Məhkəmə qərarları › İş №e-2(060)-3390/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3390/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3390/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2018-ci il tarixli №010126715 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 143,1 manat əsas, 21,4 manat cərimə, cəmi 164,5 manat borc; xx.xx.2018-ci il tarixli №010182073 saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 301 manat əsas, 45,1 manat cərimə cəmi 346,1 manat borc, ümumilikdə iki müqavilə üzrə 444,1 manat əsas, 66,5 AZN cərimə, 510,6 manat cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər 72 manat olmaqla cəmi 859 manat, xx.xx.2018-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı «Samsung” markalı telefona görə 6 ay ödəniş cədvəli üzrə hər 100 manat olmaqla cəmi 599 manat ümumilikdə hər iki müqavilə üzrə 1458 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2017-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixində 76 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə xx.xx.2018-ci il tarixində 101 manat ödəniş etmiş, hər iki müqavilə üzrə ümumilikdə qalıq qalmış 444,1 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu iki müqavilə üzrə 665 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 665 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 66,5 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nə olan borcu xx.xx.2018-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 693,4 əsas, 104 manat cərimə, cəmi 797,4 manat, xx.xx.2018-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 246,8 əsas, 37 manat cərimə, cəmi 283,8 manat, ümumilikdə iki müqavilə üzrə 940,2 manat əsas, 141 manat cərimə, cəmi 1081,2 manat təşkil etmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlət Cavabdeh2 və Cavabdeh1 iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ********* saylı (müddətli) nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 aldığı Samsung markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 72 manat olmaqla cəmi 859 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı "xxxx" MMC-yə ********* saylı, xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 143,1 manat əsas borc, 21,4 manat cərimə borcu olmaqla, cəmi 164,50 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ********* saylı (müddətli) nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı «Samsung” markalı telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla cəmi 599 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçı "xxxx" MMC-yə ********* saylı, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 301 manat əsas borc, 45,1 manat cərimə borcu olmaqla, cəmi 346,1 manat ödənilməmiş borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Nəticədə cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.4-ci maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 iddiaçıdan nisyə alqı-satqı müqavilələrinə əsasən aldığı məhsullar üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən öhdəliklərini icra etməyərək həmin müqavilələrin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehlərdən eyni zamanda hesablanmış xx.xx.2017-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 21,4 manat, xx.xx.2018-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 45,1 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2017-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 5 manat, xx.xx.2018-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 10 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 459,1 manat olduğundan ((143,1+301) manat əsas+(5+10) manat cərimə=459,1) iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 30 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2017-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023cü il tarixinə yaranmış borcu 143,1 əsas, 5 manat cərimə, cəmi 148,1 manat, xx.xx.2018-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 301 əsas, 10 manat cərimə, cəmi 311 manat, ümumilikdə iki müqavilə üzrə 444,1 manat əsas, 15 manat cərimə, cəmi 459,1 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1, 284- 5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada;

1. xx.xx.2017-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 143,1 manat əsas borc, 5 manat cərimə borcu, cəmi 148,1 manat borc;

2. xx.xx.2018-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 301 əsas borc, 10 manat cərimə borcu, cəmi 311 manat borc; ümumilikdə iki müqavilə üzrə 459,1 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar