Məhkəmə qərarları › İş №e-2(060)-3068/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3068/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3068/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 2500 manat məbləğində vurulmuş zərərin və 45 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17.02.2020-ci il tarixdə, saat 18:10 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ilə Bakı küçəsinin kəsişməsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində, cavabdehin idarə etdiyi ‘VAZ 2101” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Chevrole Cruze” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “VAZ 2101” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 16.08.2019-cu il tarixindən 16.08.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 05.05.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 2500 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 "xxxx" ASC-də olan hesabına ödənilmişdir. 06.03.2020-ci il tarixli, Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru X2 “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından və bunun əsasmda tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışından göründüyü kimi cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.3-cü maddələri ilə təqsirli bilinmişdir. İş materiallarından aydın görünür ki, cavabdeh alkoqollu içkinin qəbulu nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi faktı 984 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında öz təsdiqini tapmışdır. Həmçinin, cavabdeh 21.02.2020-ci il tarixli izahatında yol-nəqliyyat hadisəsindən əvvəl spirtli içki qəbul etdiyini qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 07.04.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1996-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumata əsasən, «VAZ 2101” markalı, **-LM-*** dövlət nömrə nişanlı markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 16.08.2019-cu il tarixində “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı tərəfindən cavabdeh barəsində 12.03.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda göstərilmişdir ki, cavabdehin idarə etdiyi «VAZ 2101” markalı, **-LM-*** dövlət nömrə nişanlı Sumqayıt şəhəri, Bakı küçəsində hərəkətdə olarkən yolun sağında dayanmış vəziyyətdə olan «Chevrolet Cruze» markalı, **-DP-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.3 və 333.4-cü maddələrində nəzardə tutulmuş inzibati xətalar törətmişdir. İşdə olan 14.03.2020-ci il tarixli qüsur aktına əsasən, «Chevrolet Cruze» markalı, **-DP-*** dövlət nömrə nişanlı markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 2500 manat məbləğində müəyyən edilmişdir. 05.05.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 2500 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 "xxxx" ASC-də olan hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Göründüyü kimi mülkiyyətçisi Gövhər Məcidova, hadisə baş verən anda sürücüsü Cavabdeh olan «VAZ 2101” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilməlidir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). Cavabdeh iddiaçı tərəfindən sığortalanmış avtomobilin sürücüsü olmaqla baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır (25.1.2.). İşdən göründüyü kimi cavabdeh yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmuşdur. Bu səbəbdən iddiaçının cavabdehə qarşı ödədiyi sığorta ödənişi həcmində subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçı tərəfindən «Chevrolet Cruze» markalı, **-DP-*** dövlət nömrə nişanlı markalı avtomobilə dəymiş ziyana görə ödənilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 45 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2500 (iki min beş yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 45 manat dövlət rüsumu cavabdeh xx.xx.1996-cı ildə, Sumqayıt şəhərində anadan olmuş Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar