, tərəflərin izahatlarını, işin məhkəmə iclasında araşdırılan hallarını, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumilikdə 15000 manat məbləğində kompensasiya verməklə onların və yetkinlik yaşına çatmayan X2 Sumqayıt şəhəri, 18-ci mikrorayon, 29 saylı evin, 17 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçı tərəfindən ödənilməli olan kompensasiya məbləğinin real bazar qiymətinə uyğun olması barədə məhkəməyə sübut təqdim edilmişdir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 azyaşlı X5 ilə birlikdə 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29 ünvanında yerləşən 17 saylı mənzildən çıxarılmalı və yaşayış-istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 azyaşlı X5 ilə birlikdə 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29 ünvanında yerləşən 17 saylı mənzildən çıxarılsın və yaşayış-istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-3040/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3040/2022
25.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver