Məhkəmə qərarları › İş №e-2(060)-3235/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3235/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3235/2022 27.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 190 (bir yüz doxsan) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz, 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 220,40 (iki yüz iyirmi manat, 40 qəpik) manat vəsaitin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, 06.03.2021-ci il tarixində, saat 18:15-də Bakı şəhərində yolnəqliyyat hadisəsi baş vermişdir. Belə ki, X2 məxsus və etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan “OPEL ZAFİRA MİNİK” markalı, 90ZB825 dövlət qeydiyyat nişanlı avtomobillə X1 məxsus və onun tərəfindən idarə olunan “TOYOTA COROLLA MİNİK” markalı, 90ZN917 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “OPEL ZAFİRA MİNİK” markalı, 90ZB825 dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) sığortalanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında İXP ******* nömrəli Protokola əsasən, hadisədə “OPEL ZAFİRA MİNİK” markalı, 90ZB825 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsini pozmaqda təqsirli hesab edilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş 09.04.2021-ci il tarixli zərər aktına əsasən “TOYOTA COROLLA MİNİK” markalı, 90ZN917 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 190 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, iş üzrə 4181 nömrəli sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən zərərçəkən X1 190 (bir yüz doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq 190 manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən zərərçəkənə ödənildiyindən, Şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələbinə görə, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə,başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər də daxildir. Ona görə də, zərərçəkənə ödənilmiş məbləğin əvəzi olaraq 190 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun Cavabdeh Şirkətin xeyrinə tutulması barədə qətnamənin çıxarılması üçün Şirkət tərəfindən məhkəməyə müraciət edilməsinə əsas yaranmışdır. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış 17.11.2021-ci il tarixli, 03/346 saylı pretenziya məktubunun surətindən görünür ki, şirkət tərəfindən həyata keçirilmiş 190 manat sığorta ödənişinin ödənilməsi onlara təklif edilmiş, əks halda, bununla əlaqədar, həmin sığorta şirkətinin məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan 14.04.2021-cu il tarixli, 4181 saylı sığorta ödənişi ilə bağlı aktdan görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X1 190 manat ödəniş edilmişdir. İşdə olan 09.04.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “TOYOTA COROLLA MİNİK” markalı, 90ZN917 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi ümumilikdə 190 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “OPEL ZAFİRA MİNİK” markalı, 90ZB825 dövlət qeydiyyat nişanlı avtomobil 01.01.2021-ci ildən 02.01.2022-ci ilədək Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan 05.04.2021-ci il tarixli məktubdan görünür ki, X3 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus “OPEL ZAFİRA MİNİK” markalı, 90ZB825 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. İşdə olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, etibarnamə əsasında Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “OPEL ZAFİRA MİNİK” markalı, 90ZB825 dövlət qeydiyyat nişanlı avtomobillə X1 məxsus və onun tərəfindən idarə olunan “TOYOTA COROLLA MİNİK” markalı, 90ZN917 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə “OPEL ZAFİRA MİNİK” markalı, 90ZB825 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Pİnin DYPŞ-nin 20.03.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında iş üzrə protokolunun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 06.03.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “OPEL ZAFİRA MİNİK” markalı, 90ZB825 dövlət qeydiyyat nişanlı avtomobillə X1 məxsus və onun tərəfindən idarə olunan “TOYOTA COROLLA MİNİK” markalı, 90ZN917 avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomaşına maddi zərər dəymişdir. Cavabdeh hadisə yerindən yayınmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 190 manat sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “OPEL ZAFİRA MİNİK” markalı, 90ZB825 dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmışdır. Bu səbəbdən iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkəti ödədiyi 190 manat sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30,40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 190 (bir yüz doxsan) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar