Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-313/2025 27.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 26 mart 2022-ci il tarixli MAS-4954 saylı "xxxx" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 iyun 2024-cü il tarixə 284.47 manat gecikdirilmiş əsas, 103.80 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 328.53 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1929.30 manat, ümumilikdə 2646.10 manat borc və ödənilmiş 46.47 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 26 mart 2022-ci il tarixli MAS-4954 saylı "xxxx" müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 iyun 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1929.30 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh1 MAS- 4954 saylı "xxxx" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 iyun 2024-cü il tarixə ümumilikdə 716.80 manat məbləğində gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında X1 cavabdeh qismində tanınaraq məhkəmə iclasına dəvət edilmişdir. Məhkəmə baxış iclasında İddiaçı MMC-nin nümayəndəsi X7 izahatında iddia tələbini müdafiə etdiyini bildirirərək qeyd etdi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında daxili lizinq müqaviləsi bağlanaraq onun istifadəsinə avtomobil keçmişdir. Öhdəlik başqasının adına keçməmişdir. Müqavilə Cavabdeh1 ilə bağlanmışdır. Eminin xahişi ilə Cavabdeh2 4-5 dəfə yol vərəqəsi verilmişdir. Müqavilənin şərtlərindən də öhdəliyin ötürülməsi yoxdur. Həmçinin digər şərtə görə müqaviləni bağlayan şəxs başqa şəxslərə yol vərəqəsi verə bilər. Cavabdeh Xəlilov X4 gedərək, maşını Cavabdeh2 satmışdır. Həmçinin ona etibarnamə versə də, etibarnamənin müddəti keçmişdir. Maşına vurulan ziyan üçün kompensasiyanı Cavabdeh1 Cavabdeh2 tələb etsin. Əlavə olaraq qeyd etdi ki, ekspert rəyi ilə tanışdır və mübahisənin həllini məhkəmənin mülahizəsinə verir. Məhkəmə baxış iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Cavabdeh2 1 il 4 ay müddətinə etibarnamə verilmişdir. Maşın 2023-cü ilin aprel ayından onun istifadəsindədir. Onun təqdim etdiyi sübutlardan da görünür ki, Cavabdeh2 cərimələyiblər. Məhkəmə, baxış iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 26 mart 2022-ciil tarixli MAS- 4954 nömrəli “Daxili lizinq müqaviləsi”ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı boz rəngli, “Khazar SD” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilini muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq obyekti lizinqalan tərəfindən seçilib. Bu lizinq müqaviləsinin əsas məbləğini 17000 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 3000 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3000 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətinə illik 17.5% həcmində mükafat məbləği hesablanır. - 26 mart 2022-ci il tarixli MAS-4954 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bu əlavənin predmetini tərəflər arasında bağlanmış 26 mart 2022-ci il tarixli MAS-4954 nömrəli "xxxx" müqaviləsi üzrə əldə olunan əmlakın adı komplektliyi və dəyəri təşkil edir. Lizinq obyektinə aşağıda göstərilən siyahıya uyğun olaraq 17000 manat məbləğində olan avtomobil daxildir. Avtomobilin göstəriciləri: “Khazar SD” markalı, **-PN- *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE440587 ban nömrəli, boz rəngli avtomobil. - 02.09.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024cü il tarixə 284.47 manat əsas, 103.80 manat mükafat və həmin günə hesablanmış 328.53 manat cərimə, cəmi 716.80 manat borcu vardır. - 26 mart 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD" markalı, 77- PN-850 dövlət qeydiyyat nişanlı, İddiaçı MMC-nin mülkiyyətində olan avtomobili Cavabdeh1 təhvil alınmışdır. - 05.09.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 46.47 manat dövlət rüsumu ödəmişdir. - İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - X11 MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Khazar SD" markalı, 77- PN-850 dövlət qeydiyyat nişanlı, İddiaçı MMC-nin mülkiyyətində olan avtomobilinə yekun ödəniləcək məbləğ 1929.30 manat təşkil edir. - 05 iyun 2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, İddiaçı MMC etibarnamə üzrə nümayəndəsi X5 digər tərəfdən isə X8 öz imzalarıyla təsdiq etmşdirlər ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə İddiaçı MMC şirkətinə məxsus olan “Khazar SD" markalı, 77- PN-850 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini aparmışdırlar.Nəqliyyat vasitəsinin qabaq bufer əzilmiş,cızılmış hissələri,sağ-sol qabaq faralar,sınıq cəzəqlar,batıqlar mövcuddur. - 28 aprel 2025-ci il tarixli, 9/9067 nömrəli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X11” MMC tərəfndən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında 2022-ci il buraxılışlı, boz rəngli “Khazar SD" markalı, 77- PN-850 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ƏDV daxil nəzəri hesablama yolu ilə təxminən 1635 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə 50 manat xərc çəkilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 26 mart 2022ci il tarixli, MAS-4954 saylı "xxxx" müqaviləsi imzalanmışdır. İddiaçı MMC sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, “Daxili lizinq müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Lizinq münasibətlərindən irəli gələn münasibətləri tənzimləyən Mülki Məcəllənin maddələrinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (747.1). Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur (747.2). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (748-10.1). Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir (748-10.2). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (748-1.8). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (748-2.1). Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (748-2.3). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (748-1.12) Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə yaranmış 284.47 manat əsas borcun və 103.80 manat məbləğində mükafatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 328.53 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 100 manat pul tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehdən lizinq obyekti olan avtomobilə dəymiş zərərə görə 1635 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi hissəsində də iddia tələbi əsaslıdır. Belə ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.1-ci maddəsinə əsasən təhviltəslim aktı imzalandğı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Həmin müqavilənin 10.5-ci bəndinə əsasən lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir. İşdə olan ekspert rəyindən görünür ki, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 1635 manatdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Khazar SD” markalı, **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində olduğu zaman ona 1635 manat məbləğində ziyan dəymişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər - 1635 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41.23 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manatın 10 %-i, yəni 5 manatı İddiaçı MMC-dən, 95 %-i, yəni 45 manatı isə Cavabdeh1 tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 26 mart 2022-ci il tarixli MAS-4954 saylı "xxxx" müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 284.47 (iki yüz səksən dörd manat qırx yeddi qəpik) manat gecikdirilmiş əsas borc, 103.80 (bir yüz üç manat səksən qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 100 (bir yüz) manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərə görə 1635 (bir min altı yüz otuz beş) manat, cəmi 2123.27 (iki min yüz iyirmi üç manat iyirmi yeddi qəpik) manat borc və ödənilmiş 41.23 (qırx bir manat iyirmi üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın 10 %-i, yəni 5 (beş) manatı İddiaçı MMC-dən, 90 %-i, yəni 45 (qırx beş) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-313/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-313/2025
27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver