Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3116/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi) qarşı magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Cavabdeh Ağaəli oğluna qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) magistral qaz kəmərinin Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsindən keçən hissəsində, 39 T 382655.21; 4491121.75 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh–Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) magistral qaz kəmərinin Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, 39 T 382655.21; 4491121.75 koordinatı üzrə daha dəqiqliklə qaz kəmərindən “1 (bir)” metr məsafədə qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəflərindən xx.xx.2022-ci il tarixli MV-01/539 saylı məktubla Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına, xx.xx.2022-ci il tarixli MV-01/537 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2022-ci il tarixli MV-01/538 saylı məktubla Fövqəladə Hallar Nazirliyi X2 Görülməsi və X4 Agentliyinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 iyul 2022-ci il tarixli **********87 saylı cavab məktubunda bildirilir ki, Xidmətin Sumqayıt ərazi şöbəsinin işçiləri tərəfindən qeyd edilən məsələ araşdırılan zaman qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və icarə hüquqları olmadan qaz kəmərinin mühafizə zonasında fərdi yaşayış məqsədilə tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır. xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsi ərazisində 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qaz kəmərinin «1 (bir)» metrliyində qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilməsi barədə 5 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir. Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsi ərazisində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa etmiş Cavabdeh onun tərəfindən inşa edilmiş tikililərin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilmiş, lakin Cavabdeh xəbərdarlıq məktubunu qəbul etməmişdir. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh, Cavabdeh mühafizə zonasında inşa etdiyi tikililər həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, hesab edilir ki, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Bundan əlavə, “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Bu məqsədlə də aidiyyəti icra hakimiyyəti orqanına müvafiq yazışmalar edilmişdir. Qanunun tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda göstərdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 07 noyabr 2023-cü il tarixində məhkəmənin hazırlıq iclasında məhkəmə tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini, qeyd olunan tikili yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında inşa olunduğundan cavabdehin və ailəsinin həyatı üçün çox böyük təhlükə olduğunu bildirmişdir. Həmçinin orada qaz sızma təhlükəsi vardır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozulduğundan həmin yaşayış evi sökülməlidir. 18 may 2022-ci il tarixində akt tərtib olunmuş və həmin akta əsasən Cavabdeh xəbərdarlıq edilmişdir. Həmin akta yaşayış evinin fotoşəkli də əlavə olunmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq yaşayış evinin ətrafına hasar tikmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Buna görə də məhkəmə MPM-nin 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. 07 noyabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, mənzil 5-6 ildir ki, tikilmişdir. 18 metr də qaz xəttindən aralıda tikilmişdir. Qanuna görə isə 12 metr aralı tikilməlidir. İddia ərizəsində yazmışdır ki, 1 metr ərazi qanunsuz tikilmiş, lakin orda evlər var ki, 5 metr məsafədədir. Heç kim ona məlumat verməmişdir. Nə Bələdiyyə, nə də İcra Hakimiyyəti ona məlumat verməmişdir. Qaz idarəsinin işçiləri gəlmiş və yoxlamışlar, evi tikəndən sonra bildirmişlər ki, mühafizə zonasına düşür. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Abşeron MQKS-nin nümayəndələri tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Dövlət Tikinti Normativləri 2.9-2 X5 Layihələndirmə Normalarının tələbləri pozularaq Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yaşayan Cavabdeh tərəfindən 530 mm-lik 25 atmosfer təzyiqli Qaradağ- Sumqayıt magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 1 metr məsafədə yarım tikili daş hasar içərisində yaşayış evi inşa olunmuşdur. İş materiallarında qaz kəməri keçən hissədə daş hasar və fərdi yaşayış evinin olduğu, akta əlavə olunmuş fotoşəkil mövcuddur. İşdə olan Abşeron MQKS-in rəisinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələblərini pozaraq Abşeron X7 Sahəsinə məxsus 530 mm-lik 25 kq/sm2 yüksək təzyiqli «Qaradağ-Sumqayıt» magistral qaz kəmərinin mühafizə (qoruq) zonasında 47-ci km-də kəmərə 1 metr məsafədə eni 12 metr, uzunluğu 8 metr olan yarımtikili daş hasar içərisində yaşayış evi magistral qaz kəmərinin mühafizə (qoruq) zonasında olmaqla vətəndaşların həyatına və qaz kəmərinin gələcək iş fəaliyyətinə ciddi təhlükə yaratmışdır. Belə ki, magistral qaz kəmərinin mühafizə zonasında hər hansı tikinti işləri aparılması, qanunsuz yol keçidləri salınması, qazıntı işləri aparılması və s. yüksək partlayış və qarşısıalınmaz bədbəxt hadisələr törədə biləcəyinə zəmin yaradır. Bu səbəblərdən də yarımtikili daş hasarı içərisində yaşayış evi ləğv edilərək magistral qaz kəmərindən 50 metr kənarlaşdırmalıdır. İşdə olan “Abşeron” Magistral X6 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli, MV- 01/537 nömrəli “mühafizə zonasının pozulması barədə” məktubdan görünür ki, “SOCAR” “Qaz İxrac” İdarəsinin struktur bölməsi olan Abşeron Magistral X6 istismarında olan “Qaradağ-Sumqayıt” (0530 mm-lik, yerüstü) magistral qaz kəmərinin 47-ci km-də Sumqayıt şəhəri, Sumqayıt stansiyası adlanan ərazidə (kordinat 39T 382655.** MB ***1121.75 MC) vətəndaş Cavabdeh Ağaəli oğlu (***-***-**-**) tərəfindən qaz kəmərindən 1 metr məsafədə, yəni qaz kəmərinin mühafizə zonasında uzunluğu 12 metr, eni 8 metr olan yarımtikili daş hasar və fərdi yaşayış evi tikdirməsi məlum olmuşdur. Magistral qaz kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh Ağaəli oğlu tərəfindən aparılan tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə ziddir. Belə ki, həmin kəmərlə yüksək təzyiqlə təbii qaz nəql edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarının müddəalarına əsasən qaz kəmərlərinin, qazpaylayıcı stansiyaların (QPS), qaztənzimləyici məntəqələrin (QTM), qaz avadanlıqlarının mühafizə tədbirlərindən biri də qaz kəmərləri yerləşən zonaların kənar təsirlərdən qorunması və onların fəaliyyətlərini məhdudlaşdıran maneələrin olmamasıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında” Əsasnamənin 7, 9.5 və 11.1 -ci, habelə 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”sinin 3.0.36-cı bəndini rəhbər tutaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qeyd edilən qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikintinin dayandırılaraq sökülməsi və torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin olubolmamasının müəyyən edilməsi üçün müvafiq köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan “Abşeron” Magistral X6 Fövqəİadə Hallar Nazirliyi, X2 Görülməsi və X4 Agentliyinə və Sumqayıt şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli, MV-01/538 saylı və xx.xx.2022-ci il tarixli, MV-01/539 saylı məktublarından görünür ki, “SOCAR” “Qaz İxrac” İdarəsinin struktur bölməsi olan Abşeron Magistral X6 istismarında olan “Qaradağ-Sumqayıt” (0530 mm-lik, yerüstü) magistral qaz kəmərinin 47-ci km-də Sumqayıt şəhəri, Sumqayıt stansiyası adlanan ərazidə vətəndaş Cavabdeh Ağaəli oğlu (***-***-**-**) tərəfindən qaz kəmərindən 1 metr məsafədə, yəni qaz kəmərinin mühafizə zonasında uzunluğu 12 metr, eni 8 metr olan yarımtikili daş hasar və fərdi yaşayış evi tikdirməsi məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarf’nın 2.11 -ci bəndinin “a” hissəsinə əsasən, X5nin mühafizə zonalarında hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Həmin Qaydaların 2.26-cı yarımbəndinə əsasən, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində, kəmərləri istismar edən hüquqi şəxslərə maksimal kömək göstərməli və Qaydaların tələblərinin bütün hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsini təmin etməli, kəmərlərdə qəzaların və onların nəticələrinin ləğv edilməsində yardım göstərməlidirlər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci, habelə 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1, 4.2 və 4.3-cü bəndlərini rəhbər tutaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikinti işlərinin dayandırılması və tikilinin sökülməsi üçün müvafiq köməklik göstərilməsini xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Abşeron X7 Sahəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsi Abşeron Magistral X6 istismarında olan Sumqayıt şəhər ərazilərində torpaq qanunvericiliyinin tələblərinin pozulması halının qarşısının alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş müraciətlərinə aidiyyəti üzrə baxılmışdır. Müraciətdə qeyd olunan məsələlər Xidmətin Sumqayıt ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman sözügedən torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işinin aparılması faktı müəyyən edilmişdir. Göstəriləni, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 9.5-ci yarımbəndini nəzərə alaraq, qeyd edilən torpaq sahəsinin özbaşına tutulması (zəbt edilməsi), həmçinin qanunvericilikdə nəzərdə tutulmayan qaydada tikinti işlərinin aparılması hallarının qarşısının alınması məqsədilə həmin şəxslərin müəyyən edilərək barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tədbirlərin görülməsi məqsədilə məlumatlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, iş üzrə mülki işin icraatı isə dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/4296 nömrəli rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində mövcud olan metal tordan hasarın və mişar daşından inşa olunmuş fərdi yaşayış evinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametri “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) magistral qaz kəmərindən müvafiq olaraq 8 və 18 metr məsafələrdə yerləşdiyini nəzərə alaraq həmin metal torun və fərdi yaşayış evinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarının 2.7-ci bəndinin tələblərinə əsasən magistral qaz xəttinin mühafizə zonasında inşa edildiyi müəyyən olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh Ağaəli oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə «50 m» keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.11-ci bəndinin “a” hissəsinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərini aparması qadağandır. Həmin bəndin ikinci abzasına əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri X5ni istismar edən «Dövlət Neft Şirkətinin yerli orqanları» tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən, X5nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin Qaydaların 2.27-ci bəndinə görə, bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar respublikanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə əsasən qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə əsasən bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2). Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi iddia tələbinin əsası kimi istinad etdiyi halları - Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və yarımtikili fərdi yaşayış evinin qaz kəmərinin mühafizə zonasında yerləşdiyi iş materiallarında olan sənədlər və işin araşdırılan hallarına əsasən (ekspert rəyi) təsdiq edilərək sübut olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/4296 nömrəli rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində mövcud olan metal tordan hasarın və mişar daşından inşa olunmuş fərdi yaşayış evinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametri “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) magistral qaz kəmərindən müvafiq olaraq 8 və 18 metr məsafələrdə yerləşdiyini nəzərə alaraq həmin metal torun və fərdi yaşayış evinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarının 2.7-ci bəndinin tələblərinə əsasən magistral qaz xəttinin mühafizə zonasında inşa edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) magistral qaz kəmərinin Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsindən keçən hissəsində 39 T 382655.21; 4491121.75 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evi Cavabdeh hesabına sökülməli, tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 100 manat dövlət rusumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X6 balans və istismarında olan 530 mm diametrli «Qaradağ- Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) magistral qaz kəmərinin Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsindən keçən hissəsində 39 T 382655.21; 4491121.75 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evi Cavabdeh hesabına sökülsün, tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-3116/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3116/2023
06.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver