Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3453/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada müqavilə üzrə 1740 manat əsas borc, 343,48 manat cərimə olmaqla, cəmi 2083,48 manat borcun və 40,83 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19.01.2020-ci il tarixli, SMTK01371 nömrəli nisyə satış müqaviləsinə əsasən 2298 manat məbləğində məişət məhsulunu nisyə satmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borclu dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 22.04.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehlərin iddia tələbi ilə bağlı etirazları məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan cavabdehin şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1991-ci ildə anadan olmuşdur. Digər Cavabdeh1 isə xx.xx.1962-ci ildə, Yevlax şəhərində anadan olmuşdur. O, Sumqayıt şəhəri, X1, ev B-237 ünvanında qeydiyyatdadır. 19.01.2020-ci il tarixli, SMTK01371 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə 2298 manat məbləğinə məhsulu 13 ay müddətinə kreditlə - nisyə satmağı, cavabdeh isə həmin əşyaya görə ödəniş cədvəlinə əsasən müəyyən edilmiş müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 iddiaçı qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Nisyə satış müqaviləsinə 1 nömrəli əlavəyə əsasən cavabdeh 13 ay müddətində hər ay 158 manat, sonuncu ay isə 160 manat ödəniş etməli idi. İşdə olan təhvil-təslim aktına əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə təhvil vermişdir. İşə əlavə edilmiş 04.04.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin nisyə satış müqaviləsi üzrə 1740 manat əsas borc, 343,48 manat cərimə borcu olmaqla, cəmi 2083,48 manat borcu vardır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı olaraq bildiriş (xəbərdarlıq) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 257-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya 1740 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (425). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir (284-6.1.) Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1740 manat əsas borc məbləğinə 343,48 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 170 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi nisyə satış müqaviləsinin icra müddəti 19.02.2021-ci il tarixində bitmişdir. Lakin iddia ərizəsi 1 illik müddəti ötürməklə 25.04.2022-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbi zaminə aid hissədə təmin edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40,83 manat dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 284 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1740 manat əsas borc, 170 manat dəbbə pulu olmaqla, 1910 (min doqquz yüz on) manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-3453/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3453/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver