Məhkəmə qərarları › İş №e-2(060)-3058/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3058/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3058/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 2 ədəd HOFFMANN markalı ventilyator üçün ödənilməmiş 230 manat borc, Saft Pioneer velosiped üçün ödənilməmiş 481 manat borc və Samsung LED markalı televizor üçün ödənilməmiş 1611 manat borc olmaqla, cəmi 2322 manat məbləğində pulun və 43.22 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 23.07.2020-ci il, 31.07.2020-ci il və 18.11.2020-ci il tarixli müqavilələrə əsasən Cavabdeh iddiaçıdan 2 ədəd HOFFMANN markalı ventilyator, Saft Pioneer velosiped və Samsung LED markalı televizor almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 292.8 manat olan (24 ay x 12.2 manat + 0 manat ilkin ödəniş) 2 ədəd HOFFMANN markalı ventilyator üçün 230 manat ödənilməmiş hissə, alqı-satqı qiyməti 549.6 manat olan (24 ay x 22.9 manat + 0 manat ilkin ödəniş) Saft Pioneer velosiped üçün 481 manat ödənilməmiş hissə və alqı-satqı qiyməti 1696 manat olan (18 ay x 89.5 manat + 85 manat ilkin ödəniş) Samsung LED markalı televizor üçün 1611 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 216.4 manat təşkil edir. Cavabdeh iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tərəflər arasında bağlanmış 23.07.2020-ci il, 31.07.2020-ci il və 18.11.2020-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh 2 ədəd HOFFMANN markalı ventilyator, Saft Pioneer velosiped və Samsung LED markalı televizor almışdır. - Əşyaların təhvil-təslim aktlarından görünür ki, 2 ədəd HOFFMANN markalı ventilyator, Saft Pioneer velosiped və Samsung LED markalı televizor Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 12.2 manat olmaqla, 292.8 manat dəyərində 2 ədəd HOFFMANN markalı ventilyator almışdır; 24 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 22.9 manat olmaqla, 549.6 manat dəyərində Saft Pioneer velosiped almışdır; 18 ay müddətinə, 85 manat ilkin ödənişlə, aylıq ödəniş 89.5 manat olmaqla, 1696 manat dəyərində Samsung LED markalı televizor almışdır. - Cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasına bağlanmış 23.07.2020-ci il, 31.07.2020-ci il və 18.11.2020-ci il tarixli müqavilələrə əsasən 2 ədəd HOFFMANN markalı ventilyator, Saft Pioneer velosiped və Samsung LED markalı televizor almış, onların 2538.4 manat olan ümumi dəyərindən 216.4 manat ödəniş etmiş və nəticədə 2322 manat borc yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış 23.07.2020-ci il, 31.07.2020-ci il və 18.11.2020-ci il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 2538.4 manat ümumi dəyərindən 216.4 manat ödəniş etmiş və nəticədə 2322 manat məbləğində borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 43.22 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2 ədəd HOFFMANN markalı ventilyator üçün 230 manat ödənilməmiş hissə, Saft Pioneer velosiped üçün 481 manat ödənilməmiş hissə və Samsung LED markalı televizor üçün 1611 manat ödənilməmiş hissə olmaqla, cəmi 2322 manat borc və 43.22 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar