Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3123/2023 25.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı İB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən İddiaçı Sumqayıt X1 məxsus d=159 mm-lik orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonasında, qeyriqanuni olaraq əlavə tikili cavabdehlərin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılmasını və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçının hesabına ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh2 “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında (Azərbaycan Respublikası Nazirlər kabinetinin 103 saylı xx.xx.1999- cu il tarixli Qərarı),11 Texniki təhlükəsizlik haqqında 773-10 Q saylı, xx.xx.1999-cu il tarixli Qanunun tələblərini və “Qaz təchizatında texniki təhlükəsizlik Qaydaları”nı kobud şəkildə pozaraq Sumqayıt şəhəri, 5-ci məhəllə ünvanından keçən d=159 mm-lik orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonasında, qeyri-qanuni olaraq əlavə tikili inşa etmişdir. Bu səbəbdən də qaz kəmərinə vaxtı-vaxtında texniki xidmət göstərilməsi mümkün olmur ki, bu da potensial təhlükə mənbəyi olmaqla bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. İddiaçılstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsi tərəfindən cavabdehə qanunsuz inşa olunmuş tiklinin sökülməsi ilə bağlı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tikili bu günə kimi sökülməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, cavabdehlərdən Cavabdeh1 fərdi sahibkar statusuna malik olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmamışdır. Belə ki, iddia tələb yalnız tikilinin sökülməsi ilə bağlıdır. Digər cavabdeh (qeri yaşayış sahəsinin mülkiyyətçisi) isə fərdi sahibkar statusuna malik deyildir. Bu səbəbdən mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, sözügedən obyektdən icarə müqaviləsi əsasında çörəkbişirmə sexi kimi istifadə edir. Onun fərdi sahibkar statusu vardır. Obyektin mülkiyyətçisi Cavabdeh2dur. İşə mahiyyəti üzrə baxılması və ya məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Obyekti Cavabdeh1 icarəyə vermişdir. İşə mahiyyəti üzrə baxılması və ya məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (24.2). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (25.1). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (26.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12.). Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir (13.). Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır( 14.). Qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçı iddia ərizəsində ilkin olaraq öz tələbini sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsindən icarə müqaviləsi əsasında istifadə edən Cavabdeh1 qarşı yönəltmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh1 fərdi sahibkar statusuna malikdir. Beləliklə mübahisənin bir tərəfi hüquqi şəxs, digər tərəfi isə fərdi sahibkardır. Yəni, subyekt tərkibinə görə mübahisənin kommersiya məhkəməsinə aid olması mübahisəsizdir. Eyni zamanda Cavabdeh1 iddiaçının sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsindən ticarət obyekti kimi, yəni sahibkarlıq məqsədi üçün istifadə edir. Yəni, iddiaçı məhz cavabdehin öz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsinin sökülməsini tələb edir. Bu isə mübahisənin cavabdehin sahibkarlıq fəaliyyətinə birbaşa təsir göstərir. Bu səbəbdən məhkəmə hesab iddiaçı ilə Cavabdeh1 arasında olan hazırkı mübahisə kommersiya mübahisəsidir. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə Cavabdeh1 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh2la əvəz edilməsi təklif edilsə də, o bununla razılaşmamış, iddia tələbinin həcmini artıraraq Cavabdeh2 da cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 16-cı bəndində göstərilmişdir ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. İddiaçının tələbini yönəltdiyi digər Cavabdeh2 fərdi sahibkar statusuna malik olmasa da, iddiaçı ilə Cavabdeh1 arasında olan hazırkı mübahisə kommersiya mübahisəsi olduğu üçün işə ümumilikdə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 qeydiyyat yeri Sumqayıt şəhəri olduğu üçün hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 30, 395 və 396-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi və digər tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-3123/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3123/2023
25.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver