Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3337/2024 05.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh S3K5821008 nömrəli, 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə 203 manat əsas, 61 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 294 manat pulun İddiaçı xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, 27 dekabr 2019-cu il tarixdə Cavabdeh ilə aralarında S3K5821008 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən iddiaçı 319 manat dəyərində 1 ədəd “Samsung Galaxy A10” markalı telefon alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən alıcı 7 manat ilkin ödəniş olmaqla, qalan 312 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 26 manat olmaqla, hər ayın 26-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 203 manat əsas, 61 manat dəbbə pulu olmaqla, 264 manat borcu yaranmışdır. Alıcı tərəfindən S3K5821008 nömrəli, 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 5 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.
Tədqiq olunan sübutlar:
3. İddiaçı ilə Cavabdeh arasında bağlanmış S3K5821008 nömrəli, 27 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 1 ədəd “Samsung Galaxy A10” markalı telefon almışdır.
4. S3K5821008 saylı ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər alqısatqı predmeti olmuş mal üçün 26 yanvar 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək hər ay 26 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.
5. S3K5821008 nömrəli, 27 dekabr 2019-cu il tarixli qaimədən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 319 manat olan 1 ədəd “Samsung Galaxy A10” markalı telefonu təhvil almışdır.
6. İddiaçı tərəfindən tərtib edilmiş 15 aprel 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh S3K5821008 nömrəli, 27 dekabr 2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə 203 manat əsas borc, 61 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 294 manat borcu vardır.
7. 03.04.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehdən S3K5821008 nömrəli, 27 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 5 təqvim günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə “pul tələbinə dair” ərizə ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.
12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
13. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
14. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin predmeti olan əşya cavabdehə təhvil verilmiş, əşyanın ümumi qiyməti 319 manat müəyyən edilmiş və tərəflərin razılığına əsasən ödəniş müddəti 26 yanvar 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək, ödəniş məbləği isə hər ay 26 manat məbləğində olmaqla müəyyən edilmişdir.
15. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
16. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilənin predmeti olan əşyanı cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
17. Məhkəmə tərəfindən cavabdehə iddiaya qarşı etirazını məhkəməyə təqdim etmək hüququnun, həmçinin digər hüquq və vəzifələrinin izahı ilə bağlı bildiriş göndərilmiş, lakin həmin bildiriş cavabdehin iddia ərizəsində qeyd olunan ünvandan köçməsi səbəbindən geri qaytarılmışdır.
18. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə iddianın cavabdehdən 61 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir.
21. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 5 (beş) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.
22. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh S3K5821008 nömrəli, 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc qismində 203 manat, cərimə borcu qismində 5 manat, cəmi 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh S3K5821008 nömrəli, 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc qismində 203 manat, cərimə borcu qismində 5 manat, cəmi 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva